Əbdül Məcid Təbib

Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır.

Əbdül Məcid Təbib
Doğum tarixi XIII əsr

Əsər və araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir. Kitab diaqnostika və müalicəyə dair az qala bütün məsələləri əhatə edir. Müalicəsindən bəhs edilən xəstəliklər içində astma, göz xəstəlikləri, zəhərlənmə və s. vardır.

Orta əsrlərdə tibbə dair əsər yazmış müəlliflərin hamısından fərqli olaraq, Əbdül Məcid mamaçalıq sənətinə də toxunmuşdur. O hamiləlik məsələsinə ayrıca fəsil ayırıb.

Kitabda psixiatriyaya dair məsələlərə xüsusi diqqət yetirilib. Təbib "dəlilik", "qarabasmalar" ("kabusi"), baş ağrısı, müxtəlif növlü qorxmalar, yayğınlıq və s. haqda bəhs edir. İ. K. Əfəndiyevin yazdığı kimi, Əbdül Məcid belə hesab edir ki, insanın psixi fəaliyyətinin mərkəzi baş beyindir. İnsanı ətraf aləmlə qovuşduran vəsilə isə hissiyyat üzvləridir. Bunların vasitəsilə təəssüratlar yaranır. Təəssüratlar mənfi və müsbət ola bilir. Birincilər nikbinlik, sevinc, ikincilər isə sıxıntı doğurur. həkimin vəzifəsi də bundan ibarətdir ki, insanı mənfi təəssüratlardən çəkindirsin, çünki bunlar üst-üstə yığılanda ruhi əzab (sıxıntı) yaradır. Mütəmmadi mənfi təəssüratların ağırlığı altda ruhi cəhətdən sıxıntı keçirən insan son nəticədə "dəli" ola bilər. Əbdül Məcidin "qızğın dəli"lər barədə fikirləri də orijinaldır. O belə hesab edir ki, mənfi təəssüratlar insana iki cür təsir edir: bir növü tam ruhi sıxıntı (depressiya) yaradır, ikinci növü isə qızğınlıq doğurur. Qızğınlıq o zaman baş verir ki, hissiyyat üzvləri tərəfindən verilən mənfi təəssüratlar "başda" təhrif olunur, "qarışdırılır" və insan onların öhdəsindən gəlmək qüdrətində olmur, "ağıl başdan çıxır və insan özünü ələ ala bilmir."

Bu geniş sitatdan da göründüyü kimi, Əbdül Məcid hələ müasir həkimlərdən çox-çox qabaq mənfi stresslərin insan psixikasına ağır təsir göstərdiyini anlamışdır.

Əbdül Məcidin başqa orijinal fikirləri də çoxdur və onun əsərləri hələ də öz tədqiqatçılarını gözləyir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]