Varlıq (jurnal)
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir.
1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.