Azərbaycanda təsəvvüf
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir.
Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır.
Azərbaycan poeziyası kənar bölgələrə hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.