İctimaiyyun-inqlabiyyun Firqəsi

Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSRRusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası.

Sosialist İnqilabçılar Partiyası

Партия социалистов-революционеров
Loqonun şəkli
Lideri Viktor Çernov
Quruluş tarixi 1902
Dağılma tarixi 1923 (de-jure)
1940 (mühacir)
Birləşən Kommunist Partiyası (bəzi sol SR-lər)
Bölünmə Sol eserlər
Sağ eserlər
Baş qərargah
İdeologiya narodnik
milli sindikalizm
sol milliyətçilik
rus milliyətçiliyi
demokratik sosializm
aqrar sosializm
inqilabçı sosializm
federalizm
Müttəfiqlər menşeviklər
bolşeviklər (1918-ə qədər sol eserlərlə)
Üzv sayı 1.000.000
Şüar Mübarizəylə hüquqlarınızı əldə edəcəksiniz!
Parlamentdə
37 / 518

Rusiya imperiyası II Dövlət Duması
Mətbuat orqanı Revolutsionnaya Rossiya
Mısl
Narodnıy vestnik
Soznatelnaya Rossiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanda eserlər

[redaktə | mənbəni redaktə et]

Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur.

1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi. Partiya üzvlərinin sayı isə 1500-ə çatırdı.

1906–1909 illərdə Bakı eserləri "Molot" ("Çəkic"), "Dlya naroda" ("Xalq üçün"), "Trud" ("Əmək"), " Volna" ("Dalğa") qəzetlərini, "Trudovoy qolos" ("Əməkçi səsi") leqal jurnalını nəşr etdirirdilər.

1913-cü ilin yazında Bakı eserləri dənizçilərin yeni tətilini hazırlayarkən şəhər jandarm idarəsi Bakı təşkilatının İcraiyyə Komitəsini ləğv etdi. Komitənin sədri İ. A. Suxartsev başda olmaqla, 22 nəfər həbs edildi.

Birinci Dünya müharibəsi (1914–1918) dövründə İcraiyyə Komitəsi yenidən bərpa olundu. Partiya üzvlərinin bir hissəsi müharibəyə qarşı çıxan bolşeviklərlə birgə fəhlə tətillərində iştirak edir, müharibə əleyhinə vərəqələr yayırdılar. Eserlərin bu qanadı 1917-ci ildən sonra meydana çıxmış sol eserlər təşkilatının əsasını qoydu. Bu qanadın lideri Mir Həsən bəy Vəzirov, mətbuat orqanı isə Əkinçi qəzeti olmuşdur.

Fevral inqilabından (1917) və Rusiyada çar hakimiyyətinin süqutundan sonra Bakı eser təşkilatının dirçəliş dövrü başlandı.

Bakı Sovetində

[redaktə | mənbəni redaktə et]

Martın 7-də Bakı Sovetinin ilk iclası keçirildi və onun tərkibinə daxil olan 52 deputat yerinin çoxunu eser və menşeviklər tutdular. Həmin ayda Bakıda eserlər partiyasının Müvəqqəti İcraiyyə Komitəsi yaradıldı. Əsas diqqəti kəndli məsələsinə yönəldən eserlər milli məsələdə xalqların öz müqəddəratını təyinetmə hüququnu rədd edirdilər. Onlar yalnız sosialist partiyalarının tərkibində olan ayrı-ayrı millətlərin nümayəndələri ilə taktiki saziş bağlanmasını mümkün sayırdılar və panislamizmə qarşı kəskin çıxış edirdilər. Eserlərin nüfuzu rus və erməni fəhlələri arasında çox yüksək idi. Mayda onlar Bakı Sovetinin sədrliyinə Stepan Şaumyanın yerinə eser Sako Saakyanın seçilməsinə nail oldular.[1]

Oktyabrın 22-də Bakı Sovetinə seçkilərdə eserlər 6305 səs toplayaraq, müsavatçılardan sonra ikinci yerə çıxdılar. 1917-ci il Oktyabr inqilabından sonra eserlər, menşeviklər və daşnaklar Bakı Soveti tribunasından Petroqrad üsyanının dinc yolla ləğv edilməsini, bütün hakimiyyətin Müəssislər məclisinə, ona qədər isə demokratik yolla koalisiyaya verilməsini tələb etdilər. Eyni zamanda, eserlər daşnaklarla birləşərək, müsəlman partiyalarının bu koalisiyaya daxil olmasının qəti əleyhinə çıxırdılar. Hakimiyyətin, bolşeviklər başda olmaqla, Bakı Sovetinə verilməsinin əleyhinə çıxan eser və menşeviklər Soveti tərk etdilər.

1917 ilin dekabrında Sovetə keçirilən yeni seçkilərdə bolşeviklər 51, daşnaklar 41 yer qazandığı halda, sol eserlər 38, sağ eserlər isə 28 yer qazandılar. Bakı Sovetinin İcraiyyə Komitəsinə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser və 2 müsavatçı daxil oldu.

1918-ci ildə Bakıda türk-müsəlman əhaliyə qarşı mart soyqırımları zamanı eserlər bütünlüklə S. Şaumyan başda olmaqla, bolşeviklərin tərəfində çıxış etdilər. Onların lideri S. Saakyan panislamizmə qarşı vuruşacaqlarını bəyan etdi. Bakıda türk-müsəlman əhaliyə qarşı üç gün davam edən soyqırımından və azərbaycanlıların kütləvi surətdə qətlindən sonra eser İ. Suxartsev Bakı Sovetinin iclasında Müsavat Partiyasının "darmadağın olduğunu" və "Türkiyənin Bakı cəbhəsinin alındığını" elan etdi.

Bakı kommunası Stepan Şaumyan başda olmaqla, sol eserlərlə və "beynəlmiləlçi" daşnaklarla əməkdaşlıq taktikasını seçmişdi. 1918 ilin iyulunda Qafqaz İslam Ordusu Bakıya doğru irəliləyərkən Bakı Sovetinin daşnak-eser-menşevik bloku bolşeviklərə qarşı çıxış edərək, buraya general Lionel Denstervilin başçılığı ilə ingilis qoşunlarını dəvət etməyə üstünlük verdilər. Bakı Sovetinin 25 iyul tarixli iclasında bolşeviklər ingilis qoşunlarının çağırılmasına etiraz olaraq zalı tərk etdikdən sonra bütün hakimiyyət sağ eser-menşevik-daşnak blokunun əlinə keçdi. Bu blok 1918-ci il avqustun 1-də "Sentrokaspi Diktaturası" hökumətini formalaşdırdı. Avqustun 4-də Ənzəlidən Bakıya gələn ingilis qoşunlarının komandanı Lionel Denstervilin dediyinə görə, o, eser partiyasının nümayəndələri ilə dəfələrlə danışıqlar aparmışdı. İngilis generalı bəyanat vermişdi ki, "Partiyanın proqramı bizim məqsədlərimizə uyğun gəldiyinə görə, onlar bizim köməyimizə əmin ola bilərlər",

lakin Türk-Azərbaycan hərbi hissələrinin əməliyyatları nəticəsində sentyabrın 15-də Bakı azad olundu. Denstervilin qoşunları və onların arxasınca Sentrokaspi Diktaturası hökumətinin üzvləri Bakını tərk etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin dekabrında fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin işində iştirak məsələsini müzakirə edərkən eserlər Azərbaycanın öz müqəddəratını təyin etməsi ideyasını yalnız vahid Federativ Rusiya tərkibində mümkün saydılar. Eserlər parlamentə demokratik seçkilərin tərəfdarı olduqlarını bildirsələr də, bu seçkilərin əsası kimi milli təmsilçiliyi deyil, yalnız partiya prinsiplərini qəbul edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919 il yanvarın 25-də SR Partiyası Bakı komitəsinin onlara 5 yer ayrılması barədə xahişini müzakirə edərək, onlara Milli azlıqlar fraksiyasında yer verilməsini qərara aldı. Azərbaycan sol eserləri Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətində iştirak etmədilər. Eserlərin yalnız azərbaycanlılardan və sağ eserlərdən ibarət nümayəndələri parlamentdə təmsil olundular. Daha sonra onlar Xalqçı Partiyasını təsis etdilər.

1918–1920 illərdə eserlər Bakı Fəhlə Konfransı, Fəhlə və Dənizçilərin Həmkarlar İttifaqları çərçivəsində fəaliyyət göstərirdilər. Eserlər öz mətbu orqanları "Znamya truda", "Nabat" və sair qəzetlərin səhifələrində Azərbaycan Hökumətinin daxili və xarici siyasətini açıq şəkildə tənqid edir, Rusiya ilə birləşmək ideyalarını yayırdılar. Bolşevik və menşeviklərlə yanaşı, eserlərin də daxil olduğu Bakı Fəhlə Konfransı 1919–1920 illərdə söz və yığıncaq azadlığı, əmək haqqının artırılması, milli hökumətə etimadsızlıq göstərilməsi tələbləri ilə bir neçə ümumşəhər tətili keçirməyə müvəffəq oldular, lakin 1919-cu ilin may tətili zamanı Bakı Fəhlə Konfransının eser və menşeviklərdən ibarət qrupu azərbaycanlı fəhlələrin milli hökumətlə həmrəyliyini və ingilis qoşunlarının da hakimiyyəti dəstəklədiyini görüb, tətilin və onun əsas təşkilatçısı olan bolşeviklərin əleyhinə çıxdı. Bu vaxtdan etibarən Bakı Fəhlə Konfransını öz əllərinə keçirmək uğrunda kəskin mübarizəyə başlayan bolşeviklər həm bu təşkilatda, həm də həmkarlar ittifaqlarında üstünlüyə nail oldular.

Bolşevik işğalı

[redaktə | mənbəni redaktə et]

Ruhulla Axundovun başçılıq etdiyi sol eserlər inqilabi sosializm və Sovet hakimiyyətini dəstəkləmək platformasında dayanmaqla yanaşı, Azərbaycanın dövlət quruluşunu müstəqil sovet respublikası formasında görürdülər. Son nəticədə, sol eserlər Hümmət PartiyasıƏdalət Partiyası ilə birlikdə 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının təməlini qoydular, XI Qırmızı ordunun Azərbaycana müdaxiləsinin və Aprel işğalının (1920) bilavasitə iştirakçıları oldular, lakin Sovet hakimiyyəti qurulandan sonra həm sağ, həm də sol eserlər yeni Hökumət tərəfindən təqiblərə məruz qalıb, qeyri-leqal işə keçməyə məcbur oldular. 1922-ci ildə Bakıda eserlərə qarşı məhkəmə prosesi başladı. Onların bir hissəsi Sovet hakimiyyətinə qarşı fəaliyyətdə təqsirləndirilərək güllələndi, digər hissəsi isə sürgün edildi.

  1. Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001; Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920), B., 1998