Ruben Sənəmyan
Ruben Sənəmyan (erm. Ռուբեն Սանամյան; 22 sentyabr 1976, Dilican) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin kapitanı, Ermənistanın Milli Qəhrəmanı.
Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. Lakin bu, daha sonra yalanlanmışdır.
== Həyatı ==
Ruben Sənəmyan 22 sentyabr 1976-cı il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Tavuş mərzinin Dilican şəhərində anadan olmuşdur.
== Hərbi fəaliyyəti ==
Ruben Sənəmyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur.Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb.
=== Tovuz döyüşləri ===
Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdir. Ermənistan Müdafiə Nazirliyinin müşaviri Şuşan Stepanyan bildirib ki, Sənəmyan döyüş zamanı "Anvax hərbi mövqeyi istiqamətində rəqibin çoxsaylı hücumlarının dayandırmasını təşkil edərək, rəqibin işçi qüvvəsinə, silah-sursatına və hərbi texnikasına xeyli itki vermişdir".Erməni mətbuatının yazdığına görə, Sənəmyana Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır.
== Mükafat və təltiflər ==
Ruben Sənəmyan 2012-ci ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən ikinci dərəcəli döyüş ordeni ilə təltif edilmişdir.Ruben Sənəmyan Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.