Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir.
Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar.
Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.