Əbülfət ağa Şahtaxtinski

Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtinski (17 oktyabr 1858, Şahtaxtı, Naxçıvan qəzası13 mart 1913, Kutaisi) — Çar ordusunun polkovniki.

ƏBÜLFƏT AĞA ŞAHTAXTİNSKİ
Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtinski
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1858(1858-10-17)
Doğum yeri
Vəfat tarixi 13 mart 1913(1913-03-13) (54 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Qoşun növü piyada
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri "Müqəddəs Anna" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbülfət ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində anadan olmuşdu. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Həmid bəy Şahtaxtinski kimi görkəmli şəxsiyyətlər bəxş edib.[1]

İlk təhsilinə 1871-ci ildə Tiflis real məktəbində başlayan Əbülfət ağa 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olmuşdu.[2] Tələbə yoldaşı, ilk marksist Q. V. Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə bir il sonra – dekabr ayında univesitetdən xaric edilmişdi. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür. Bu dərnək 1878-ci ildə Həsən bəy ZərdabininNəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı. Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova 1878-ci il 3 mart tarixli məktubunda yazırdı: "Mən "İmdadiyyə"nin nizamnaməsini aldım. Üzümüzə gələn yay "İmdadiyyə"nin əsas qanunlarını müzakirə etməliyik ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək… Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları dərindən təhlil etməliyik… Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir. Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy etməliyik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatla yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyyələndirib yetişdirməliyik… Biz qabaqcıllar kimi nəzərimizi yalnız aşağı təbəqəyə yönəltməliyik[3]

Rus təbliğatçılarını xatırlayın! Biz tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara gəlməliyik. Siz tezliklə gedir və içtimai həyata atılırsınız. Biz, burada qalanlar sizin vətənə nə ilə qayıtmağınızı bilməliyik". Ələ keçən məktubdan sonra Əbülfət ağa Şaxtaxtinksinin üzərində gizli polis nəzarəti qoyulmuşdu. Ekstern yolla Lazarev adına Şərq Dilləri İnstitutuna daxil olan Əbülfət ağa oranı bitirdikdən sonra Rusiyada ona nə diplom, nə iş verdilər. O, Almaniyaya gedərkən, 1880-ci ildə Heydelberq Universitetində diplom işi müdafiə etmiş və bakalavr dərəcəsi almışdır. Rusiyaya qayıtdıqdan sonra demokratik baxışlarını və monarxiyaya qarşı çıxışlarını nəzərə alaraq Əbülfət ağa Şahtaxtinskini heç bir qulluğa götürmədilər. Əlacsız qalan Əbülfət ağa 1883-cü ildə Peterburqdakı Yunkerlər məktəbinə daxil oldu və oranı fərqlənmə diplomu ilə bitirdi. Bir il sonra, avqust ayının 8-də 77-ci Tengin süvari alayında zabit rütbəsində xidmətə başlayan Əbülfət ağa Şahtaxtinski qısa müddətdə divizion komandiri təyin olunur.

Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra Şərq dilləri ilə yanaşı, alman, fransız və ingilis dillərini də mükənməl bilirmiş. Ona görə də İsveçrə ordusunun manevrlərinə müşahidəçi kimi ezam olunmuşdur. Həmin ili nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi verilmişdir.

1904–1905-ci illərdə Rus-yapon müharibəsində iştirak edən Əbülfət ağa Şahtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirib. Əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də maarifçilik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Hötenin "Gənc Verterin iztirabları" əsərini almancadan Azərbaycan dilinə tərcümə edib.

Cəmi 55 il ömür sürən Əbülfət ağa Şahtaxtinski vətəndən uzaqlarda yaşayıb işləsə də, nə ana dilini, nə də mənsub olduğu İslam dinini unutmuşdu. Bu görkəmli şəxsdən xalqımıza əvəzsiz bir hədiyyə də yadigar qalmışdır… Azərbaycan tarixi muzeyində 1877-ci ildə fransız dilində nəşr olunmuş "Quran" kitabı saxlanılır. Kitabın titul səhifəsinə "Əbülfət ağa Şahtaxtinski"nin şəxsi möhürü vurulmuşdur. Hətta Əbülfət ağanın öz dəsti-xətti ilə yazdığı avtoqraf da oxunur. M. Kaşimirovskinin orijinaldan tərcümə etdiyi bu qiymətli eksponatı polkovnik Əbülfət ağanın vaxtilə Tbilisidə yaşayan qızı Qönçə xanım qoruyub saxlamışdır.

Port-Artur döyüşlərindən sonra polkovnik Əbülfət ağa Şahtaxtinskinin komandir olduğu 202-ci süvari alayı Qori şəhərində yerləşirdi. 1911-ci ilin yayında Vətəninə nöbəti məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli Səbri Qasımov "Mühitim…təhsil illərim" xatirə qeydlərində yazır: "Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o öz qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə – Zaqafqaziya Müəllimlər Seminariyasına aparmışdı. Mən məramımı heç kəsə bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən günün səhərisi mən də onun ardınca yollandım. Sənədlərimi də özümlə götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə girəndə Xəlili və polkovnik Əbülfət ağanı orda gördüm. Əbülfət ağanın təəccübdən nitqi qurudu, bir az fikirə gedib sənədlərimi aldı. Birlikdə seminariya direktorunun yanına getdik. Onu ora qəbul etdirdi.

Polkovnik Əbülfət ağa Şahtaxtinski 1913-cü il martın 13-də Kutaisi şəhərində vəfat edib. Doğma kəndi Şahtaxtıda dəfn edilib. O, XIX əsrin görkəmli jurnalisti İsa sultan Şahtaxtinskinin (1851–1894) kiçik qardaşı idi.

Əbülfət ağa Şahtaxtinskinin Qönçə xanım adlı vardı.

Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə məxsus "Şəxsi hərbi kitabça"sında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsilə, 1900-cu ildə isə "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsi ilə təltif olunmuşdu. Polkovnik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işinin təltif "qrafasında" aldığı xarici ölkə orden və medallarının da sayı göstərilir. O, İranın "Şire-Xorşid" ordeninin dördüncü dərəcəsi ilə (1889-cu il), Buxara Əmirinin ikinci dərəcəli "Ucalan ulduz" qızıl medalı ilə (1899-cu il), yenə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordenilə (1900-cu il) və "Fransa-Sudan xilasetmə cəmiyyəti"nin Yuxarı Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.

  1. Çar ordusunun polkovniki Əbülfət ağa Şahtaxtinski
  2. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 190. ISBN 978-9952-5455-010.
  3. Q. Musa Şahtaxtinskilər tariximizdə və taleyimizdə. Naxçıvan,2010,104 s

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]