Köhnə tüfəng (film, 1975)
"Köhnə tüfəng" (fr. Le vieux fusil) — 1975-ci ildə rejissor Rober Enriko tərəfindən çəkilmiş fransız filmidir. 1976-cı ildə ən yaxşı film, ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyalarında Sezar mükafatı qazanmış, eləcə də ən yaxşı rejissor, ikinci plan aktyor, ssenari, operator, montaj və səs nominasiyalarına namizəd olmuşdur. Film, 1944-cü ildə baş vermiş Oradur-sür-Qlan qətliamından bəhs edir.
1944-cü ildə, Montobanda almanlar Fransadan geri çəkilən dövrdə, Julyen Dandyö yerli xəstəxanada cərrah kimi çalışır. Antihitler koalisiyasının həyata keçirdiyi Normandiya əməliyyatının başlamasından sonra Montobana edilə biləcək hava hücumundan ehtiyatlanan Dandyö, ailəsinin təhlükəsizliyi üçün dostu Fransuadan həyat yoldaşı və qızını şəxsi qəsrinin yerləşdiyi kəndə aparmasını xahiş edir. Bir həftə sonra Dandyö, həftəsonu olduğuna görə onları görmək məqsədilə kəndə yola düşür, lakin almanlar kəndi tutmuşdu. O, kilsədə bütün kəndliləri öldürülmüş vəziyyətdə tapır. Qəsrdə güllələnmiş qızını və alovsaçanla yandırılmış həyat yoldaşını görən zaman sarsıntı keçirir.
Dandyö ailəsinin intiqamını almaq üçün alman əsgərlərini öldürməyi qərara alır.