Farsca “it” mənasını verən səg və ərəb mənşəli rəqib sözlərindən əmələ gəlib, it rəqib, it xasiyyətli rəqib mənasını verir.
Dialektlərdə seyrəqub “xəbərçi, araqarışdıran” mənalarında işlənir. Dastanlarda müxtəlif fonetik variantlarda rast gəlinir. Xalq arasında şoğərib şəklində də işlənir.
Sallana-sallana gələn Salatın,
Gəl belə sallanma, göz dəyər sana.
Al yaşılı geyib, qarşıda durma,
Saqın səryağıbdan söz dəyər sana.
(“Qurbani”)
*
Danışırıq biz qeybdən,
Xəbərin yoxdu eyibdən.
Qorxuram mən səyrəğibdən,
Nə yatıbsan, Tahir Mirzə?!
(“Tahir və Zöhrə”)
*
Yarım yenə çıxıb gülşən seyrinə
Ətrafında bağça necə, bağ necə?
Səryaqıbın tənə-tənə sözləri,
Sinəm üstə düyün necə, dağ necə?
(“Şah İsmayıl”)
*
Yəqin bil ki, Şah İsmayıl özüdü,
İnanmayın, səyraqıbın sözüdü,
Ərin yaraşığı iki gözüdü,
Amandı, şah baba, zay etmə məni!
(“Şah İsmayıl”)
*
Qədəm basıb hüzuruna gəlmişəm,
Qaragözlü mehribanım, oyan, yar!
Seyraqıblar girib canım qəsdinə,
Qaragözlü mehribanım, oyan, yar!
(“Leyli və Məcnun”)
*
Vəfalı yar, durub baxma yoluma,
Mən daha məktəbə gələn deyiləm.
Seyrağıblar vaqif oldu halıma,
Mən daha məktəbə gələn deyiləm.
(“Leyli və Məcnun”)
*
Neçə sözlərin dildədi,
Seyrağib sağı-soldadı.
Yarımın gözü yoldadı,
Halal eylə, hümbət eylə!
(“Müğüm şah”)
*
Gəl söylə eldən, ulusdan,
Seyraqıb çıxmasın yoldan.
Mehriban Mələktavusdan,
Xəbər ver sən bizə, çoban.
(“Dilsuz və Xəzangül”)
*
Ahımdan asiman yanar,
İndi seryaqıb oyanar.
(“Dilsuz və Xəzangül”)
Qeyd: Dilimizdə səksən sayı ilə yanaşı, həştad sözünün də işlənməsinin məhz səg (it) sözü ilə bağlı olduğu güman edilir. Belə ki, səksən (səg`sən) “itsən” mənasını verdiyi üçün, xüsusən də fars dilinin geniş yayıldığı Bakı dialektində bu sözdən imtina olunmasına gətirib çıxarmışdır.