Old Trafford
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır.
Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.
Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir.
Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur.