İlana sitayiş (totemizm)

İlana sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması.

Qədim xalqların dini baxışlarında ilana sitayiş

[redaktə | mənbəni redaktə et]

Dünyanın müxtəlif xalqları arasında qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür formalarından biri olan ilana sitayiş geniş yayılmışdır. Bu inam şifahi xalq yaradıcılığında - nağıllarda, əfsanələrdə, əsatirlərdə, toponimlərdə, arxeoloji və tarixi abidələr üzərindəki təsvirlərdə özünü göstərir. Qayaüstü rəsmlər arasında da ilan təsvirləri xüsusi yer tutur. E.ə.II minillikdə I minilliyin başlanğıcında bütün dünyada günəşin ilanlarla mübarizəsi haqqında əsatir yayılmışdır. İlanlarla əhatə olunmuş günəş səhnələrinə Tagil çayında yerləşən ilan dağında qayaüstü təsvirlərdə və Qafqazın Qızıl Qobu mədəniyyətinə aid olan saxsı qırıqlarında rast gəlmək olar. İlan bir çox xalqlarda qorxu hissi yaradırdı. Onların təsəvvürlərinə görə, ilan şamanların köməkçisidir. İlan müqəddəs və toxunulmaz idi. Lakin müqəddəs ilanlara sitayiş təkcə bu zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə deyil, həm də onların əzəməti qarşısında ehtiramla bağlıdır. İlanlara ehtiram, digər heyvanlarla müqayisədə daha qədim hesab olunur və dünyanın bir çox xalqlarına məlumdur.

Elə bir ölkə və tayfa yoxdur ki onların ayinlərində ilana sitayiş izləri olmasın. Məsələn, Seylonda Neyqa Allah-ilan haqqında əfsanə mövcuddur. Birmada ilan-allahların şərəfinə məbədlər inşa olunurdu. İlan təsvirlərinə tez-tez köhnə qəsr və məbədlərin divarlarında rast gəlinir. Hindistanda ilanı öldürmək qadağandır, Pəncab əyalətində isə özlərini ilandan əmələ gəldiklərini hesab edən tayfalar mövcuddur.

Bir çox xalqlarda müxtəlif əşyalar üzərində ilan təsvirlərinin yaşı çox qədim zamanlara gedib çıxır. Bəzi alimlər güman edirlər ki, ilan təsvirlərində əkinçiliklə məşğul olan xalqların kosmik təsəvvürləri əks olunur. Təsvirləri səma və günəşə sitayişlə bağlıdır. Ziqzaqvari və dalğavari xətlər ilanı əks etdirir və real mənzərə yaradır. Sonralar ilan obrazı başqa rəmz daşımağa başlayır. O, ağıl, müdriklik və qadın hiyləgərliyini səciyyələndirir. Digər xalqlarda ilan uşaq doğumu havadarı rolunu oynayır.

Bir çox faktlara əsasən ilan türklərdə də müqqədəsləşdirələrək totem səviyyəsinə qaldırılmış və bununla əlaqədar olaraq da, mifoloji antropotoponimlər formalaşmışdır. Qədim türk dilli xalqlar sitayiş etdiyi mifin adını həmişə qəbilə birləşməsinin bilicisinə, dini başcısına xaqanına, böyüklərinə vermişlər”. Hazırda türkmənlərin er sarı tayfasının böyük bir qolu ilanlar adlanır.

Azərbaycanda qədim dini təsəvvürlərdə ilana sitayiş

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlıların təsəvvürlərində ilana ikili münasibət vardır: həm xeyirxah obrazlar, həm də zalım ruhlar kimi. Etnoqrafik müşahidələrə görə, Azərbaycanın bəzi kənd yerlərində ilanı öldürmək (xüsusilə evin, ocağın qoruyucusu hesab olunan ilanların) günah hesab olunur. İlanın evə xoşbəxtlik və bolluq gətirməsi haqqında inanclar mövcuddur. İlan təsvirlərinə saxsı qablarda və bəzək əşyalarında təsadüf olunur (Naxçıvanın Şahtaxtı kəndində ilan təsvirli səhəng, Göygöl rayonunun tarix-diyarşünaslıq muzeyində saxlanılan səhəng üzərində yapma ilan təsviri, Mingəçevirdə yapma ilan təsvirli qab). İlanbaşlı bilərziklər hələ tunc dövründə məlum idi və əcdadlara sitayişi təcəssüm etdirirdi. Onlara çox erkən abidələrdə rast gəlinir. Adətən, hər hansı bir əşyanı dövrələyən iki ilan təsvir olunur.

Üzəri qabarıq, en kəsiyi dairəvi olan ilan başlı tunc bilərziyin bir hissəsi Qəbələdən tapılmışdır. Belə bilərziyin digər ucu da ilan başlı olur. Bu tapıntı ilana sitayişin ilk növbədə əcdadlarımızın şüurunda qorunaraq müxtəlif bədii formalarda öz əksini tapmasını sübut edir. Oxşar bilərziklərə Gürcüstan ərazisində aparılan arxeoloji qazıntlar zamanı da təsadüf olunmuşdur.

İlana sitayiş qədim albanların şüurlarında uzun müddət qalmış və müxtəlif bədii formalarda (keramika və Azərbaycanın digər tətbiqi sənət nümunələrində) əks olunmuşdur. Albanlarda ilana sitayiş bədii tuncda (bəzək əşyaları, qolbaqlar və s.) öz əksini tapmışdır. Bu, antik dövrdə də davam etdirilir və onlara Naxçıvan, Mingəçevir səhəng qəbirlərində rast gəlinir.

İlanla əlaqədar olan müqəddəs yerləri xüsusi qeyd etmək lazımdır. İlan totemi həyat mənbəyi olan qida kimi deyil, zəhərinin təsirinə görə fövqəltəbii qüvvə kimi qəbul oluna bilərdi. Mingəçevirdə ilan haqqında əfsanə ilə bağlı olan İncimi bulağı piri mövcud idi. İlan qayaüstü təsvirlərinə Abşeronda (Ağdaş düzü), Gəmiqaya petroqliflərində də rast gəlmək olar. Burada ilanın müxtəlif təsvirlərinə - cüt və spiral şəklində tək, keçilərlə birgə və s. təsadüf olunur. İlan bir çox Azərbaycan xalq dastanlarında, əfsanələrində ağıl, müdriklik və digər müsbət keyfiyyətləri təcəssüm etdirir. Azərbaycan əfsanələrində ilana ərə getmə motivi həm özündə xalqın ibtidai təfəkküründə ilana olan sitayişin izlərini yaşadır, eyni zamanda mifoloji gerçəkliyi daşıyır, yəni əfsanədəki ibtidai düşüncədə ilana ərə getməklə ilan toteminə qovuşmaq, beləliklə, öz soykökünə yaxınlaşmaq meyili duyulur.

  • Fərəcova M. Azərbaycan qayaüstü incəsənəti. Bakı, 2009.
  • Əhmədova E. Azərbaycan etnonimləri. Bakı-2007.
  • Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, 1983.
  • A.Tapdıqov. Zoomorfik miflərlə əlaqədar mifoloji ahtropotonimlər. Onomastika. Elmi-onomastik jurnal №3, Bakı,2008
  • B.Rəcəbova. Qəbələ şəhərində zərgərlik sənətinin bəzi xüsusiyyətləri. Tarix və onun problemləri jurnalı, №4, Bakı,2010.
  • Асланов Г. Археологические исследования на Абшероне /Археологические и этнографические изыскания в Азерб-не,1976, Б.,1979,
  • Голубкина Г.И. О зооморфной керамике из Мингечаура /Материальная культура Азербайджана, т.И,Изд-во АН Аз.ССР, Баку, 1951,
  • Алиев В. Исследования на территории Нахичеванской АССР. Археологические открытия 1970г. М., 1971г., Изд. "Наука",
  • Алиев В. Наскальные изображения Гемигая/Проблемы изучения наскапьных изображений в СССР, Инст.Археологии АН СССР, М., 1990.
  • Раджабова Б.А. Семантический анализ некоторых предметов украшения средневекового Азербайджана /Respublika arxeologiyası və etnoqrafiyasının I elmi konfransının materilları. В.,1992,
  • Апхазава Н.И. Материальная культура раннесредневековой Восточной Грузии. Тбилиси,1981.