Azərbaycanda təsəvvüf

Azərbaycan İslamın ilk dövrlərində (641–643) müsəlmanlar tərəfindən fəth edilmiş, islamiyyət bu ərazidə yaşayanlar tərəfindən zaman keçdikcə din olaraq qəbul edilmişdir. Bu coğrafi ərazidə yaşayan xalqın müsəlman olmasında ən böyük təsiri göstərənlər, şübhəsiz ki, sufilər olmuşlar. Onların xoş məramlı İslam anlayışları insanların könlünə təsir etmiş və islamın qəbulunu sürətləndirmişdi.

İslamın ilk illərindən etibarən sufiliyin Azərbaycanda mövcud olduğunu göstərən dəlillər vardır. Əvvəla Hz. Məhəmməd sallallahu aleyhi və səlləm dövründə yaşamış təsəvvüf tarixi üçün mühüm əhəmiyyətə malik bir şəxs olan Veysəl Qaraninin qəbrinin mənbələrdə Azərbaycanda olması göstərilir. Kitabi-Dədə Qorqud dastanında Burla Xatunun Salur Qazana söylədiyi :

Quru quru çaylara su saldım, Qara donlu dərvişlərə nəzir verdim

Misralarında olduğu kimi ən qədim ədəbi mətnlərimizdə də suflərdən bəhs edildiyini görürük. Azərbaycanın hər yerində rast gəlinən, əsrlər keçdiyi halda adı-sanı unudulsa da yaddaşlarda qalan və böyük hörmətə layiq olan minlərlə pir qəbri və məqamı da Azərbaycanda islamın inkişafında sufilərin mövqeyini göstərən ən böyük dəlillərdəndir.

Azərbaycanda təsəvvüfün tarixində dair mənbələrə nəzər salındığında Azərbaycanda təsəvvüf hərəkatının X əsrdən başladığı görülür. Təsəvvüf tarixçiləri tərəfindən təsəvvüfi dövr deyə adlandırılan adları tez-tez xatırlanan məşhur azərbaycanlı sufi alimlər var. Onlardan Əbu Hüseyin Dündari-Şirazi, Hüseyin ibn Yəzdinyar, Əbu Həsən, Əbu Züra, Əbu Abbas, Əbu Səid Abdal Bakuvi, Əli ibn Məhəmməd ibn Abdullab Bakuvi, Hüseyin Şirvani, Əbu Abbas Əhməd, Əxi Fərəc Zəncani, Baba Fərəc, Xacə Məhəmməd Xoşnam, Hüseyin Mərəndi, İbrahim Təbrizi, Əbülfərəc Əbülvahid Varsani, Səid Bərdəyi, Əbubəkr Əbhəri və digər bir çox sufi alimləri göstərmək mümkündür. Bu dövrün sonuncu mühüm şəxsiyyəti Əbdülqahir Sührəverdidir.

XII əsr Azərbaycan təsəvvüfündə təriqətlər dövrünün başlanğıcıdır. Bu dövrdə ilk qurulan təriqətlər arasında azərbaycanlı sufilərin əsasını qoyduqları təriqətlər aparıcı mövqeyə malikdir. Belə ki, Azərbaycan bu dövrdən etibarən təriqətlər mərkəzi halına gəlmişdi. Bir təsəvvüf hərəkatı olan əxiliyin Anadolu qolu, təriqətlərdən sührəvərdilik, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik və xəlvətiliyin qolları rövşənilikgülşənilik təriqətləri Azərbaycanda doğulmuş və buradan bütün İslam aləminə yayılmışdır.Yəsəviliknəqşibəndilik kimi təriqətlər də Azərbaycanda geniş yayılmışdı. Ümumiyyətlə təsəvvüf tarixi araşdırılarkən görülür ki, İslam aləmində yayılmış təriqətlər və sufi cərəyanlarının bir neçəsi Azərbaycan mənşəlidir. Orta əsrlərdə də bu cərəyan və təriqətlər inkişaf edən xəttlə yüksəlmiş və həmin təriqətlərdən yüzlərlə qollar ayrılmışdır.

Azərbaycan təsəvvüfünün tarixini araşdıran Mehmet Rıtım qeyd edir ki, XIX əsr Azərbaycan təsəvvüf tarixində yeni bir dövr sayıla bilər. Bu dövrdə kürdəmirli İsmayıl Siracəddin Şirvani adlı önəmli bir şəxsiyyətin ortaya çıxdığını görürük. 1817-ci ildə Bağdadda Mövlana Xaliddən icazə alaraq Kürdəmirə gəlmiş, 1826-cı ildə Çar Rusiyasının təzyiqi ilə Azərbaycandan çıxarılana qədər burada nəqşibəndi şeyxi kimi fəaliyyət göstərmişdir. Nəqşibəndilik Şeyx İsmayılın müridləri vasitəsiylə bütün Qafqaza yayılmış və müridizm axının formalaşmasına təsir edərək, İmam Qazi MəhəmmədŞeyx Şamilin rəhbərliyi altında rus hakimiyyətini bu coğrafiyada illərlə narahat etmişdir.

SSRİ dövründə isə Azərbaycanda ateizm rəsmi ideologiya olmuş və hər növ dini fəaliyyət qadağan edilmişdir. Təsəvvüfi hərəkatların da düşmən edilib yox edilməsinə cəhd olunduğu bu dövrdə hər şey bitmiş kimi görünsə də bu qədim sufi yurdunda müxtəlif təriqətlərə məxsus şeyxlər gizli fəaliyyət göstərmişlər.

Azərbaycan təsəvvüf məktəbləri olaraq qeyd edilən bu təriqətlərin xaricində bir çox müstəqil sufilər də vardır. Bunlar müəyyən bir təriqətə bağlılıqları bilinməyən sufilərdir. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mahmud Şəbüstəri, Şəms Təbrizi və başqalarını qeyd etmək olar. Azərbaycanda bundan başqa bir çox təriqət təmsilçiləri də olmuşdur. Məsələn qələndərilik, bəktaşilik, mövləvilik, nemətullahilik, məlamətilik və daha başqalari. XVI əsrdə Azərbaycanda olmuş Övliya Çələbi bu ərazidə bir çox sufi və təkyə haqqında məlumat vermişdir: Şeyx İbrahim Şirvani, Qobustanda Diri Baba, Şeyx Rza Sultan, Əfşar Baba ziyarəti və s. Məhəmmədəli Tərbiyət də "Danişməndani-Azərbaycan" adli əsərində 100-ə qədər sufi haqqinda məlumat vermişdir.

Təsəvvüfdə istər var olmanin, istərsə də ilahi var olmaya yetişmənin təməlində eşqin olduğu görüşü, Allaha (c.c.) qadağalar və qorxu ilə deyil, yalnız eşqlə yetişilə bilinəcəyi inamını ön plana çıxarmış, eşq təsəvvüfün ən önəmli tərəfi olmuş və ədəbiyyatda da ən çox bu tərəfi ilə işlənmişdir. Eşqin ön plana keçməsi ilə təsəvvüfdə duyğu və həyəcan ağıla nisbətən daha önəmli sayılmış, sufilər üçün könül ağıldan öncə gəlmişdir.

Təsəvvüf könülə xitab edir. Bu baxımdan hiss və duyğu dünyası zəngin, romantizmdən xoşlanan insanlar təsəvvüfə daha çox meyllidir. Ədəbiyyat, xüsusilə şer bu tip insanlarin daha çox məşğul olduğu sahələrdəndir.

XII əsrdə sufi şairlər arasında məcazi bir dil meydana gəlmişdi. Sufilər bu əsrdə keçmiş mütəsəvviflərin işlətdikləri kəlmə və istilahlardan istifadə etdikləri halda bu istilahları məcazistiarə yolu ilə işlətmişlər. Onlara görə həbib, məhbub, məşuq və sevgili Allah deməkdir. Allahı düşünməkdən hasil olan vəcd haramdır (mey, şərab) və hammardır (saqi). Nurlu çöhrə Allahın zahiri, qapqara kəkil isə onun batini mənasında istiarə yolu ilə istifadə edilirdi. Təsəvvüf şairləri arasında bu şəkildəki rəmzli lisanı ilk dəfə işlədən Əbu Səid Əbül-Xeyrdir. Təsəvvüf şerini də ilk dəfə ortaya çıxaranın o olduğu qeyd edilir.

Azərbaycan şərq İslam mədəniyyətinə elm, fəlsəfə, ədəbiyyat, sənət və daha bir çox sahələrdə dəyərli töhfələr vermişdir. Bunlardan biri də heç şübhəsiz, təsəvvüf və təsəvvüf ədəbiyyatı sahəsi olmuşdur. Azərbaycan ədəbiyyatında Baba Kuhi Bakuvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Fəzlullah Nəimi, Şah Qasım Ənvar, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Şah İsmayıl Xətai, Miskin Abdal (Seyyid Hüseyn Məhəmməd oğlu) (1430-1535), Məhəmməd Füzuli, Əbülqasim Nəbati, Mir Həmzə Nigari, Mirzə Şəfi Vazeh kimi sufi şairlər təsəvvüf ədəbiyyatı sahəsində ölməz əsərlər yaratmışlar.

Mənbələr[redaktə | mənbəni redaktə et]

  • M. Tərbiyət-Daneşməndani – Azərbaycan, Bakı, 1995
  • E. Mehrəliyev – Baba Kuhi Bakuvi və Pir Hüseyin Şirvani, Bakı, 2002
  • Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  • Z. Məmmədov – Azərbaycanda XI – XII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978
  • F. Ş. Fərzəlibəyli – Azərbaycan və Osmanlı imperiyası, Bakı, 1995
  • M. Nemət – Azərbaycanda pirlər, Bakı, 1992
  • E. Bertles – Sufizm və sufi ədəbiyyatı, Moskva, 1965
  • A. Gölpınarlı – Hürufilik metinleri katalogu, İstanbul, 1989
  • F. Gülen – Kalbin zümrüt tepeleri, I – II cilt, İzmir, 2001
  • M. Kara – Din, hayat, sanat açısından tekyeler ve zaviyeler, İstanbul, 1977
  • M. Kara – Tasavvuf ve tarikatlar tarihi, İstanbul, 1985

Həmçinin bax[redaktə | mənbəni redaktə et]