Vamiq Məmmədəliyev
Vamiq Məmmədəli oğlu Məmmədəliyev (9 iyun 1946, Bakı) — Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti (2018).
== Həyatı ==
Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub.
1953–1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar "Bahar" xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965–1967-ci illərdə Astara rayonunda hərbi xidmətdə olub. 1972–1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar üzrə ali təhsil alan Vamiq Məmmədəliyev bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa texnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək canına hopdurub. Mədəni Maarif Texnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971–1993), Bakı Musiqi Akademiyasında baş müəllim, dosent (1988–2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyev 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində açılmaqda olan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunur. O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin əmək sərf edən Vamiq Məmmədəliyev yaradıcılıqdan da kənar qalmır.