Dərviş Məhəmməd xan

Dərviş Məhəmməd xan (15241551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi.[2]

Dərviş Məhəmməd xan
درويش محمد خان
may, 1524 – may, 1551
ƏvvəlkiHəsən sultan
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1524
Vəfat tarixi
Vəfat yeri Şəki, "Gələsən-Görəsən" qalası ətrafında
Atası Həsən sultan
Həyat yoldaşı Pərixan sultan
Uşağı Baqi bəy
Dini İslam

Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi.

1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı. Bu zaman onlar ilə qalanı əhatəyə almış qızılbaş dəstələri arasında baş vermiş şiddətli döyüşdə həmin 400 nəfərdən 250-si və Dərviş Məhəmməd xanın özü həlak oldu.

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]
Qafqazın 1532-ci il üçün siyasi xəritəsində Şəki hakimliyi — Dərvişməhəmməd xanın hakimiyyətdə olduğu dövr.

Şah İsmayıl ölümündən (23 may 1524) bir neçə gün əvvəl Ərdəbildə ikən

"Gürcüstanın Kaxet hakimi Ləvənd xanın Şəkiyə gəlməsi və Şəki valisi Həsən bəyin öldürülməsi haqqında"[3].

məlumat almışdı və ona həm də bildirilmişdi ki,

"Şəki camaatı ondan (Həsən bəydən) sonra Dərvişməhəmməd bəyi hökumət taxtına əyləşdirdi..."[2].

Şirvanşah Şahruxa köməyə getməsi

[redaktə | mənbəni redaktə et]

Şah Təhmasibin 1538-ci ilin baharında başlatdığı Şirvana yürüşü zamanı qızılbaşlar Şirvanşah Şahruxun sığındığı Buğurt qalasını mühasirə edərkən,

"o əsnada Şəki hakimi Dərvişməhəmməd xan dağlıq yerlərin ləşgərini toplayıb Şahruxun köməyinə gəldi ki, qalanın yanında (qızılbaş) əmirlərin ordugahına şəbxun yetirsin. Bu məqsədlə ordunun yaxınlığına gəlib; nağara döyəcləndi və surlar çalındı. Məhəmməd bəy Şirbəxt oğlu Talış və bəzi qorçilər o "yolunu azmışın" dəfinə rəvan oldular və onları (şəkililəri) məğlub edib, onun (Dərvişməhəmməd xanın) əksər adamlarının həyat paltarından lüt-üryan etdilər. Elə ki şirvanlılar Dərvişməhəmməd xanın imdadından məyus oldular"[4], təslim olmaq qərarına gəldilər.

3 sentyabrda Şirvanşahların sonuncu müqavimət ocağı – Gülüstan qalası da müqaviməti dayandırdı və bununla da Şirvanın Səfəvilər tərəfindən işğalı başa çatdı, Şirvanşah Şahrux isə Təbrizə aparıldı və 1539-cu ildə orada gizlincə edam edildi.

Şah Təhmasibin bacısı ilə evlənməsi

[redaktə | mənbəni redaktə et]

Şirvanşahlar dövlətinin süqutundan dərhal sonra Səfəvilərin Şəkiyə hücum etməsi labüd idi. Lakin nədənsə bu hadisə baş vermədi. Əvəzində isə tarixi mənbələr Dərvişməhəmməd xanın 1539-cu ildə Səfəvilər xanədanı ilə qohumlaşmasından xəbər verir; Dərvişməhəmməd xan Şah Təhmasibin dul bacısı ilə, yəni mərhum Şirvanşah II Xəlilullahın arvadı olmuş Pərixan xanımla evlənir[5]. Çox güman ki, məhz bu evlənmə sayəsində qızılbaşların Şəkiyə gözlənilən hücumlarının qarşısı alınmış olur.

Şah Təhmasibin yanına getməsi

[redaktə | mənbəni redaktə et]

Şirvanşahlar dövlətinin süqutundan sonra Şah Təhmasib Şirvanın idarə edilməsi işini öz qardaşı Əlqas mirzəyə tapşırmışdı. Hadisələrin gedişatını izləyərkən bu qənaətə gəlirik ki, Dərvişməhəmməd xan Əlqas mirzənin Şirvan valiliyinin ilk illərindən, ta son gününədək, yəni 1547-ci ilə qədər onunla olduqca yaxşı münasibətlərə malik imiş. O cümlədən, 1541-ci ildə Şah Təhmasib Ucan və Səhənd yaylaqlarında olarkən, Dərvişməhəmməd xan məhz Əlqas mirzə ilə birlikdə şahın yanına getmişdi və şah tərəfindən

"nəvaziş qazanaraq, öz vilayətlərinə qayıtmaq icazəsi aldılar"[6].

Pərixan xanımın vəfat etməsi

[redaktə | mənbəni redaktə et]

Dərvişməhəmməd xanın arvadı Pərixan xanım 1543-cü ildə dünyasını dəyişdi. Tarixi mənbələrdə Pərixan xanımın Salyandakı Xosrovabad qəsəbəsində "Şahzadə bəyim nəhri"nin, düyü, taxıl, pambıq əkilən sahələrinin və s. daşınmaz əmlakının olması göstərilir və həm də qeyd edilir ki, bunlar onun ölümündən sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsinə vəqf verilmişdir. Şah Təhmasib isə sevimli bacısının adını yaşatmaq üçün 1548-ci ildə doğulmuş qızının adını "Pərixan" qoymuşdur[7].

Şahnəzərin Dağıstanda öldürülməsi

[redaktə | mənbəni redaktə et]

Əlqas mirzənin 1547-ci ildə təşkil etdiyi Dağıstan yürüşündə isə Dərvişməhəmməd xanın qardaşı Şahnəzər iştirak etmişdir. Lakin o,

"çərkəzlərlə vuruşda nizə ilə vurulub atdan salındı və həlak oldu"[8].

Şəkinin talan edilməsi

[redaktə | mənbəni redaktə et]

Yuxarıda qeyd edilən döyüşdən az müddət sonra Əlqas mirzə öz qardaşı Şah Təhmasibin qoşunlarının təqibinə də məruz qalmış və Şirvandan qovulmuşdu; çünki, o, mərkəzi hakimiyyətə qarşı çıxmış, öz adına sikkə vurdurub xütbə oxutmaqla müstəqil hökmdar olmağa cəhd etmişdi.

Əlqas mirzənin adamları hələ bir müddət DərbəndGülüstan qalalarına sığınaraq müqavimət göstərməkdə ikən, o, özü Kəfədən dəniz yolu ilə İstanbula getdi və Sultan Süleyman tərəfindən hörmətlə qarşılanaraq 1548-ci ildə Osmanlı İmperiyasının Səfəvilər dövlətinə qarşı növbəti yürüşündə iştirak etdi. Göstərilən ilin may ayının sonunda Sultan Süleyman və Əlqas mirzə əsgəri sayı 100 mindən az olmayan ordu ilə Təbrizə girdilər, amma 3-4 gündən sonra şəhəri tərk edib geri çəkildilər. Osmanlıların Azərbaycanda qərar tuta bilməməsinin əsas səbəbi isə bu idi ki, onların hədsiz-hesabsız ordusunun orada qalmasını əngəlləmək üçün Şah Təhmasibin göstərişi ilə əvvəlcədən, planlı şəkildə tədbirlər görülmüşdür. Məsələn, Osmanlı sərhədindən Təbrizə qədər su, ərzaq mənbələri və otlaqlar məhv edilmişdi.

Aydındır ki, Osmanlıların geri çəkilməsindən sonra həmin əngəlliklər bu dəfə yerli əhali, o cümlədən Səfəvilər dövləti üçün ərzaq və yem qıtlığı demək idi.

Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki,

"Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".[9]) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib..."[10].

Bundan sonra isə Şah Təhmasib təkrarən "təşrif buyurmuş" qardaşını dəf etmək üçün qışlamanı yarımçıq qoyub, öz ordusunu Qarabağdan çıxartdı. Tezliklə, Əlqas mirzə yaxalandı, Qəhqəhə qalasına salınıb ömürlük dustaq edildi və sonra elə oradaca dünyasını dəyişdi.

Şah Təhmasibin fərmanında

[redaktə | mənbəni redaktə et]
I Şah Təhmasib (miniatür)

1548-ci ildə, Şirvanşahlar xanədanından olan Bürhan Osmanlıların köməyi ilə Şirvanda əcdadlarının taxt-tacına yiyələnə bilmiş və iki ilə qədər səltənət sürdükdən sonra qızılbaşlarla toqquşma ərəfəsində öz əcəli ilə dünyasını dəyişmişdi. Şirvan Səfəvilər tərəfindən təkrarən tutulmuş və Abdulla xan Ustaclı bura bəylərbəyi təyin edilmişdi. Güman olunur ki, eyni zamanda Şəki hakimi "Dərvişməhəmməd xan da Səfəvilərə tabe olduğunu bildirmişdir"[11].

1550-ci ilin sentyabr ayında Şah Təhmasib Şirvan ölkəsinin dini işlər üzrə sədrinin səlahiyyətlərinin Şəkiyə də şamil olunması barədə fərman verdi. Fərmanda Dərvişməhəmməd xanın adı kifayət qədər hörmətlə çəkilərək qeyd olunur ki,

"Oranın hakimi, idarəçilik pənahı, hökumət büsatlı, kəramətli, hakimlərin dayağı, hakimiyyət və səadətin günəşi Dərvişməhəmməd xan yazılmış qaydada qərar verildiyini bilərək o nəqiblik pənahını qüdrətləndirməyə və etibarlandırmağa çalışsın"[12].

Səfəvilərə müqavimət göstərməsi və ölümü

[redaktə | mənbəni redaktə et]
"Gələsən-Görəsən" qalasının cənub qapısının sağ və solundakı iki bürcü, 2012-ci il.

1551-ci ilin yazında Şah Təhmasib Şəkiyə yürüşə başladı və böyük bir ordu ilə gəlib Ərəşə düşdü. Burada Kaxetiya hakimi Levan da oz dəstəsi ilə qızılbaşlara qoşuldu. İlk toqquşma çox güman ki Şəki ölkəsinin sərhədində baş verdi və Bədr xan ilə Şahqulu sultan Ustaclının başçılıq etdiyi qızılbaş dəstələri "Dərvişməhəmməd xanın qarovullarını" məğlub edərək "Əmir Yusif", yaxud "Əmir Cövşən" adlı[13] Şəki sərkərdəsini əsir götürdülər və onu Şah Təhmasibin yanına göndərdilər.[14]

Dərvişməhəmməd xan Kiş qalasının mühafizəsini əsir düşmüş Şəki sərkərdəsinin qardaşı Mahmud bəyə tapşırıb özü "Gələsən-Görəsən" qalasına sığındı. Şəki əhalisinin bir qismi isə bir dağın başında – "Sığnaq" deyilən yerdə, qərar tutdu.

Sunduk bəy Qorçibaşı, Bədr xan və Şahqulu sultanın başçılıq etdiyi qızılbaş dəstələri Kiş qalasına, Şahqulu Xəlifə möhürdarla bəzi qızılbaş əmirlərin başçılıq etdiyi dəstələr Sığnağa və Abdulla xan ilə Kaxet hakimi Levan xanın tabeliyində olan dəstələr isə "Gələsən-Görəsən qalasına hücum etdilər.

Şəkililər inadla müqavimət göstərirdilər. Məsələn, Şahqulu xəlifə Zülqədər öz dəstəsi ilə Sığnağın yerləşdiyi dağa qalxmaq istəyərkən, əks tərəfdən açılan tüfəng atəşləri ilə geri otuzdurdu.

Qızılbaşlar döyüşə-döyüşə "Gələsən-Görəsən" qalasına yaxınlaşdılar, qala divarları yanında "sib"lər (barrikadalar) qurdular, qala divarlarına yaxından atəş aşmaq üçün bir "firəng topu"nu[15] bir dəstə ilə qala divarlarının lap yaxınlığına – dağa, qaldırdılar. Lakin birdən, gözləmədikləri halda qalanın qapısı açıldı, müdafiəçilərdən bir dəstə bayıra çıxıb topu yuxarı qaldıran qızılbaş dəstəsinə hücüm etdi və onlardan bir-neçəsini qətlə yetirib, "firəng topu"nu da özləri ilə götürərək tez-tələsik qalaya çəkildi. Nəticədə "Gələsən-Görəsən" qalasının müdafiəsi daha da gücləndi və oradan qızılbaşlara "firəng topu"ndan atəşlər açılmağa başlandı.

Kiş qalası da ciddi müqavimət göstərirdi. Həsən bəy Pənk oğlunun[16] 1000 nəfərlik tüfəngçi dəstəsi 20 gün ərzində qalanın qərb tərəfində mövqe tutaraq qalaya atəş açırdı. Qalanın bürcünün hansısa bir dişində bir qaraltı görünən kimi, ora yüz tüfəngdən güllə atılırdı. Qalaya doğru atılan topların zərbəsindən və qala divarlarına tətbiq olunan badlicin (partlayıcının) təsirindən qalanın bir bürcünün divarının aşağısında böyük bir oyuq əmələ gəlmişdi və qızılbaşlar ora çur-çubuq yığıb od vurdular. Nəticədə bürc uçdu və ( bundan sonra – 16 may tarixdə[17],) qalabəyi Mahmud bəy qaladan bayıra çıxıb qalanın qapılarının açarlarını Şah Təhmasibin vəkillərinə təqdim etdi. Şah Təhmasibin əmri ilə bu "istehkamın bürc və barıları yerlə yeksan edildi".

Kiş qalasının təslim olması nəticəsində Şah Təhmasibin daha böyük qüvvə ilə Sığnağa hücum etməsi üçün şərait yarandı və o, doğrudan da daha çox qoşunla Sığnaq tərəfə hərəkət etdi. Səfəvi tarixçisinin təbirincə,

"Sığnaq adamları Kiş qalasının fəthindən xəbərdar olan kimi, dəstə-dəstə Şah aləm pənahın dərgahına gəldilər"[18].

Sözsüz ki Sığnaq müdafiəçilərinin təslim olmasının əsas səbəblərindən biri də Şah Təhmasibin sabiq qalabəyi Mahmud bəyi öz yanında saxlaması idi. Yəni Şah Təhmasib Sığnaq müdafiəçilərinə əyani surətdə göstərirdi ki, "baxın, sizin hörmətli sərkərdəniz – Mahmud bəy, o, indi mənim yanımdadır və mən onu əfv eləmişəm, siz də təslim olun, sizi də əfv edəcəyəm!".

Kiş qalası ilə Sığnaq müdafiəçiləri təslim olandan sonra isə Dərvişməhəmməd xan gecə 400 nəfərlə "Gələsən-Görəsən" qalasından çıxıb qalanı mühasirə edənlərlə vuruşmağa başladı. Bu "Gələsən-Görəsən" qalasından edilən növbəti şəbxun idimi? Ya Dərvişməhəmməd xan qızılbaşların tezliklə daha böyük qüvvə ilə "Gələsən-Görəsən"ə hücum edəcəyini və bu halda da qalanın müdafiəsinin daha da çətin olacağını nəzərə alıb, gecəliklə mühasirəni yararaq qalanı vaxtında tərk etmək istəmişdi? Qızılbaş mənbəsində birmənalı olaraq Dərvişməhəmməd xanın 400 nəfərlə qaladan qaçmağa cəhd etməsi vurğulanır və həm də qeyd edilir ki həmin 400 nəfərdən 250-i qızılbaşlar tərəfindən qətlə yetirilmiş, o cümlədən, Çərəndab sultanın mülazimi Kosa Pirqulu Dərvişməhəmməd xanı öldürərək, başını kəsib Şah Təhmasibin yanına gətirmişdir. Eyni mənbədə Şah Təhmasibin öz yanında saxladığı Kiş qalasının sabiq qalabəyisi Mahmud bəyin "əsassız şübhəyə düşərək" qaçması da göstərilir və mümkündür ki "Gələsən-Görəsən"dən edilən son hücum zamanı qızılbaş ordusunda qarma-qarışıqlıq yaranmış, məhz bu zaman isə Mahmud bəy fürsətdən istifadə edərək aradan çıxa bilmişdir.

Ölümündən sonra

[redaktə | mənbəni redaktə et]

Dərvişməhəmməd xanın öldürülməsindən sonra Şah Təhmasib Şəkidə öz adına sikkə vurdurub[19] xütbə oxutdurdu, Şəki ölkəsi Səfəvilər dövlətinin bir subyekti oldu və buranın idarə edilməsi Toygün bəy Qacara tapşırıldı[20].

19-cu əsrə aid Şəkinin yerli mənbəsinə görə Dərvişməhəmməd xanın öldürülməsindən sonra

"Şəki xəlayiqi də istiman (aman istəmək) edib. Şah əfv eləyib, buyruq veribdir, hər kəsə gəlib məqamında sakin olublar. Dərvişməhəmməd xanın oğlu Baği bəy də şah hüzuruna gəlib, şah öldürməyibsə də, xanlıq hökumətini də Bağı bəyə verməyib"[21].

Şah Təhmasib Sultan Süleymana göndərdiyi bir Fəthnamədə isə bu qələbəsini belə şərh etmişdi:

"Cümlə fəthlərin təzəsi Şəkinin istilasıdır ki o yerin valisi ki... Xeybər qalaları kimi qalalara sığınmış idi, qala topunun ... badlic və tüfəng zərbəsinə onların qalasını yerlə yeksan etdirdik ... (və Dərvişməhəmməd xan) iti qılınc zərbəsi ilə qətlə yetirildi"[22].

  1. Digər bir mənbədə, Dərvişməhəmməd xanın atasından bəhs edilərkən göstərilir ki, "Həsən bəy ki özünün ata-babası o yerdə (Şəkidə) hakim idi və şirvanşah şəcərəsindəndir"; bax: İsgəndər bəy Türkman. Tarix-i aləmara-yi Abbasiy, 1-ci cild, səh.: 82, Tehran, h.ş.1333.
  2. 1 2 Namiq Musalı. "Cahangüşayi xaqan-i sahibqiran" əsərində Şəki tarixinə aid məlumatlar, "Şəkinin səsi" qəzeti, səh.: 3, №3(436), 15 iyun 2009-cu il; . Həmçinin bax:>> Arxivləşdirilib 2015-10-01 at the Wayback Machine
  3. Namiq Musalı. "Cahangüşayi xaqan-i sahibqiran" əsərində Şəki tarixinə aid məlumatlar, "Şəkinin səsi" qəzeti, səh.: 3, №3(436), 15 iyun 2009-cu il; . Həmçinin bax:>> Arxivləşdirilib 2015-10-01 at the Wayback Machine.
  4. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 286-289, Bəroda, 1931.
  5. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar, səh.: 14, Bakı, 1996.
  6. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 300, Baroda, 1931.
  7. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar, səh.: 14; 85, Bakı, 1996.
  8. Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, səh.: 73, Bakı, 1981; Budaq Monshi Qazvini. Javaher al-axbar, səh.: ? Tehran, 2000
  9. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 334, Baroda, 1931.
  10. Şah Təhmasib Səfəvi; Əsnad və mükatibati tarixiy, səh.: 184-185, Tehran, h.ş. 1350 (Şah Təhmasibin Məlik Kəyumərsə göndərdiyi Fəthnamə, Əbdülqasım Evoğlu Heydərin "Məcmuətül-mürasilat"ından).
  11. T.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər, səh.: 19, Bakı, 1977.
  12. T.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər, səh.: 65, Bakı, 1977.
  13. Mənbədə "Əmir Yusif" kimi yazılıb, lakın bir qədər sonra həm də qeyd olunub ki, "Dərvişməhəmməd xan Cövşən ağanın qardaşı Mahmud bəyi Kiş qalasının mühafizətinə qoydu"; sual ortaya çıxır, hansı Cövşən ağanın? Axı mətndə Cövşən ağanın adı daha əvvəl heç çəkilməyib?! Lakin diqqət yetirdikdə ki ərəb əlifbası ilə (çap yox, əlyazma xəttində!) "Cövşən" və "Yusif" adlarının yazılışı bir birinə çox bənzəyir, o zaman nəticə çıxara bilərik ki mətndə texniki səhvə yol verilib və mənbədə "Cövşən" və "Yusif" adı ilə təqdim olunan 2 ayrı-ayrı şəxs əslində eyni adamdır.
  14. Burada yazılanlar, əsasən, Həsən Rumlunun "Əhsnüt-Təvarix"indəki "...Şah din pənahın Şəki tərəfə üz tutması və Dərvişməhəmməd xanın öldürülməsi" adlı bəhsin xülasəsidir; bax: Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 348-351, Baroda, 1931.
  15. Şah Təhmasib 1549-cu ildə Portuqaliyadan 20 top alınmışdı (Bax: Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı İmperiyası, səh.: 135, Bakı, 1995.).
  16. "Xülasətül təvarix"də "Həsən bəy Fəth oğlu Ustaclı; Bax: Şükufə Məmmədova. Xülasət ət-təvarix Azərbaycan Tarixinin mənbəyi kimi, səh.: 82, Bakı, 1991.
  17. Bu tarix yalnız Qazi Əhməd Quminin "Xülasətül-Təvarix"ində qeyd olunur, amma istinad edilən mənbədə həmin məqamda Kiş qalası əvəzinə "Gələsən-Görəsən" qalasının adı çəkilmişdir; Bax: Şükufə Məmmədova. "Xülasət ət-təvarix Azərbaycan Tarixinin mənbəyi kimi, səh.: 82, Bakı, 1991.
  18. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 348-351, Baroda, 1931.
  19. Amma numizmatikada hələlik, nəinki Şah Təhmasıbın adından, hətta hansısa bir Səfəvi şahının adından Şəkidə kəsilmiş bircə nümumunə belə məlum deyil!
  20. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 351, Baroda, 1931.
  21. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri; Şəki xanlığının tarixindən, səh.: 24, Bakı, 1993.
  22. (جملهء فتوحات مجدد تسخیر شکی است که والی آن جا که باًعن جد درآن عرصهء دل گشا و قلاع خیبر آسا متحصن بود به ضرب توپ قلعه کوب وبادلیج و تفنگ قلعهء ایشان را با خاک برابرساخته به ضرب شمشیر آبدار دمار از آن تیره روزگار بر آورده ) Şah Təhmasib Səfəvi; Əsnad və mükatibati tarixiy, səh.: 215 Tehran, h.ş. 1350. Amma məktubun sonunda yazılma tarixi hicri 957-ci ilin səfər ayı (1950-ci ilin fevral ayı) kimi göstərilir?! Elmi-tənqidi mətni nəşrə hazırlayan Ə.Nəvainin fikrincə bu tarix səhih deyil, o, güman edir ki daha doğru tarix hicri 961-ci ilin səfər (miladi 1554-cü ilin yanvar) ayı ola bilər; bax: səh.: 237, qeyd 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]