İzvança müqaviləsi, 1672-1676-cı illər Osmanlı- Polşa-Litva Birliyi (Reç Pospolita-Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət) müharibəsinə son qoyan sülh müqaviləsi. 27 oktyabr 1676-cı ildə Ukraynanın Zuravno şəhərində imzalandığı üçün Zuravno Müqaviləsi kimi də tanınır. Türkcə adını isə Zoravno şəhərinə Türklərin verdiyi İzvança adından götürür.
İzvança müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 27 oktyabr 1676 |
İmzalanma yeri | Zuravno |
İmzalayanlar |
Reç Pospolita Osmanlı imperiyası |
Tərəflər | Reç Pospolita, Osmanlı imperiyası |
Polşanın Osmanlı İmperiyasının himayəsi altında olan Ukrayna kazaklarına müdaxilə etməsi səbəbiylə 1672-ci ildə baş verən müharibədə Türk qoşunları qısa bir zamanda bütün Podolyeni və Ukraynanın əhəmiyyətli bir hissəsini fəth etdi, Lvov və Lublin mühasirəyə alındı və Polşa Krallığı ağır şərtləri olan Buçaş müqaviləsini imzalamalı oldu.
1673-cü ildə Polşa, ordusunu bərpa etdi, əks-hücuma keçdi və itirilmiş torpaqların bir hissəsini geri ala bildi. Daha sonra Osmanlı İmperiyası bölgəyə cəmləşdi və Türk ordusu 1675-ci ildə böyük bir bölgəni yenidən fəth etdi, Lvova gəldi. Şeytan İbrahim Paşanın komandanlığı altında olan Türk ordusu 1676-cı ildə yenidən bölgəyə hücum etdi və Lvovun cənubundakı Zuravno tərəfə keçdi, III Jan Sobieskinin komandanlığı altında olan Polşa ordusunu mühasirəyə aldı. Çətin bir vəziyyətdə olan və itirdiyi torpaqları geri ala bilməyəcəyini anlayan Polşa-Litva Birliyi sülh təklif etdi[1].
Barışıq təklifi Osmanlı İmperiyası tərəfindən qəbul edildi və müqavilə 27 oktyabr 1676-cı ildə imzalandı. Müqavilə, Buçaş müqaviləsinin şərtlərini bir qədər yüngülləşdirdi, lakin Osmanlı İmperiyasının xeyrinə idi.
Müqaviləyə görə, Buçaş müqaviləsi ilə Osmanlı İmperiyasına verilən Podolyenin Türk torpağı olması təsdiqləndi, Osmanlı İmperiyasına verilən Kazakların üstünlük təşkil etdiyi Ukrayna ərazisinin üçdə biri Polşaya qaytarılarkən, üçdə ikisi yenidən Osmanlı İmperiyasının hakimiyyətinə həvalə edildi. Buçaş müqaviləsinin müddəaları arasında yer alan illik vergi isə qaldırıldı.
Bu müharibədəki qələbəyə baxmayaraq, Osmanlı İmperiyasının xeyli dərəcədə ziyan vurduğu Polşanın Avstriya ilə ittifaq yaratmasına səbəb oldu və bu ittifaqın nəticələrini Vyananın ikinci mühasirəsi (Vyana döyüşü) zamanı ağır bir şəkildə ödədi. Polşanın zəifləməsi Rusiya və Avstriyanın Polşaya və Osmanlı İmperiyasına qarşı güclənməsinə səbəb oldu. Polşanın 1772, 1793 və 1795-ci illərdə bölünməsi ilə müstəqilliyini itirəndən sonra Osmanlı torpaqları Rusiyanın hücumlarına daha çox məruz qaldı.