İranzu (b.e.ə. 740 - b.e.ə. 719) – Cənubi Azərbaycan ərazisindəki kiçik çarlıqları və vilayətləri birləşdirərək qüdrətli Manna dövlətinin əsasını qoymuş hökmdar[3], Manna hökmdarları Aza və Ullusununun atası.
İranzu | |
---|---|
Mannanın II hökmdarı | |
b.e.ə. 740[1] – b.e.ə. 719[2] | |
Əvvəlki | Udaki |
Sonrakı | Aza |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | b.e.ə. 719 |
Uşaqları |
Aza Ullusunu |
Dini | Politeizm |
Hökmdar Udakidən sonra b.e.ə. 737-ci il yüruşləri ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun b.e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir (Əgər hər iki kitabədə adı çəkilən İranzunun eyni şəxsiyyət olduğunu nəzərə alsaq deməli o, 20 ildən çox Mannada hökmdarlıq etmişdir).[4]
Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır.[5] İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər.[6]
İranzunun hakimiyyəti dövründə Manna dövlətində vilayət hakimləri zəiflədilərək pərakəndəliyə son qoyulmuş və Manna Ön Asiyanın qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Dövlət ayrı-ayrı vilayətlərə bölündü. Arxeoloji qazıntılar göstərir ki, Mannada sosial-iqtisadi həyat, sənətkarlıq, incəsənət və mənəvi mədəniyyət yüksək inkişaf səviyyəsinə çatmışdır.
İranzunun hakimiyyətinin son illərində (b.e.ə.719) Zikirta vilayətinin hakimi Mettati Urartu hökmdarı I Rusanın təhriki ilə İranzunun hakimiyyətinə qarşı çıxaraq üsyan qaldırmışdı. Bu üsyanı yatırmaqda onu müttəfiqi Assur hökmdarı II Sarqon kömək etmişdir. Dur – Şarukkin (Xorsabad) sarayının II zalının divar yazılarında bu hadisələr haqqında deyilir:
"...Hakimiyyətimin [üçüncü ilində] möhkəmləndirilmiş şəhərlər Şuandahul və Durdukka öz ağaları, mənim boyunduruğumu daşıyan hökmdar Mannalı İranzunun əleyhinə üsyan qaldırmaq fikrinə düşdülər və Zikirtalı Metattiyə arxalandılar. Zikirtalı Metatti öz döyüşçüləri və atçıları ilə onlara kömək etdi. Mən ilahi Aşşurun saysız-hesabsız qoşununu qaldırdım və bu şəhərləri fəth etmək üçün yürüş etdim; güclü kürşatma alətləri ilə onlann möhkəm divarlarmı dağıdıb, yerlə yeksan etdim, əhalini əmlakı ilə birlikdə əsir apardım; bu şəhərləri söküb dağıtdım, od vurdum. Köklərini məhv edən, yaramaz məsləhət verən və Urartulu Ursa ilə razılaşmaya girişən Sukku, Baia və Abitikna (şəhərlərinin) əhalisini günah iş gördüklərinə görə öz yerlərindən qərbdəki Hatti ölkəsinə köçürdüm."[7]
Prof. Q. Qeybullayev qeyd edir ki, bu ad iki cür izah oluna bilər: 1) türkcə ər – "kişi", "igid" və kassi dilindəki yanzi – "çar", "hakim" sözlərindən; 2) türkcə ərən – "cəsur", "mərd" [8] sözü ( ərən "döyüşçü" sözü şumer dilində də vardı) və şumercə zu – "müdrik"[9] sözlərindən ibarət olmaqla müdrik ərən mənasındadır.[10]