İvan İvanoviç Zurabişvili (gürc. ივანე ივანეს ძე ზურაბიშვილი;26 yanvar (7 fevral) 1872, Poti, Rusiya imperiyası – 14 iyun 1940, Paris) — Gürcü yazıçı, hüquqşünas və siyasətçi. 16 dekabr 2018-ci ildən Gürcüstan Prezidenti Salome Zurabişvilinin babası.[1]
İvan İvanoviç Zurabişvili | |
---|---|
gürc. ივანე ივანეს ძე ზურაბიშვილი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar (7 fevral) 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 1940 (68 yaşında) |
Vəfat yeri | |
Partiya | Gürcüstan Milli Demokrat Partiyası |
Təhsili | Moskva İmperator Universiteti Hüquq Fakültəsi |
İxtisası | hüquqşünas |
Fəaliyyəti | tərcüməçi, siyasətçi |
Poti gömrük rəisi İvane Zurabişvili və Anastasiya Bodokiyanın ailəsindəki altıncı uşaq olaraq anadan olmuşdu. Erkən, üç yaşında atasını və tezliklə anasını itirdi və anasının böyük bacısı Manana Tsitsişvilinin ailəsində böyümüşdü. Xalasının ölümündən sonra Kutaisiyə İvan Beko adlı yaxın qohumunun yanına, göndərildi. Gimnaziyaya və rus dilinin öyrənilməsinə hazırlaşmaq üçün Kejeradze onu gimnaziya müəllimi Kolyanovskinin ailəsinə verdi. 1882-ci ildə İvan Kutaisi klassik gimnaziyasının hazırlıq sinfinə girdi və iki il sonra pansionata daxil oldu.
1891-ci ildə Kutaisi klassik gimnaziyasını bitirdikdən sonra, elə həmin ilin payızında Zurabişvili Kiyev Universitetinin tibb fakültəsinə daxil oldu. Lakin tezliklə tibb fakültəsini hüquq fakültəsinə dəyişdi. 1892-ci ildə məzun olduğu Moskva Universitetinin hüquq fakültəsinin tələbəsi oldu. 1895-ci ildə oranı hüquq diplomu ilə bitirdi.
Gürcüstana qayıdan Zurabişvili Nikolay Nikoladzenin nigahdan kənar qızı Nino ilə evləndi. Evlilikdə üç oğul dünyaya gəldi: Arçil (1896-cı il təvəllüdlü), Georgi (1898 -ci il təvəllüdlü), Levan (1906-cı il təvəllüdlü).
İvan Zurabişvili Gürcülər Arasında Savadlılığın Təşviqi Cəmiyyətinin üzvü idi.
1896-cı ilin sonunda birdəfəlik məskunlaşmaq üçün Tiflisə köçdü. İlya Çavçavadzenin "İveriya" qəzeti, "Moambe" ("Vestnik") jurnalı, gündəlik "Tsnobis Purtseli" qəzeti ilə əməkdaşlıq edərək Mopassan, Anatol Frans, Alfons Dode və digər yazıçıların əsərlərini gürcü dilinə tərcümə etdi.
1897-ci ildə məşhur hüquqşünas Ter-Stepanovun köməkçisi olaraq işə başladı, sonra dəmiryolunun hüquq şöbəsində, 1908–1919-cu illərdə Zaqafqaziya dəmir yolunun baş hüquq məsləhətçisi işləsə də ədəbi fəaliyyətini davam etdirirdi. Zurabişvili Gürcüstan Milli Demokrat Partiyasının təşkilatçılarından biri və rəhbəri oldu (1904). Lakin 30 avqust [12 sentyabr] 1907-ci ildə İlya Çavçavadzenin öldürülməsindən sonra partiyanın fəaliyyəti dayandırıldı və yalnız 1917-ci ildə David Vaçnadze, Revaz Qabaşvili, Aleksandr Asatiani, Nikolay Nikoladze, Ekvtime Takaişvili, Konstantin Abxazi ilə birlikdə Spiridon Kediya tərəfindən bərpa edildi.
1921-ci ildə Qızıl Ordunun Gürcüstanı işğalından sonra Zurabişvili ailəsi ilə birlikdə ölkəni tərk etdi. İlk üç ildə İstanbulda Akaki Xoştariyanın qurduğu bir Türk-İran bankının hüquq müşaviri olaraq çalışdı. 1924-cü ildə Parisə köçdü. Ədəbi fəaliyyətini davam etdirdi, bəzi məktubları "Vin-zen", "Zanzet" və s. təxəllüsü ilə nəşr olundu. "Yaxşı gürcülərin xatirəsinə" kitabı sonuncu idi.
1940-cı ildə Parisdə vəfat etdi. Həyat yoldaşı Nino Nikoladze-Zurabişvili ərindən 19 il sonra vəfat etmiş və cütlük birlikdə Fransanın Eson departamentində yerləşən Lövil qəbiristanlığında dəfn olunub.