Azərbaycanda təsəvvüf
Azərbaycanda sufizm, təsəvvüf və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir.
Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir.
Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə məhsulları ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir. Zəngilan bölgəsində Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir. Yəhya Elxani dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır.
İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (Əhmədiyyə) təriqəti isə monqol şamanizmindən bəhrələnir, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.