Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri.[1]
Mannaların yaşadığı ərazi | |||
Ümumi sayı | |||
---|---|---|---|
? | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi.[2] Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır.[3] Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun[4] adıdır. Bu dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Ümumiyyətlə, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir.[5] Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır.[6][7]
Manna və Mana yerli tələffüz forması məlum olmayan etnonimin assur və urartu dillərində yazılış formalarıdır və mannaların özlərini necə adlandırdıqları bilinmir. Er. əv. VII əsrin sonlarına qədər Asur və Urartu mənbələrində bu etnos Manna və Mana kimi qeyd olunsa da az sonra er. əv. 519-cu ilə aid fars dilində Bisütun qaya yazısında və er. əv. V əsrdə yaşamış və Midiya haqqında ətraflı məlumat vermiş Herodotun Tarix əsərində Manna yaxud Mana etnonimi yoxdur. Tədqiqatçılar bunu belə izah edirlər ki, Manna dövləti Midiyaya birləşdirildikdən sonra bu madaylara qaynayıb qarışmış və tarix səhnəsindən çıxmışlar.
Prof. Q. Qeybullayev qeyd edir ki, "mannalar haqqında məlumat verən assur və Urartu mənbələrində " maq" etnonimi çəkilmir. Lakin, qədim fars və yunan mənbələrində maq etnonimi işlədilir, Manna etnonimi isə göstərilmir. Maqlar Herodotun yazdığına görə, Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biridir. Belə nəticəyə gəlmək olar ki, assur və urartu mənbələrindəki Manna və Mana qədim fars və qədim yunan mənbələrindəki maq etnoniminin ekvivalentidir. Buradan manna və maq etnonimlərinin eyniliyi aydınlaşır. Manna ( Mana) etnosunun adı əslində Manq olmuşdur. Başqa sözlə, bu etnonimin sonunu təşkil edən " nq" qovuşuq səsi danışıqda "q"səsinə keçmiş və manq etnonimi maq etnoniminə çevrilmişdir. Belə bir fonetik əvəzlənmə türk dilləri üçün səciyyəvidir: nq qovuşuq səsi bir halda "n"səsinə (məsələn, qədim türk mənşəli qonqur və donquz sözləri Azərbaycan dilində qonur və donuz kimi tələffüz olunur), digər halda "q" səsinə (məsələn, əsli qovanq olan söz Azərbaycan dilində qovaq kimi tələffüz olunur; yaxud qədim türk mənşəli "tenqri" sözü xakaslarda "teqri", yakutlarda "dəqiri", balkar – karaçaylarda "teyri"kimidir) keçdiyinə görə Manqa etnonimi Maq formasını kəsb etmişdir. Bununla aydınlaşır ki, bir sıra tədqiqatçıların illər boyu izah edə bilmədikləri manna (mana) etnonimi manqa etnoniminin fonetik formasıdır. Bu, Manna adını daşıyanların türk mənşəli olduğunu göstərən faktlardan biridir."[8] İlk dəfə bu məsələni Azərbaycan türkoloqu T. İ. Hacıyev açmışdır. O yazmışdır ki, Manna etnonimi türkmənşəlidir və onun ilkin forması Manqa ("nq"səsilə) olmuşdur.[9]
Mannaların dil və etnik mənsubiyyətləri məsələsi ilə çoxlu tədqiqatçı məşğul olmuşdur. Əksər iranşünaslar qeyd edirlər ki, mannalar hürri dillər qrupuna mənsub idilər və Qafqaz dillərinə yaxın dildə danışırdılar. Mannaların türkdilli olması fikri ilk dəfə akademik Y. B. Yusifov tərəfindən irəli sürülmüş[10] və sonra prof. Q. Qeybullayev tərəfindən[11] əsaslandırılmışdır. Mannaların türkmənşəli olduğunu göstərən faktlardan biri də manq etnoniminin Altay-Türk xalqları içərisində indiyədək qalmasıdır.
Baykalətrafı və Amurətrafı tunqus-mancurların rəvayətlərində "manqi" adını daşımış nəhəng gövdəli adamlar haqqında çoxlu rəvayətlər mövcuddur[12]. Bu tayfadan olanlar tunqusların qızlarını oğurlayanlar kimi göstərilir. Bu da maraqlıdır ki, guya tunquslarda, mancurlarda və şamanlarda manqilərin ruhları yaşayır. Çünki manqilər şamanlar olmuşlar.[13]
Bu etnonim qədim türk-monqollarda "manqut" (manq etnonimindən və türkcə cəm bildirən –ut şəkilçisindən) etnonimində qalmışdır. Cənubi-Şərqi Asiyada erkən orta əsrlərdə yaşamış türkmənşəli bir etnosun adı[14] manqut idi. Hazırda noqaylarda, qırğızlarda, qaraqalpaqlarda, türkmənlərdə və tuvalılarda manqut adlı tayfa vardır. Çingiz xanın qvardiyasının özəyini çox döyüşkən manqutlar təşkil edirdi. Monqol (qədim forması manxol[15]), manq sözündən (türk dillərindəki "q" səsinin monqol dillərində "x" səsi kimi tələffüzü səciyyəvidir) və – ol, -ul şəkilçisindən, manqas (Altayda türkdilli tayfanın adı[16] ), manq sözündən və – as şəkilçisindən ibarətdir. Manqas qədim türk tayfalarından biri sayılır. Y. Q. Ramsted yazır ki, monqolların ulu əcdadlarının türk manqaslarla qanlı müharibələri olmuşdur[17]; mansi (qədim forması manqi), qədim türk tayfalarından birinin adı [18]; mansi Altay dil ailəsinə mənsub dildə danışan və Altayda yaşayan türk xalqlarından birinin adı[19]; (man, qədim forması manq sözündən və – si,-şi şəkilçisindən,[20]; manqi, Altay dil ailəsinə mənsub tunqus – mancurlarda türk tayfasının adı; maniş, Altayda yaşayan bir türk tayfasının adı Гумилев Л. Н. Древние тюрки. М., 1967 , səh 34; monquş (əsli manquş), qırğızlarda bir tayfanın adı; manqol, başqırdlarda türk tayfalarından birinin adı ; munqal və menqu, Tuvada türk tayfalarının adları[21]; munqet, xakaslarda bir tayfanın adı[22]. Qeyd edilməlidir ki, Altay dil ailəsinə mənsub dildə danışan tunqus – mancurlar Amur çayına Manqbu deyirlər (maraqlıdır ki, Amur çayının bir qolu, Kür, digər qolu Urmi adlanır). Tunqus mənşəli ulçilərin etnik adı da manqbudur.
Manq sözünün mənası məlum olmasa da onun qədim türk dillərindəki manqa, munqa (əyilməz, itaət etməyən, öz bildiyini edən[23]) sözü ilə bağlılığı ehtimal edilir. Çingizin nəslindən Menku xanın (1251-1259) əsl adı Manqudur. Babək üsyanı yatırıldıqdan sonra ərəb xəlifəsi tərəfindən Azərbaycana göndərilmiş, Afşinin dayısı oğlu, əslən türk sərkərdə Manquçur (türkcə çur, monqolca sur, yəni qüvvətli, qüdrətli, vüqarlı, əzəmətli deməkdir;[24]) adı da bu sözlə bağlıdır.
X əsrdə Şəkinin hakimi Məhacir (I), XII əsrdə Şirvanşah Mənuçöhr şəxs adları da çox güman bu sözdəndir. Manna (asurca) və Mana (urartuca) etnoniminin sonunu təşkil edən "a" səsinin mənşəyini müəyyənləşdirmək çətindir. Manqa forması Manq etnoniminin şumercə tələffüz forması olması və "a" səsi şumer dilində münasibət bildirən "a" – şəkilçisi olması güman edilir.[25]
Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları qədim yerli adlar adlandıraraq üstündən keçmişlər. Əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaratmışdır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal şəkilçisini bəzi adlarda köklü "u" sonluğundan ayırmaq çətinliyə səbəb olmuşdur.
S u r i k a ş – Türkcə sori – alçaq,hamar dağ beli, iki dağ zirvəsini birləşdirən dağ keçidi[26] və kaş – qaya, dağ çıxıntısı, kənar, sahil[27] sözlərindəndir. Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında indi Suridaş adlı kənd vardır. Balakən rayonundakı Soorqaş dağının adı ilə müqayisə olunur.
U i ş d i ş – Y.B.Yusifov bu toponimi türkcə Bişdiş (Beş diş) hesab edir və beş diş formalı qayası olan dağ kimi mənalandırır.[28] O, Həmdullah Qəzvininin XIV əsr qeyd etdiyi Beşbarmaq dağının adına əsaslanır.
İ z i r t a – Mannada bir şəhərin adı. Türkcə izir, izer – aşırım, dağ keçidi, dağ çökəyi[29] və tay – tərəf sözlərindəndir. Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqailə müqayisə olunur. Y. B. Yusifov qədim toponimlərdə ta komponentini türk dillərindəki too, tuu (dağ) sözü ilə bağlayır.[30] Manna və Midiya toponimlərinin bəziləri (Arsita, İzirta, Meista, Parta, Şurda və b.) üçün "ta" sonluğu səciyyəvidir. Q. Qeybullayevə görə bu komponent türkcə "tay" sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O. T. Molçanova Orta Asiya və Altay toponimiyasında tay sözünə xüsusi tədqiqat həsr etmişdir. O yazır ki, Yakutiyadan Qazaxstanın və Özbəkistanın qərb əyalətlərinə qədər toponimlərdə yayılmış bu söz tərəf, yer mənasındadır.[31] V. V. Bartolda görə, qədim türk toponimlərində (məsələn, Altay) bu söz ölkə anlamını ifadə edir.[32]
U a u ş – Mannada bir dağın adı. Assur mənbəyində bu dağ əlçatmaz (sıldırım mənasında) dağ adlandırılır. İ. M. Dyakonova görə, indiki Səhənd dağının bir hissəsinin adıdır.[33] Ehtimal ki, oronim qədim türk dillərindəki yoquş (yoxuş), yəni dağ zirvəsi, yüksəklik, yaxud youş, yəni pis, düşmən[34] sözlərinin təhrifidir. Q. Qeybullayevə görə İ. M. Dyakonovun Uauş dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıldırım dağ Yaş adlanmasına görə güman ki, assur mənbəyindəki Uauşdur.
A r m a i t i, U r m a y a t e – Mannada bir şəhər və mahal adı. Tarixi ədəbiyyatda çox vaxt Urmiya gölünün adı ilə əlaqələndirilir. Ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adında iki yaşayış məntəqəsi qeyd olunmuşdur. Ehtimal ki, Urmiya şəhərinin adı Mannadakı Urmeyate toponiminin qısaldılmış formasıdır. Q. Qeybullayevə görə, türk dillərindəki arım, irim, yəni fal, nişanə, əlamət, qabaqcadan xəbər verən, ovsun, cadu, sehr[35] və ata sözlərindən ibarətdir. Bəlkə də maqlara mənsub müqəddəs əyalət olmuşdur. Təsadüfi deyil ki, Urmu şəhəri Zərdüşt peyğəmbərin doğulduğu yer sayılır (İbn əl Fakih yazır: Maqlar güman edirlər ki, dinlərinin yaradıcısı Zərdüşt bu şəhərdəndir). Zaqatala rayonunda Armatian adlı dağ vardır ki, bu da maqların özləri ilə gətirdiyi toponim ola bilər. Gürcü mənbələrində bu bölgədə Movakan, X əsrə aid ərəb mənbəyində Muqkan adlı mahalın qeyd olunması da bunu təsdiqləyir. Y. B. Yusifov Assur mənbələrində adı çəkilən bir sıra Manna toponimlərini sadalamışdır.[36]
İ z z i b i a – Assur çarı II Sarqonun (er. əv. 721-705) Manna ərazisinə hərbi səfəri haqqında mənbədə qeyd olunur. Güman ki, şumercə izi – od, türkcə issi, izzi (tuvaca iziq, altayca üzü, uyğurca izik, azərbaycanca isti) və Altay dillərində bia – su sözlərindən ibarət olub İsti su mənasındadır. İndiyədək Cənubi Azərbaycanda Ziviyə yaşayış məntəqəsinin adında qalmışdır.
Q i l z a n – Urmiya gölünün qərb sahilinin adı.[37] Türkcə qöl – göl və ezən – vadi sözlərindəndir. Gölün cənub sahili isə Zamua adlanırdı.[37] Zamua hidronimi türkcə zay (say) və mua (dua) – su sözlərindəndir.
A h ş e r i – Fars dilindəki hşaya – "hökmranlıq" ("şah" sözü də buradandır) sözü ilə əlaqələndirilmişdir.[2] Türkcə akiş – bir yerə yığış, dəstə, toplantı[38] və ər – kişi, igid, döyüşçü sözlərindəndir. Axşeri – dəstənin əri yaxud igid dəstə başçısı mənasını verir. Və ya şemercə akeş – onun ucbatından, onun xatirinə və ərə – qul sözlərindəndir. Teofor adlardan olmaqla (Allahın) xatirinə qul mənasındadır.
İ r a n z u – Bu ad iki cür izah olunur: 1) türkcə ər – "kişi", "igid" və kassi dilindəki yanzi – "çar", "hakim sözlərindən; 2) türkcə ərən – "cəsur", "mərd"[39] sözü ( ərən "döyüşçü" sözü şumer dilində də vardı) və şumercə zu – "müdrik"[40] sözlərindən ibarət olmaqla müdrik ərən mənasındadır.
U l l u s u n u – Prof. Q. Qeybullayeb qeyd edir ki, bu şəxs adında -l səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs assur dilində qoşalaşmayıbsa, onda ullu komponenti qədim türkcə ulla – hörmət olunan, hörmətlə yanaşılan, sayılan[41] sözünün fonetik şəkli ola bilər. Asurca yazılışda bu sözdə l səsi qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki ulu (q) – məğrur, vüqarlı, qüvvətli[42] və sun – keşikçi, nəzarətçi[43] sözlərindən ibarətdir. XIII əsrdə türk xaqanı Uluq,[44] VIII əsrdə qırğızlarda Əren – Uluq xaqan,[45] Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur. Y.B. Yusifov adı türkcə ulu – böyük əzəmətli sözü əsasında "Böyük adam" kimi izah edərək onu hökmdar ləqəbi və ya rütbəsi hesab edir.[46]
U d a k i – Ad şumer dilində Utu – Günəş tanrısı və ku – qismət, pay sözlərindən ibarət olmaqla Utu tanrısının ( verdiyi) pay mənasındadır. Şumer dilində ku sözü həm də mən mənasında olduğuna görə ad Mənim Utu (tanrım) kimi izah oluna bilər. Başqa bir fikrə görə bu ad şumercə atahku – kömək edən qüvvə sözündəndir.