İttifaq Partiyası (Azərbaycan)

İttifaq Partiyası — 1905-ci ilin oktyabr ayında Bakıda yaradılmış milli sosialist inqilabçı təşkilatı.

İttifaq Partiyası
Quruluş tarixi 1907
Dağılma tarixi 1911 (1917)
Xələfi Əkinçi Partiyası
Xalqçı Partiyası
Baş qərargah Bakı
İdeologiya sosializm
Müttəfiqlər Sosialist İnqilabçılar Partiyası

Təşəbbüsçüləri Sosialist İnqilabçılar Partiyası Bakı komitəsinin üzvləri S. Rayetski və V. Rizel idi. Təşkilatın başçıları R. Şərifzadə, M. Cuvarlinski, R. Məlikov olmuşlar. "İttifaq"ın üzvləri sırasında P. Montinlə birlikdə qətlə yetirilmiş fəhlə Əli Hacı Yaqub oğlunun, eləcə də Ş. Poladov, tələbə Mehdiyevin də adları çəkilir.

Mətbu orqanı olmayan Azərbaycan eserləri "Qafqaz sözü", "Kaspi" və digər qəzetlərin səhifələrində məqalələr dərc etdirirdilər. Təşkilatın liderləri kütlələrin maarifləndirilməsini və xalqın azadlığını özlərinin əsas məqsədləri elan edirdilər. Azərbaycanlılara qarşı soyqrımları zamanı ittifaqçılar eserlərlə və digər partiyalarla birlikdə hakimiyyət nümayəndələrinin təxribatına qarşı çıxış etmişdilər.

Siyasi şəraitin və erməni-müsəlman münasibətlərinin gərginləşdiyi 1905-ci ilin oktyabrında ittifaqçılar sol blok taktikası tərəfdarları olaraq, Sosialist İnqilabçılar Partiyası Bakı komitəsi, sosial demokratlar və erməni spesifikləri ilə birgə qaragüruhçulara və digər təxribatçılara qarşı yaradılmış İnqilabi Koalisiya İttifaqına daxil oldular.

1905-ci ilin avqustunda yaranmış eyni vəziyyətdə İttifaq Partiyası azərbaycanlıları və erməniləri birliyə çağıraraq, hakim dairələrin təxribatlarına uymamağa və qırğınları dayandırmağa çağırırdı. Taktiki üsullarında ittifaqçılar terrorun və anarxist mübarizəsinin tərəfdarı idilər.

Sovet tarixşünaslığında İttifaq Partiyasınının kütlələr arasında dayağı olmadığına görə 1906-cı ilin sonuna doğru tarix səhnəsindən çıxdığı bildirilirdi, lakin son dövrlərdə aşkar olunmuş sənədlərə görə, onların fəaliyyəti 1911-ci ilə qədər davam etmişdir. 1907-ci ildə Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsi ilə birgə yaydıqları vərəqələrdə ittifaqçılar azərbaycanlıların azadlıq hərəkatına qoşulmağa və fəhlələri tətillərə çağırırdılar. Həmin ilin yayında eserlərin Bibiheybət şöbəsi İttifaq təşkilatına üzvlərin cəlb olunmasını bərpa edərək, öz mətbu orqanlarını onların arasında yayırdı.

Polis 1908-ci ildə də eserlərin Azərbaycan dilində çağırışlarını çap etmək üçün mətbəə şriftlərini aşkar etmişdi. Azərbaycan eser təşkilatının mövcudluğu barədə 1911-ci ilə aid bəzi məlumatlar da var. 1917 ildə bərpa olunmuş eser təşkilatlarının milli şöbələri aktiv fəaliyyətə başlamışdılar. Bu vaxtdan etibarən onlar sol — "Əkinçi Partiyası" və sağ — "Xalqçı Partiyası" qanadlarına bölünmüşdülər.

  • Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabı hərəkatı tarixindən, B., 1957; Лопач З.А., Деятельность эсеров в Азербаиджане и борьба большеков против них (1903–1914). Автореф. Канд.дисс., Б., 1981.