Stare Mesto ratuşası
Stare Mesto ratuşası (çex. Staroměstská radnice) - Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökumət binasıdır. 1338-ci ildə, kral Lüksemburqlu İoann tərəfindən Stare Mesto şəhər əhalisinə imtiyaz şəklində bu binanın tikintisinə icazə verilmişdi. Kompleks dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey yerləşir, burada müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir.
1232-ci ildə Stare Mesto adlanan yaşayış məntəqəsi şəhər statusunu əldə etmişdi; burada ratuşa binasının inşası üçün (yəni özünüidarə hüququnun və icazənin əldə olunması üçün) bir əsrdən artıq gözləmək lazım gəldi - 1338-ci ildə bu icazəni IV Karlın atası Lüksemburqlu Yan bağışlamışdı. Həmin ildə ratuşa üçün tacir Volf Kamenenin künc evi satın alınmış və binanın genişləndirilməsi üzrə işlərə start verilmişdi: 1360-cı ildə Şəhər şurasının iclas zalı və ikinci mərtəbə inşa edilir, 1364-cü ildə əzəmətli Köhnə Şəhər qülləsinin tikintisi başa çatdırılır, 1381-ci ildə əsas ratuşa binasına zəngin işləmələrlə və erkerlə bəzədilmiş qotik üslublu kapella əlavə olunur, 1410-cu ildə isə Köhnə Şəhər qülləsinə "Orloy" adlı gözəl astronomik saat əlavə olunur. Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü. Şir başları ilə bəzədilmiş unikal giriş portalı xeyli müddət sonra (yəni 1652-ci ildə) yaradılmışdı.