Zabuton (座布団?) – Yaponiyada istifadə olunan ənənəvi balınclar. Əsasən dördbucaqlı formada hazırlanır, lakin dairəvi formada olan növləri də var.[1] Döşəmədə rahat oturmaq üçün istifadə olunmaqla yanaşı meditasiya sessiyalarında və interyer dizaynında istifadə olunur.[1]
Zabutonun mənşəyi tataminin üzərində oturmaq üçün tikilən kvadratşəkilli kiçik xalçalarla əlaqəlidir.[1] XVII–XIX əsrlərdə dərzilər bu xalçaların içərisini pambıqla doldurmağa başlamış, nəticədə, ilk zabutonlar ortaya çıxmışdır.[1]
Zabutonun üstündə əyləşməyin ənənəvi yolu seyza üslubu ilə əyləşməkdir.[1] Zabutonda əyləşmək ayaqlar və dizlər üzərindəki təzyiqi azaldır, döşəmədə uzun müddət rahat oturmağa şərait yaradır.[1] Buna görə də buddist keşişləri və şinto rahibləri meditasiya sessiyalarında, eləcə də, dini mərasimlərdə zabutondan istifadə edirlər.[1] Zabuton yoqa ilə məşğul olan şəxslər tərəfindən də geniş istifadə olunur.[1]
XX əsrə qədər sumo oyunlarında tamaşaçılar qələbəni qeyd etmək üçün sumoçulara zabuton atırdılar.[1] Bu praktika XX əsrin əvvəllərində qadağan olunmuşdur.[1] Müasir dövrdə zabuton əsasən divanlara, stullara və kreslolara qoyulur.[1]
Yaponiyada ən yaxşı zabutonların hazırlandığı yerin Kioto şəhəri olduğu hesab olunur.[1] Xüsusilə, "Takaokaya" şirkəti istehsal etdiyi zabutonlara görə tanınır.[1] Zabutonların hazırlanmasında pambıq, ipək və kətan parçalardan istifadə olunur.[1] Müasir zabutonların hazırlanmasında poliefir saplardan da istifadə olunur.[1] Bu, zabutonun formasını uzun müddət qorumasına şərait yaradır.[1] Zabutonun mərkəzində sampo-toci adlı Y formasında tikiş bəzəyi olur.[1] Bu tikiş bəzəyi zabutonda oturmağın istiqamətini göstərir.[1] Zabutonun hər küncündə qotaz olur.[1] Bu qotazlar uğur simvolu hesab olunur.[1]
Evlər üçün hazırlanan zabutonların ölçüsü 55 x 59 sm olur, məbədlər üçün hazırlananlar isə daha böyük – 59 x 63 sm olur.[1] Əsas formada dördbucaqlı olsa da, ocami adlı zabuton növü dairəvi formada hazırlanır.[1] Ocami zabutonu daha qalındır, üzərində dəniz dalğalarının naxışları olur.[1] Bu, yaxşı uğurun simvolu hesab olunur.[1]