Şinden-zukuri (寝殿造?, azərb. Əsas bina mərkəzli tikili) – Heyan dövründə, xüsusilə X əsr Yaponiyasında Heyan şəhərində aristokratların evləri üçün istifadə olunan memarlıq üslubu.[1]
Bu memarlıq üslubu əsasən Yaponiya aristokratları tərəfindən istifadə olunurdu. Bu ev standart olaraq düzbucaqlı sahədə yerləşən bağlı keçidlərlə əlaqələnən düzbucaqlı binalardan ibarət idi. Şinden (əsas bina) mərkəzdə yerləşdiyi üçün bu üsluba da şinden adı verilmişdir. Hər bina bir otaq idi. Lakin daha sonra ərzaq və dincəlmə otaqlarını ayırmağa başladılar.[1]
Şinden-zukuri Çin təsirindən qurtulub Yaponiyada özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Qüvslü, hündür, taxta kirəmitli saçaqlı damları var idi. Binanın inşasında istifadə olunan taxt yapon sərvindən idi. Dam taxta sütunlarla yerdən yüksəldilmişdi. Divarlar şocilərdən (sürgülü kağız qapı) ibarət idi. Evdə sadə atmosfer ön planda idi. Evlərin böyüklüyü sahibin vəzifəsinə görə dəyişirdi.[1]
Evlər bu bölmələrdən ibarət olurdu:
Standart bir bölmə bir çox düzbucaqlı təbəqədən ibarət idi. Çöldən başlayaraq sunoko (açıq veranda), geniş saçaqları olan hisaşi (xarici otaq) və ən içəridə də moya (əsas otaq) var idi. İnteryerin bölmələri sadəcə altda kağız sürgülü bölmələr və pərdələrlə ayrılırdı. Buna görə də bir bölmə istisna olmaqla, otaq bölmələrinin üst hissəsi tavana qədər açıq idi. İçəridə az əşya olurdu. Tatami (həsir örtülər) ancaq oturula bilən yerlərdə qoyulurdu. Otaqda şkaf, yazı ləvazimatları, Çin mənşəli qutular, sandıq, çodayı (pərdəli səki) qoruyan bir cüt çinsu (taxta heyvan), qışda manqal olurdu.[1]
Sunako ən çöldə yerləşən açıq veranda idi. Binanın bütün çevrəsini əhatə edən açıq dəhliz şəklində idi. Tez-tez pərdələr və şirmalar vasitəsilə qəbul otağına çevrilirdi. Eyni zamanda mərasimlərdə mərasimi izləyənlərin oturduğu bölmə idi. Ətrafında boşluqlar buraxılaraq koran (müqəvva) qoyulurdu.[1] Hisaşi sunakodan qəfəsli pəncərə taxtaları ilə ayrılmışdı. Qəfəsli pəncərə taxtalarının üst hissəsi qaldırılıb saçaqlara bitişdirilə və alt hissəsi çıxarıla bilərdi. Bunlar olmayanda misular və ya kiçolar (pərdəli şirma) qoyulurdu. Bəzən ikisi də olurdu. Hisaşi qonaq otağı və ev sahibin qaldığı otaq kimi istifadə olunurdu.[1]
Moya hisaşidən misu, kiço və ya hər ikisi ilə ayrılırdı. Mərkəzdə moya var idi. Onun içində çoday var idi. Moyanın içindəki çoday yataq və istirahət bölməsi idi. Otağın hündür hissəsi tatamilərlə bağlı idi, pərdələrlə əhatə olunmuşdu və tavanı var idi. Otağın qalan hissəsi hündür tavana qədər açıq idi.[1]
Nuri kome (qapalı otaq) moyadan qalın divarla ayrılan otaq idi. Yataq otağı və ya xüsusi əşyaların qoyulduğu otaq kimi istifadə olunurdu. Dey (qəbul otağı) şindenin şimal-şərqində və ya şimal-qərbində yerləşən otaq idi və qonaqların qəbul edilməsi üçün istifadə olunurdu.[1]
Otaqlarda şitomitolar (qəfəsli qapı) və ya tsumadolar (yan qapı) var idi. Qəfəsli qapı qəfəs şəklində taxta qapı idi. Yuxarı-aşağı açılırdı. Yan qapı da taxtadan idi, sağa-sola açılırdı. Əsasən hər küncə bir qapı var idi.[1]
Şoci (sürügülü kağız qapı) iki yana doğru çəkilərək açılan taxta çərçivəli kağız qapıdır. Heyan dövrünün qapıları bu qapılarla hazırlanırdı.[1]
Şinden bölməsinə çıxan nərdivanlar öndə və yanlarda, hərəsində 1 dənə olmaqla, 3 ədəd idi. Ön nərdivan əsasən özəl şəxslər tərəfindən istifadə olunurdu. Normal halda sağ və sol nərdivanlardan istifadə olunurdu.[1]
Tsuycibey (xarici divar) kərpicdən tikilirdi. Divarın üzərində taxta dam var idi. Kərpicdən hazırlandığı üçün bəzən təmirə ehtiyacı olurdu. Tsuycibey yıxılanda "bu evdə yaşayanlar yoxsulluq çəkir" fikrinə səbəb olduğundan, divarın vəziyyətini tez-tez yoxlamaq lazım gəlirdi.[1]
Omote mon (ön qapı) kərpic tsuycibeydə tikilirdi. Rəsmi giriş qapısı idi. Şərqdə və ya qərbdə olurdu. İki tərəfdə də olduğu dövrlər olurdu. Qapı ev sahibinin statusuna görə müəyyən bir formada hazırlanırdı. Müxtəlif qapı növləri var idi.[1]
Yotsuaşimon (dörd ayaqlı qapı) iki əsas və iki yan sütun üzərində hazırlanan qapıdır. Çox geniş istifadə olunurdu. Şərq və qərb qapısı olaraq adlandırılırdı. Ancaq 3-cü səviyyə və daha yüksək səviyyəli şəxslərin evlərində istifadə etməsinə icazə var idi. Muna mon (sütunlu qapı) iki sütun üzərində tikilən üçbucaq damlı qapıdır. Hira mon (düz damlı qapı) iki sütun üzərində tikilən düz damlı qapıdır. Aqetsuçi mon (yüksək kərpic qapı) kərpic divara sadəcə bu qismi yüksəldilərək tikilən qapıdır.[1]
Xarici qapı ilə daxili divar arasında malikanədə işləyənlərin evləri, tövlələr kimi yerlər yerləşirdi.[1]
Öküz arabası bölməsində ev sahibinin səyahətlər üçün istifadə etdiyi öküz arabası saxlanılırdı. Əsasən daxili divarın xaricində olurdu. Ancaq ev sahibin deyil, qonaqların da arabaları bura qoyulurdu.[1]
Arabaya minmə-düşmə bölməsi qonaqların arabalarından düşüb minmələri üçün istifadə olunan, girişin qabağında yerləşən damlı bölmədir. Yerlər əsasən daşlarla döşənirdi.[1]
Mühafizəçilər bölməsi ev sahibi evdən çıxarkən onu qoruyan mühafizəçilərin qaldığı bölmədir. Ön qapı ilə giriş bölməsi arasında tikilirdi.[1]
Nakamon (daxili qapı) əsas qapı ilə binanın girişi arasında yerləşirdi. Tikilidən asılı olaraq fərqli cür olan nakamon malikanənin şərq və qərb bölmələrinin hərəsində bir ədəd idi. Müasir dövrdəki girişlərin funksiyasını daşıyan bölmə idi. Xüsusi vəziyyətlərdə xarici qapıdan şindenin qabağındakı bölməyə öküz arabası ilə girişi təmin edəcək şəkildə hazırlanırdı. Ancaq adi insanlar arabadan bu bölmədə düşürdülər.[1]
Çumonro (giriş dəhlizi) şindenin şərq və ya qərbindən tsuridonoya (balıq ovu köşkü) qədər uzanan dəhlizdir. Ortasında giriş qapısı olan nakamon yerləşdiyindən bu cür adlanırdı. Mərasimlər zamanı bəzən buraya oturma yerləri də qoyulurdu. Bağçanı çöldən ayırırdı.[1]
Vataridono (dəhliz) şindeni digər bölmələrlə birləşdirən dəhlizə deyilirdi. Divarları olanda qəfəs pəncərələri qoyulurdu.[1]
Tsuridono (balıq ovu köşkü) gölməçənin yaxınlığında tikilən köşk idi.[1]
Heyan dövrü evinin tez-tez istifadə olunan elementlərindən biri də pərdələr və şirmalar idi. Bütün bu pərdələrin arxasında Heyan dövrü qadını yaşayırdı. Başqasının qulluqçusu deyilsə və ya işi məcburi deyilsə, sunakoya çıxmazdı. Əgər çox yaxın deyillərsə, bəyin qonaqlarını, hətta qardaşlarını belə, pərdələrin arxasından qəbul edərdi. Onların içəriyə daxil olmalarına icazə versə belə, özünü yelpik, pərdə, parçalar ilə gizlədərdi. Lakin bu ziyarətlər zamanı zadəgan qadınlar qat-qat paltarlarının alt ucunu kiçoların altından bayıra çıxarıb qonaqlara göstərə bilərdilər.[1]
Misu (bambuk pərdə) incə lent şəklində kəsilmiş bambuklardan hazırlanan bir növ jalüz idi. Həm günəşdən qoruyurdu, həm də pərdə funksiyası daşıyırdı.[1]
Kiço (pərdəli şirma) taxtadan hazırlanmış bir çərçivəyə taxılan pərdədir. Şirma funksiyası daşıyırdı.[1]
Kabeşiro (divar pərdəsi) otağı müvəqqəti müddətə bölmələrə bölmək üçün istifadə olunan pərdədir. Çox vaxt moya ilə hisaşi arasında asılırdı. Qabartma naxışlı incə ipək kimi parçalardan hazırlanırdı.[1]
Çoday moyanın ortasında, bir az yüksəldilmiş bir bölmənin ətrafına asılmış pərdə idi. Buradan yatma və qalma məqsədilə istifadə olunurdu.[1]
Byobu (qatlanan şəkilli şirma) akkordeon formalı şirmadır. Üzərində müxtəlif şəkillər, naxışlar və şeirlər olurdu.[1]
Pərdələr və şirmalarla yanaşı digər əşyalardan da geniş istifadə olunurdu. Şitone (döşək) oturmaq və ya yatmaq üçün istifadə olunan döşəkdir. İkiqat komod şinden-zukuri tikililərində xırda əşyaların qoyulduğu komoddur. Qapaqlı şkaf iki rəfli, alt tərəfdə iki tərəfə açılan qapısı olan ayaqlı şkafdır.[1]