Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır.
Ədalət | |
---|---|
Qurucu |
Seyid Cəfər Pişəvəri Bəhram Ağayev Ağababa Yusifzadə |
Lideri | Əsədulla Qafarzadə |
Quruluş tarixi | 1916 |
Dağılma tarixi | 11-12 fevral 1920 |
Birləşən |
Əkinçi Partiyası Hümmət |
Sələfi |
İctimaiyyun-Amiyyun Hümmət Partiyası |
Xələfi | Azərbaycan Kommunist Partiyası |
İdeologiya | Sosial demokratiya |
Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar.[1]
Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi.[2]
Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı.
1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi. Mərkəzi Komitəyə Bəhram Ağayev, Seid Cəfər Cavadzadə (Pişəvəri), R. Kərimov və başqaları daxil oldular. Ədalətin Bakıdan əlavə, Gəncədə, Lənkəranda, Astarada və Tiflisdə də komitələri var idı.
Ədalət 1919-cu ildən Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) Bakı Komitəsi və Hümmətlə daha sıx əməkdaşlığa başladı. Həmin ilin iyunundan RK(b)P Qafqaz Ölkə Komitəsinin maliyyə yardımı ilə partiyanın qeyri-leqal "Hürriyyət" qəzeti nəşrə başladı. Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11–12-də keçirilən birinci qurultayı Azərbaycan Xalq Cümhuriyyətini devirməklə hakimiyyəti ələ keçirmək məqsədilə "yerli şəraitdən və taktiki mülahizələrdən çıxış edib" RK(b)P Bakı Komitəsini, Hümməti və Ədaləti vahid Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) halında birləşdirməyi qərara aldı. Qurultayın seçdiyi Mərkəzi Komitəyə Ədalətdən K. Ağazadə daxil oldu.
Həmin il Ədalətin Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bütün komitələri də AK(b)P-yə daxil oldu.