Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu (12 mart 1880, Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 fevral 1944, Arxangelsk, Arxangelsk vilayəti, Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi.
Həmid bəy Şahtaxtinski | |
---|---|
24 dekabr 1919 – 5 mart 1920 | |
Əvvəlki | Rəşid xan Qaplanov |
Sonrakı | Nurməmməd bəy Şahsuvarov |
26 avqust 1918 – 1919 | |
Nazir | Nəsib bəy Yusifbəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 mart 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 1944 (64 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | siyasi repressiya |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi, müəllim, maarifçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həmid bəy Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur.
1899-cu il iyunun 5-də İrəvan müəllimlər seminariyasının tam kursunu bitirərək 379 nömrəli attestat almışdır. O, 1899-cu il sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Qafqaz tədis dairəsi Təhsil idarəsinin (Popeçitel) 27 oktyabr 1901-ci il tarixli təklifi ilə Həmid bəy Şaxtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris etməsinə icazə verilmiş, Təhsil idarəsinin 9 aprel 1902-ci il təklifi ilə o, tutduğu vəzifəyə təsdiq olunmuşdur. İrəvan müəllimlər seminariyasında 5 ildən artıq bir müddətdə pedaqoji fəaliyyət göstərdikdən sonra 1907-ci il oktyabrın 23-də öz xahişi ilə vəzifəsindən azad edilmişdir. Bəzi mənbələrə görə isə 1904-1909-cu illərdə seminariyada müəllim işləmişdir.[1]
1907-ci ildə H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil oldu[2], ikinci kursda oxuyarkən xəstələnib Bakıya qayıtdı. O, bir il burada qalaraq Bakı Alekseyevsk ali hazırlıq məktəbində müəllim işlədi, bir il sonra yenidən Odessaya gedib təhsilini davam etdirdi, 1912-ci ildə universiteti bitirdi və 1913-cü il mayın 30-da ikinci dərəcəli diploma layiq görülmüşdür.
Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.
Həmid bəy Şahtaxtinski 1912-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakıya – burada yaşayan ailəsinin yanına qayıtdı. 1913-cü ildən Bakı quberniyası Xalq məktəbləri direktorunun icazəsi ilə müəllimləri hazırlamaq üçün şəxsi kurslar açdı və eyni zamanda əvvəl Ramanada, sonra isə 1916-cı ilə qədər Alekseyevsk peşə məktəbində müəllim olaraq çalışdı. H. Şahtaxtinski 1916-cı ilin əvvəlində Qafqaz Təhsil dairəsi müdiri Rudolfun əmri ilə Yelizavetpol şəhərindəki Yelizavetpol Müəllimlər Seminariyasına riyaziyyat müəllimi təyin olunaraq, bir il sonra isə keçmiş Yelizavetpol quberniyasının Qazax və Nuxa qəzaları üzrə Xalq məktəblərinin təlimatçısı işlədi.
Tədqiqatçı M. Əliyev "Odlar Yurdu" qəzetində çap etdirdiyi "Həmid bəy Şahtaxtinski" məqaləsində onun ali təhsilini başa vurduqdan sonra Yelizavetpol dairə məhkəməsində andlı müvəkkil köməkçisi olaraq iki ilə yaxın çalışdığını, sonra Bakıya köçüb dairə məhkəməsində eyni vəzifədə işlədiyini qeyd edir[3].
Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən İttihad Partiyasının üzvü idi. 1917-ci ildə Rusiyada baş verən inqilabından sonra H. Şahtaxtinski Tiflisdə keçirilən Müəllimlər qurultayında Müvəqqəti Zaqafqaziya Hökuməti tərəfindən Qafqaz Təhsil dairəsi komissarlığının üzvlüyünə seçildi.
1919-cu ilin iyul ayından rəsmi olaraq İttihad Partiyasınin üzvü olmuşdur.
1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra H. Şahtaxtinski Hökumətin Təhsil işləri üzrə səlahiyyətli nümayəndəsi kimi Qafqaz Tədris Arxivinin Gürcüstan, Azərbaycan, Ermənistan arasında bölünməsi ilə bağlı bir müddət orada qaldı.
Həmid bəy Şahtaxtinski 26 avqust 1918-ci il tarixində xalq maarifi və dini etiqad nazirinin (nazir N. Yusifbəyli) müavini vəzifəsinə təyin edilmişdir[4] O, 1918-ci ilin dekabrın 26-da F. X. Xoyskinin formalaşdırdığı üçüncü Hökumət kabinetində də də Maarif və Dini Etiqad nazirinin müavini olaraq çalışdı[5].[6]
1919-cu ilin martın 14-də N. Yusifbəylinin yaratdığı 1-ci (sayca 4-cü) Hökumət kabinetində H. Şahtaxtinski Maarif və Dini Etiqad naziri kimi fəaliyyətə başladı. Lakin sonradan onun Baş Nazir N. Yusifbəyli ilə münasibətlərində fikir ayrılığı yarandığından özü və müavinləri (A. Əmirov və F. Rzayev/Rzabəyov) vəzifələrindən istefa verdilər, 7 ay yarım işsiz qaldı. 1919-cu ilin dekabrın 24-də N. Yusifbəylinin formalaşdırdığı ikinci (sayca 5-ci) Hökumət kabinetində H. Şahtaxtinski Maarif və Dini Etiqad naziri təyin olundu. O, bu vəzifəni 1920-ci ilin martın 5-nə qədər icra etdi.[7] 1920-ci ilin martın 5-dən sonra isə bu vəzifə İttihad Partiyasının üzvü Mirzəməhəmməd Şahsuvarova tapşırıldı.
H. Şahtaxtinski Azərbaycan Cümhuriyyəti dövründə maarif sisteminin inkişafına böyük əmək sərf etdi. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasında, Bakı Dövlət Universitetinin açılışının təşkilində önəmli rol oynamışdır, orada müəllim, prorektor (1919–25) kimi çalışmışdır. O, eyni zamanda Azərbaycan Cümhuriyyəti Hökumətinin tapşırığı ilə xalq təhslinin yaxşı mütəxəssisi kimi Ali Pedaqoji İnstitutun yaradılması layihəsini tərtib etməyə başlamış, bu işi Azərbaycan sovetləşəndən sonra axıra çatdıraraq, Xalq Komissarları Sovetinin Sədri N. Nərimanova təhvil vermişdir. Həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930–1940) işləmişdir (1929-cu ildən professor). Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir (1928).
H. Şahtaxtinski məktəb islahatlarının aparılması ilə bağlı müəyyən təkliflər hazırlayıb Hökumətə təqdim etmək üçün Nazirlər Şurasının qərarı ilə 1919-cu ilin avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III qurultayına rəhbərlik etdi. Onun həmin qurultayda geniş məruzəsi dinlənildi. Qurultayın təklifl əri əsasında məktəb islahatlarının aparılması, ümumi təhsilin məzmunca milliləşdirilməsi ilə bağlı proqram, dərslik üzrə Dövlət Proqramı hazırlanması üçün 1919-cu ilin noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında H. Şahtaxtinskinin sədrliyi ilə Hökumət komissiyası yaradılmışdı[8].
Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir.