Rəşad Məcid (tam adı: Məcidov Rəşad Museyib oğlu;[1] 21 avqust 1964, Ağcabədi, Ağdam rayonu) — yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri,[2] Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü.
Rəşad Məcid | |
---|---|
Vəzifədədir | |
24 sentyabr 2022-ci ildən | |
Əvvəlki | Əflatun Amaşov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 avqust 1964 (60 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib.[3] 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.
2003-cü il martın 15-də keçirilən Azərbaycan Mətbuat Şurasının təsis qurultayında (Azərbaycan Jurnalistlərinin I Qurultayı) Rəşad Məcid qurultayın iclaslarının əsas aparıcılarından biri olub, yeni yaradılan qurumun təşkili və formalaşdırılmasında, hüquqi sənədlərin hazırlanmasında və müzakirəsində fəal iştirak edib. Həmin qurultayda Azərbaycan Mətbuat Şurasının ilk İdarə Heyətinə üzvü seçilən Rəşad Məcid növbəti qurultaylarda da böyük səs çoxluğu ilə İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirib.
Azərbaycan Prezidentinin sərəncamına əsasən iki dəfə — 2004 və 2008-ci illərdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub. Eyni zamanda, iki dəfə — 2016 və 2020-ci illərdə dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib, iki dəfə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunub.
2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyul ayından Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.[4]
Rəşad Məcid dünyanın müxtəlif ölkələrində — ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Polşa, Yunanıstan, Kipr, Cənubi Koreya, Küveyt, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və s. – mətbuat və ədəbiyyatla bağlı keçirilmiş bir çox tədbirlərin iştirakçısı olub, dəfələrlə Avropa Şurası Parlament Assambleyasının Fransanın Strasburq şəhərində keçirilən iclas və toplantılarında mətbuat nümayəndəsi kimi Azərbaycanı təmsil edib.
2017-ci ilin noyabr ayında Rəşad Məcidin yaradıcısı və rəhbəri olduğu "525-ci qəzet"in 25 illik yubileyi qeyd olunub. Bu münasibətlə Bakı Dövlət Universitetində və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda yubiley tədbirləri keçirilib, Azərbaycanın nüfuzlu pedaqoqları və elm adamları çıxışlar edərək qəzetin 25 illik fəaliyyəti ilə bağlı öz fikirlərini bildiriblər.
2015-ci ilin iyul ayında Milan şəhər bələdiyyəsinin binasında Cüzeppe Verdi adına Milan Konservatoriyasının, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) və adıçəkilən şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə Rəşad Məcidin italyan dilində çapdan çıxmış "O — La Donna" adlı şeirlər kitabının və şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib. Tədbirdə çıxış edən Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi, qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli italyan dilində çapdan çıxmış "O — La Donna" kitabı və Rəşad Məcid yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
2016-cı ildə Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Rəşad Məcidin türk dilində nəşr olunmuş "Bir də gəlməyəcək" irihəcmli şeirlər toplusunun, 2017-ci ildə isə Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyinin (İLESAM) təşkilatçılığı ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda "Delicesine" (türk dilində) kitabının geniş təqdimat mərasimi keçirilib.
2019-cu il noyabrın 23-də İstanbulda Türk Ədəbiyyat Vəqfində, 2020-ci il yanvar ayının 15-də isə Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutunda Rəşad Məcidin "Kalemsiz yazılanlar" (türk dilində) kitabının təqdimat mərasimləri baş tutub.
2021-ci ilin may ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş "Xarıbülbül" musiqi festivalının iştirakçısı olub.
Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.[5]