Ömər ibn Osman Kafiəddin

Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır.

Ömər Kafiəddin
Doğum tarixi 1080
Doğum yeri
Vəfat tarixi 1150
Vəfat yeri
Fəaliyyəti alim

Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı:"Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur."

Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Buradan Kafiəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də o, özünün tibb akademiyasını məhz bu yerdə qurmaq qərarına gəlir.

İndi də bu yeri Məlhəm düzü adlandırırlar. Azərbaycan alimi N. K. Kərəmov belə hesab edir ki, bu yerin adı dilimizdəki "məlhəm"-qiymətli dərman sözündəndir. Bu yerin adının mənşəyi barədə başqa bir ehtimal da var. Bu haqda belə bir rəvayət gəzir ki, guya Şamaxı ətrafında nə vaxtsa dəri xəstəliklərini möcüzəvi məlhəmlə sağaldan bir həkim yaşayırmış və "Məlhəm" adı da sonradan həmin yerə bu münasibətlə verilib. Kafiəddin müalicə, dərman istehsalı və həkim hazırlığı ilə məşğul olan təbib alimləri buraya öz yanında işləməyə dəvət edir. O, özü gözəl həkim, cərrah və əczaçı idi. Yaxın Şərqdəki digər oxşar müəssisələrdəki kimi, onun müalicəxanasında da əczaxana vardı. Müxtəlif ixtisaslı həkimlər, əczaçılar da burada yaşayırdılar. Eyni zamanda işə təzə götürülənlər, ixtisasını artıran həkim və əczaçılar, o cümlədən "cərrahi" adlanan cərrahlar, "kehali" adlanan okulistlər, "mücbiri", yaxud "müçabiri" adlanan travmatoloqlar və başqaları burada dərs keçirdilər.

O dövrün müalicə mərkəzlərində adətən, binaların dəhliz sistemi tətbiq olunurdu. Girişdə qəbul və prosedura otaqları, dəhlizin hər iki tərəfində palatalar və nəhayət, klinikanın axırında ölüxana yerləşirdi. Əsas bina təsərrüfat korpusu ilə açıq eyvan vasitəsilə birləşirdi. Həmin eyvan binada havanın tənzimlənməsini yaxşılaşdırır, lazım olduqda isə palata kimi istifadə olunurdu. Əsas binadan bir qədər qıraqda kiçik aptek yerləşirdi. Yaxınlıqda həkimlər və xidmətçilər üçün yaşayış evləri, həmçinin böyük aptek tikilirdi. Aptek, dərman hazırlanması üçün müxtəlif bitkilər əkilmiş bağçaya çıxırdı. M. A. Axundovun yazdığı kimi, "Akademiyada müxtəlif daxili və xarici xəstəliklərin müalicəsi üçün kif köbələklərindən istifadə olunurdu. Bu köbələklərin 17-yə qədər növü fərqləndirilirdi: çörək kifi, süd kifi, şirniyyat kifi, bal kifi və s."

Xaqani bir şerində əmisi haqqında danışarkən yazır: "O, mənə çox asan bir yolla başa saldı ki, "bir", "iki","üç","dörd","beş" nə deməkdir."Beş"-hissiyyat üzvləridir, "dörd"-dünyadakı başlanqıclar-su, hava, od və torpaqdır, "üç"-qeyri-üzvi təbiətdir, "iki"-cism və ruhdur, "bir"-Allahdır." Görünür, bu cür şəfa ocaqları Azərbaycanda çox populyar olub. Belə ki, "Məhsəti və Əmir Əhməd" dastanında Gəncədəki "bimaranə" adlanan xəstəxana təsvir olunur. Orada xəstələr həkimin qəbuluna düşmək üçün növbəyə dururlar.

Öz fəaliyyətində Kafiəddinə oğlu Vəhidəddin Osman da böyük kömək göstərir. Osman ensiklopedik biliyə malik yaxşı həkim, cərrah və əczaçı idi. O həmçinin kamil filosof, ilahiyyatçı və şair kimi də tanınmışdı. Bundan başqa o, həm də istedadlı musiqiçi və musiqişünas idi. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın atası sayılan ərkənun alətində ustalıqla çalırdı. Osman Xaqaninin tərbiyəsində də fəal iştirak edirdi. İstisna edilmir ki, şair musiqi təhsilini Osmandan almışdır.

Ömər ibn Osman Kafiəddin 1150-ci ildə dünyasını dəyişmiş və Şamaxının yaxınlığında böyük hörmət-izzətlə dəfn olunmuşdur. Burada daim günəş şüaları altında qızınan dağda, yüksək ağaclar şirəli otlar və bol sulu bulaqlar arasında xəstələr həkimsiz də şəfa tapardılar. Sonralar bu yer pirə çevrilir. Bu yerlərin və burada dəfn olunan alimin müqəddəsliyinə sidq ürəkdən inanan əhali buraya sitayişə gəlir, qurbanlar gətirirdilər. Xalq arasında Kafiəddinə verilmiş "dədə" adından bu yerlərin künümüzə qədər gəlib çıxmış "Dədə Günəş" adı əmələ gəlir. Eyni zamanda xalq arasında adamları bat-bat otundan çəkindirmək üçün işlədilən bir deyim də yaşayır ki, burada da Kafiəddin Dədə yada salınır: "Sən də Dədə kimi bu otla oynama. Zəhərlidir, at getsin." Xaqani Kafiəddinin ölümünə mərsiyə yazmışdır:

Aman! Getdi filosofu yer üzünün bu dünyadan,
Açan məna göylərnnin qapısını getdi, aman!