Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Azərbaycan)

Vikipediya, azad ensiklopediya
By erdo can (müzakirə | töhfələr) (using AWB) tərəfindən edilmiş 14:06, 8 dekabr 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Yaranma tarixi

1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.

- 1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır.

- 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır.

- 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırki Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi.

- Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.

- Bu sahələrin inkişafı və köklü irəliləyişlər isə milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 saylı fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.

- "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.

- Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur.

Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin vəzifələri

Komitə aşağıdakı vəzifələri yerinə yetirir:

- Öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək, həmin sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işlər aparmaq;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

- Dövlət metroloji nəzarətini həyata keçirmək, dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək, ölçmə vasitələrinin müqayisəli yoxlanmasını və kalibrlənməsini təmin etmək, hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilən ölçmə vasitələrinin kalibrlənməsi və müqayisəli yoxlanması fəaliyyətinə nəzarət etmək, ölçmələrin yerinə yetirilməsi üsullarının attestasiyasını təmin etmək, çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətini həyata keçirmək, ölçmə vasitələrinin dövlət sınaqlarını aparmaq, ölçmə vasitələrinin tipini təsdiq etmək və bu barədə müvafiq sənəd vermək;

- Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların dərcini təşkil etmək;

- Texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin dövlət fondunu öz səlahiyyətləri daxilində idarə etmək və təkmilləşdirmək;

- Məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanlarının müvafiq sahədə fəaliyyətlərini əlaqələndirmək;

- Məhsulların istehsalı, istifadəsi, istismarı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək;

- İstehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirmək;

- Azərbaycan Respublikasının normativ sənədlərinin və ya Azərbaycan Respublikasında tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərin standartlarının tələblərinə uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışa buraxılmasının, istifadəsinin və icrasının qarşısının alınması məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlər görmək;

- İstehlak bazarının normativ sənədlərin tələblərinə uyğun olmayan, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;

- Milli Uyğunluğun Təsdiqi Sisteminin təkmilləşdirilməsini, tətbiqini təmin etmək və onun tələblərinə riayət edilməsinə nəzarət etmək;

- Məhsulların (işlərin, xidmətlərin) və keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə aparılan işləri əlaqələndirmək və onlara nəzarəti həyata keçirmək;

- Milli Akkreditasiya Sistemini yaratmaq, tətbiq etmək və təkmilləşdirmək, uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının (mərkəzlərinin) akkreditasiyası üzrə işləri aparmaq və qanunvericiliyə uyğun olaraq onların fəaliyyətlərinə nəzarəti həyata keçirmək;

- Sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsini qanunvericiliyə uyğun olaraq təmin etmək;

- Qanunvericiliklə müəyyən edilmiş qaydada sənaye mülkiyyəti obyektləri barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını həyata keçirmək, sənaye mülkiyyəti obyektlərinin qeydiyyata alınması və ya patent verilməsindən imtina barədə qərarlar qəbul etmək, dövlət reyestrini aparmaq, müvafiq mühafizə sənədlərini vermək, onların qüvvədə saxlanılması üçün müvafiq tədbirlər görmək;

- Sənaye mülkiyyəti obyektlərinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək;

- Patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq;

- Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və onlardan istifadə sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;

- Akkreditasiya edilmiş orqanlar tərəfindən qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlərin verilməsində qanunvericiliyə riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək və s.

Komitənin hüquqları

Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

- müvafiq sahəyə aid olan normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

- Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

- öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq icrası məcburi olan aktlar qəbul etmək;

- öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

-fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, ekspertizalar keçirmək, monitorinqlər, təhlillər və ümumiləşdirmələr aparmaq, layihələr, analitik materiallar hazırlamaq, təkliflərlə çıxış etmək;

- müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

- Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

- xarici və yerli ekspertləri, məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri və elmi təşkilatları qanunvericiliyə uyğun olaraq öz fəaliyyətinə cəlb etmək;

- müvafiq sahədə elmi-tədqiqat işlərinin həyata keçirilməsini təşkil etmək;

- istehlak məhsullarının (xidmətlərinin, işlərinin) keyfiyyəti və təhlükəsizliyi üzrə tələblərin pozulması haqqında istehlakçıların müraciətlərinə öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmaq, müvafiq təşkilatlara, hüquqi və fiziki şəxslərə icrası məcburi olan göstərişlər vermək;

- məhsulların istehsalı layihəsinin hazırlanması, məhsulların istehsalı, tədarükü, saxlanması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı istehlakçıların hüquqlarının qorunması məqsədi ilə malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək;

- müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlərə qanunvericiliyə uyğun olaraq sərbəst daxil olmaq, zəruri məlumat və sənədləri almaq, təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən həmin təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri məqsədi ilə qanunvericiliyə uyğun olaraq istifadə etmək;

-məhsulların (işlərin, xidmətlərin) normativ sənədlərin tələblərinə uyğunluğunu təyin etmək üçün qüvvədə olan normativ sənədlərə müvafiq olaraq sınaq nümunələrini əvəzsiz qaydada seçib götürmək;

-malların (işlərin, xidmətlərin) normativ sənədlərin tələblərinə uyğunluğuna dövlət nəzarəti həyata keçirilərkən müvafiq qaydada seçilib götürülmüş məhsul nümunələrinin sınaqları üzrə xərclərin təsərrüfat subyektləri tərəfindən sınaqları aparan laboratoriya və ya mərkəzin hesabına köçürülməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;

- qüvvədə olan normativ sənədin tələblərinə uyğun olmayan məhsullarda aradan qaldırılması mümkün olan nöqsanlar aşkar edildikdə, dəqiq müddət göstərməklə həmin nöqsanların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq yazılı göstərişlər vermək;

- qanunvericiliyə uyğun olaraq müvafiq sahədə dövlət nəzarətini həyata keçirən dövlət müfəttişləri istehsalat və ya xidmət sahələrinə buraxılmadıqda və ya təsərrüfat subyektlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərait yaradılmadıqda aidiyyəti dövlət orqanlarına müraciət etmək;

- məhsullarda (işlərdə, xidmətlərdə) aradan qaldırılması mümkün olmayan nöqsanlar aşkar edildikdə, həmin məhsulun (işin, xidmətin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;

-normativ sənədlərin tələblərinə cavab verməyən, saxlama və yararlılıq müddəti bitmiş məhsulların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun olaraq qərar qəbul etmək, həmin qərarın icrasına nəzarət etmək;

- normativ sənədlərin tələblərini pozan və ya dövlət nəzarətini həyata keçirən dövlət müfəttişinin qərar və yazılı göstərişlərini yerinə yetirməyən şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görmək;

- normativ sənədlərin tələblərinin pozulması ilə bağlı təsərrüfat subyektlərinə verilmiş göstərişlər və ya qəbul edilmiş qərarlar yerinə yetirilmədikdə bu barədə məlumat və sənədləri müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına və ya məhkəməyə təqdim etmək;

- aşkar edilən pozuntular təsərrüfat subyektləri tərəfindən aradan qaldırılanadək müvafiq tələblərə cavab verməyən istehlak məhsullarını istehsal və ya realizə edən təsərrüfat subyektinin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) və xüsusi icazələrin və digər təsdiqedici sənədlərin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üçün müvafiq dövlət orqanlarına təqdimat vermək;

-məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dair təsərrüfat subyektləri ilə dövlət nəzarətini həyata keçirən orqan arasında yaranan fikir ayrılığının aradan qaldırılması məqsədi ilə arbitraj laboratoriyasının yaradılması ilə bağlı tədbirlər görmək və təkliflər vermək;

- Milli Uyğunluğun Təsdiqi Sisteminə dəyişikliklər və əlavələr etmək;

- metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını, istehsalını və satışını qadağan etmək;

- metroloji qayda və normaların pozulmasının aradan qaldırılması müddətləri göstərilməklə tələbnamə vermək;

- metroloji qayda və normaların pozulmasına yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görmək; - müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarını qadağan etmək;

- ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağalar qoyulması haqqında tələbnamələr vermək;

- tabeliyində olan hüquqi şəxs statuslu qurumları vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq sahədə işləri və xidmətləri bağlanmış müqavilələr əsasında aparmaq;

- müvafiq sahənin inkişaf etdirilməsi məqsədi ilə müvafiq maddi-texniki bazanın yaradılmasına və genişləndirilməsinə tələb olunan vəsaitlərin ayrılması üçün təkliflər vermək və bu vəsaitlər hesabına həmin işlərin yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirmək;

- təsərrüfat subyektləri haqqında qanunvericiliyə uyğun olaraq dəqiq məlumat əldə etmək, keyfiyyətsiz və standartların tələblərinə cavab verməyən məhsul istehsalçılarını müəyyən etmək üçün aidiyyəti dövlət orqanları ilə birgə iş aparmaq;

- normativ sənədlərin tələblərinə cavab verməyən, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən xarici məhsul və xidmətlərin idxalının qadağan edilməsinə dair qərar qəbul etmək və bu barədə müvafiq dövlət orqanına məlumat vermək;

- qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- məşvərət, məsləhət və digər orqanlar yaratmaq;

- müvafiq sahə üzrə konqres, müşavirə, sərgi və digər tədbirlər keçirmək;

- öz səlahiyyətləri daxilində keyfiyyət sahəsində nailiyyətlərə görə müxtəlif müsabiqələr təşkil etmək və keçirmək;

- qanunvericiliyə uyğun olaraq öz adından məhkəmələrdə çıxış etmək, o cümlədən səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmələrdə iddia qaldırmaq;

- müvafiq sahədə məqsədli proqramları hazırlamaq və həyata keçirmək;

- standartlaşdırma üzrə texniki komitələri təşkil etmək və onların fəaliyyətini əlaqələndirmək;

- ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələri istisna olmaqla, hüquqi şəxslərin metroloji xidmətlərinə qanunvericiliyə uyğun olaraq müqayisəli yoxlama və kalibrlənmə işlərinin aparılması hüququnu vermək; - etalonlar bazasını yaratmaq və inkişaf etdirmək;

- müvafiq sahədə fəaliyyətin beynəlxalq və regional sistemlərə uyğunlaşdırılması istiqamətində tədbirləri həyata keçirmək;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. [1]

Komitənin fəaliyyətinin təşkili

Komitənin aparatı, onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir.

Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

Naxçıvan Muxtar Respublikasının müvafiq sahə üzrə qurumu Komitənin vahid sisteminə daxildir.

Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını və Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. Komitənin sədri vəzifəsinə görə standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikasının baş dövlət müfəttişidir. Komitə sədrinin müavinləri standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş dövlət müfəttişinin müavinləri, Komitənin strukturuna daxil olan qurumların və aparatının dövlət nəzarətini həyata keçirən rəhbər vəzifəli şəxsləri böyük dövlət müfəttişləri, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslər isə dövlət müfəttişləridir.

İstinadlar

  1. jj