Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mahmud ibn İlyas Şirvani — Azərbaycan xalqının yetirdiyi ən nəhəng təbib-alimlərdən biri.
Mahmud Şirvani | |
---|---|
Mahmud ibn İlyas Şirvani | |
Doğum yeri | Şamaxı |
XIII əsrdə yaşamış Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır.[1]
Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır:
"Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram".
Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür. Ümüncü hissədə dərmanların adları əlifba sırası ilə sadalanır. Mürəkkəb tərkibli dərmanlardan bəhs edən dördüncü hissə 22 fəslə ayrılıb.
Bu kitabın bundan qabaq xalq təbabətinə və elmi təbabətə dair yazılmış bütün əsərlərdən ən fərqli cəhəti bundan ibarətdir ki, burada həm nəzəri, həm də təcrübi təbabətə dair mövcud olan görüşlərin sistemləşdirilməsinə cəhd olunur.
"Elmi təbabət kitabı"nın müəllifi bu haqda belə yazır:
"Təbabət elmi o elmə deyirlər ki, bunun vasitəsilə insan orqanizminin vəziyyətini öyrənirlər, əgər onun səhhəti pozulmuşsa, orqanizmin itirdiyi maddələri bərpa etməyə, onun sonrakı pisləşməsinə yol verməməyə çalışırlar… Təbabət elmi iki hissəyə bölünür: birincisi, nəzəri təbabətdir, ikincisi təcrübi təbabət."
Həkim-alim belə hesab edirdi ki,
"Elmi təbabət fəaliyyətdə olan başlanğıcların təbiiliyini və qeyri-təbiiliyini, onların səbəb və qanunlarını öyrənir. Təcrübi təbabət faydalı maddələr qəbulu və zərərli maddələrdən imtina etmək yolu ilə səhhəti qorumaq və müxtəlif xəstəlikləri aradan qaldırmaq məsələlərini öyrənir."
Mahmud ibn İlyas belə hesab edir ki, soyuqdəymə, natəmizlik, zay məhsullarla, çirkli hava ilə, tüstü ilə, "dişləmə" yolu ilə zəhərlənmə, həddən artıq işləmək, yeməyin qədərini bilməmək, tənbəllik və bikarlıq xəstəliklərin səbəbi ola bilir.
Alimin təklif etdiyi müalicə və diaqnostika üsulları xarici müşahidədən, nəbzin tutulmasından, bədənin temperaturunun ölçülməsindən, göz almacıqlarının, dilin, bədənin qoxu və nəmişlik dərəcəsinin öyrənilməsindən, sidiyin, tərin, nəcis və qanın xüsusi müayinəsindən ibarətdir.
Alim nəbz haqqında təlimə xüsusi diqqət yetirir. O yazır ki,
"nəbz ürəyin yığılma və açılması nəticəsində ürək damarlarının yaratdığı dalğavari hərəkətdən başqa bir şey deyildir. Nəbzin hər vuruşu iki hərəkət və iki pauzadan ibarətdir: açılma hərəkəti, pauza, yığılma hərəkəti, pauza".
O nəbzin müxtəlif növlarini ayırır və onları sistemləşdirir. Bunlardan ürəyin tez-tez, orta səviyyəli və gec-gec döyüntüsünü, sistematik və qeyri-sistematik, düzgün və pozulmuş nəbzi təsvir edir.
Mahmud ibn İlyasın təcrübi fəaliyyəti də Azərbaycan təbabəti tarixində elmi fəaliyyəti kimi iz qoyub. Elxani hökmdarı Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçi və islahatçısı, həmçinin məşhur həkimi Rəşid əd-Dinin təşəbbüsü və Mahmudun yaxından iştirakı ilə çağdaş klinik mərkəzlər anlamına gələn "Sağlamlıq evləri" – "Dar-üş-şafa"lar yaradıldığı məlumdur.
Təkcə Azərbaycanda 67 belə mərkəz vardı. Mərkəzi "Sağlamlıq evi" və onun nəzdində yaranmış tibb məktəbi Təbrizdə idi. Orada açılmış və bütün şərq alimlərini öz ətrafında toplamış böyük elmi mərkəzin nəzdində fəaliyyət göstərirdi. Bura onun yaradıcısının adı ilə "Rəb-i Rəşidi", yaxud "Rəşidiyyə" adlanırdı. Rəşid-əd-Din öz "Tarix" əsərində göstərir ki, burada Hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və başqa yerlərdən gəlmiş bütün elm sahələrini əhatə eləyən 500 alim və pedoqoq çalışır və 6 min tələbə oxuyurdu. Tələbələrin təhsili, yeməyi, yatmağı, hətta geyimləri də pulsuz idi. Bütün xərclər Rəişd-əd Dinin gəlirlərindən ödənirdi."Rəşidiyyə"də həmçinin məscidlər, mədrəsələr, 60 min nüsxəyə çatan kitabxana, rəsədxana, xəstəxana, kağız istehsalı ilə məşğul olan emalatxanalar və karvansaralar fəaliyyət göstərirdi.
Burada səhiyyə sahəsinin təşkili, tibb elminin inkişafı və tibb kadrlarının hazırlanması məsələlərində həlledici rolu Mahmud ibn İlyasın böyük elmi və təşkilatçılıq bacarığı mühüm rol oynayırdı. Təsadüfi deyil ki, Rəşid-əd Din Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı.
Yaxın Şərqdə ilk "Sağlamlıq evlər"i İbn Sinanın təşəbbüsü ilə yaranıb. N.Əfəndiyevin göstərdiyinə görə, Mahmud ibn İlyasın tikdirdiyi klinikaların planları İbn Sinanınkından daha məqsədyönlü və zəngindir. Mahmud da indiki klinikalardakı dəhliz sistemini irəli sürürdü. Girişdə qəbul və prosedura otaqları, nəzərdə tutulur, palatalar dəhlizin hər iki tərəfində düzülürdü, ölüxana da klinikanın axırında yerləşdirilirdi. Əsas binalar təsərrüfat tikililəri ilə açıq eyvan vasitəsilə birləşdirilir, eyvanlar həm də ventilyasiyanı yaxşılaşdırırdı. Zərurət yarandıqda ondan palataların sayını artırmaqdan ötrü də istifadə olunurdu. Əsas binanın yaxınlığında kiçik bir aptek də tikilirdi.
Mahmud ibn İlyasın fikrincə, klinikalar şəhər ətraflarında qurulmalı idi. Apteklər, həkim və əczaçıların yaşadığı binalar da yaxınlıqda olmalı idi. Həkim və əczaçılar da elə burada yetişdirilməli idi. Bu məqsədlə Mahmud ibn İlyas Rəşid-əd-Dinin köməyi ilə xaricdən dəvət olunan hər yüksək dərəcəli həkimə bir təcrübəçi (o cümlədən ixtisasını artıran həkimlərin özləri də) təhkim edirdi. Burada cərrahlar, "kehali" adlanan göz həkimləri, "mücbiri" (yaxud "mücabiri") deyilən travmotoloqlar hazırlanırdı.
Mahmud ibn İlyas "şəfa ev"ləri üzrə əsas məxaricləri belə sadalayır:. (İşçilərin) saxlanması xərcləri: ümumi həkimlərin, həmçinin göz həkimlərinin, əczaçıların, sınıqçıların, təsərrüfatçıların, anbarçıların, xidmətçilərin (görünür, sanitarların) və digər işçilərin xərcləri. Avadanlıq üzrə xərclər: yataq əşyalarına, xəstə geyimlərinə, qablara, alətlərə çəkilən xərclər. Vəsaitlər üzrə (müalicə vəsaitləri-"mazurat") xərclər: müalicə-dərman içkiləri, məlhəmlər, yapışqanlar, göz məlhəmləri, düyü sıyığı və ciyər. Əlavə xərclər: xalçalara, parçalara, yağlara, məlhəmlərə, milçək qovanlara və s. çəkilən xərclər. Mərasim xərcləri: klinikada ölmüş mərhumların dəfni ilə bağlı xərclər.
Təbrizdəki "Rəşidiyyə" şəhərciyində yerləşən mərkəzi "Dar-üş-şəfa" şəxsən Rəşid-əd Dinə məxsus idi və ölkənin vilayətlərində yerləşən digər 67 klinikanın baş idarəsi sayılırdı. O, "Kuçeyi-müalicun" (tibb işçiləri küçəsi) adlanan küçədə yerləşən Rəşid bağında (Baği-Rəşidabad) tikilmişdi. həkimlərin, xidmətçi və qulluqçuların yaşadıqları evlər və aptek də burada yerləşirdi. Əczaxana arxa tərəfdən "Fəthabad" bağına çıxırdı və burada dərman düzəldilməsi üçün bitkilər əkilirdi. Mahmud ibn İlyas saray həkimi kimi bütün dövlətin səhiyyə xidmətinə rəhbərliyi də həyata keçirirdi.
Mahmud ibn İlyasın tibb elmində (təbabətdə) çox böyük xidmətləri var. Onun da adı Rəşid-əd-Din və Kafiəddinlə birligdə Azərbaycanın elm və mədəniyyət tarixinə qızıl hərflərlə yazılmışdır.