Azərbaycan türklərinin təşəkkülündə iştirak etmiş qədim türk tayfalarında biri də şamake tayfasıdır. Azərbaycanlıların mənşəyinə dair konsepsiyaya əsasən Şirvan və Şamaxı toponimləri də İranmənşəli və ya Qafqazmənşəli sayılırdı. Hətta Şamaxı adının ərəbmənşəli olduğunu yazanlar da olmuşdu. Halbuki, Şamaxının adı bir şəhər kimi Kemaxiya formasında II əsrdə Ptolomey tərəfindən çəkilmişdi. Son tədqiqatlardan sonra isə Şamaxı adının məhz şamake tayfasının adını yaşatdığı şübhə doğurmur. Bu tayfanın adı V–VII əsrlərə aid qədim ərmən mənbələrində "ijmak" kimi çəkilir. Lakin onun etnik mənsubiyyəti haqqında heç bir məlumat verilmir. Tayfanın türkmənşəli olmasını yalnız etnonimik və toponimik paralellər əsasında sübut etmək mümkündür.
İlk dəfə olaraq I əsr müəllifi Böyük Plini haradasa Şimali Qafqazda kamak adlı bir tayfanın yaşadığını qeyd edir.(Plini, VI,21). Yunan və latın dillərinə "ş" ilə başlanan sözlər "k" və ya "s" ilə verilirdi. Ona görə də Plininin qeyd etdiyi kamak etnonimi şamak kimi bərpa olunur. Müqayisə üçün deyək ki, Ptolomey də Qafqaz Albaniyasında Şamakiya toponimini Kemaxiya kimi yazmışdı. Plini yazır ki,(Plini, VI,50) kamaklar və saklar Orta Asiyada Yaksart (Sır-Dərya) çaynın arxasında da yaşayırlar. Həqiqətən də qazaxlarda mənşəcə saklarla bağlı olan şomakey,qaraqalpaqlarda,türkmənlərdə şamak,qırğızlarda şamake, şamaka adlı türkmənşəli tayfalar indi də var.Xarəzmdə və Türkmənistanda Şamaxqala adlı iki qala xarabalıqları vardır. Maraqlıdır ki,Orta Asiyada Şamaxqalalar Şirvanqalalarla yanaşıdır.
Şamak tayfasının Qafqaz Albaniyasındakı tarixi rolu məlum deyil. Biz yalnız onların Qafqaz Albaniyası ərazisində yaşadıqlarını bilirik. Hər halda II əsrdə Şamaxı adlı şəhər artıq vardırsa, onda bu tayfanın eramızdan əvvəl bu ərazidə yaşamasını güman etmək olar. Qeyd edilməlidir ki, erkən orta əsrlərdə Şimaki adlı yaşayış məntəqəsi Güney Azərbaycanda, Şamak adlı kənd isə Tatarıstanda məlum idi.