Əbu-Simbel məbədi

Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir.

Əbu Simbəl
أبو سمبل
𓉐𓏤𓏤 𓍹𓌸𓁩𓁛𓄟𓋴𓌸𓍺[1]
Böyük məbəd
Böyük məbəd
Xəritə
22°20′13″ şm. e. 31°37′32″ ş. u.
Ölkə
Yerləşir Əsvan mühafəzəsi[d]
Tikilmə tarixi e.ə. 1274
Kəşf tarixi 1813[1]
Sahəsi
  • 41,7 ha
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır.

Məbədin daxili quruluşu

[redaktə | mənbəni redaktə et]

Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi. O, Əbu Simbəl qayalarında iki məbəd – Böyük və Kiçik məbəd qurdurmuşdu. Böyük məbəd Misir allahlarının ən güclüsü Amona və digər iki allah Ra, Ptax və allahlarla eyniləşdirilmiş II Ramzesin şərəfinə yaradılmışdı.

Böyük məbədin fasadı Qədim Misir memarlığının nümunəsi olan pilon üslubunda tikilib. Məbədin qaya içərisində uzunluğu 60 metr, hündürlüyü isə 31 metrdir. Onun giriş hissəsində II Ramzesin qayada yonulmuş və hər birinin hündürlüyü 20 metr olan dörd nəhəng heykəli var. Heykəllər oturmuş vəziyyətdədir və firon əllərini dizləri üstə qoyub.

Böyük məbədin daxilindəki relyeflər

Heykəllərin üz cizgiləri II Ramzesin cizgiləri ilə eynidir və onlar firon II Ramzesin qüdrətinin, böyüklüyünün və dözümlülüyünün simvoludur. Əbu Simbəl qayalarında yonulmuş bu nəhəng heykəlləri Nil çayı boyunca üzən hər kəs aydınca seyr edə bilir.

Böyük məbədin iki salonu var. Birinci salonda II Ramzesin, hər birinin hündürlüyü 10 metr olan səkkiz heykəli, qarşı tərəfdə isə dörd Misir allahının heykəlləri üzbəüz dayanıb. Salonun divarları digər Misir allahlarının və II Ramzesin apardığı döyüşlərin relyeflərilə bəzənib.

Birinci salondan asanlıqla ikinci salona keçmək olur. İkinci salonda birincidə olduğu kimi II Ramzesin və Amonun, habelə Ranın heykəlləri ilə birgə çoxlu relyeflər var. Relyeflərdən aşağı, onları yonan ustaların – Pian, Xevi və Paneferin adları yazılıb.

Qədim Misir memarları məbədlər üçün çox uyğun və münasib yer seçiblər. Məbədin fasadı üzü Şərqə tərəfdir. Buna görə də ildə iki dəfə – 22 fevralda II Ramzesin hakimiyyətə gəldiyi gün və 22 oktyabrda – II Ramzesin anadan olduğu gün günəş şüaları məbədin xüsusi pəncərəsindən içəri, II Ramzesin və iki Misir allahının – Amonun və Ranın heykəlləri üstünə düşür. Ptax isə kölgədə qalır. Çünki, o, qaranlıq dünyanın allahıdır. Bu, Qədim Misir memarlarının və ustalarının nə qədər mahir sənətkar olduğunu bir daha sübut edir.

Kiçik məbəd böyük məbədə nisbətən xeyli balacadır. O, Allah Xatxorun və II Ramzesin ən sevimli arvadı olan Nefertari Merenmutun şərəfinə qurulub. Bu məbədin də fasadını allahların on metrlik heykəlləri bəzəyir və məbədə yol həmin heykəllərin arasından keçir.

Üçbucaqlı formada olan məbədin ortasında yenə də Ptax, Amon və Ramzesin əzəmətli heykəli yonulub. Kiçik məbəddə iki salon – sütunlu salon və ibadət salonu var və hər iki salonun divarları eyniylə Böyük məbədin salonları kimi relyeflərlə bəzədilib.

Məbədlərin köçürülməsi

[redaktə | mənbəni redaktə et]
Məbədin köçürmədən əvvəlki və sonrakı yerini, həmçinin su anbarının səviyyəsini nümayiş etdirən model

Əbu Simbəl abidələrinə dünyanın nəzərləri Böyük Asuan bəndi tikilən zaman çevrildi. Bu su bəndi sovet mühəndislərinin layihəsi əsasında və Sovet İttifaqının yaxından köməyi ilə tikilmişdir. Həmin vaxt Əbu Simbəl məbədlərinin su anbarının altında qalmaq təhlükəsi labüd idi. Buna görə də Misir hökuməti, həmin abidələrin xilası üçün dünya ictimaiyyətinə müraciət etdi. Bir-birindən maraqlı yüzlərlə layihələr irəli sürüldü. Hətta, bəzi mütəxəssislər Əbu Simbəl abidələrinin üzərini şüşə sarkofaqla örtməyi təklif edirdilər.

Nəhayət, uzun müzakirələrdən sonra abidənin daha təhlükəsiz yerə köçürülməsi qərara alındı. YUNESKO-nun çağırışı ilə 50-dən çox dövlətin memarları, mühəndisləri və heykəltaraşları bu işə cəlb edildi.

Əbu Simbəl abidəsinin köçürülməsinə 1964-cü ildə başlanıldı. Məbədlər, hər birinin çəkisi 30 tona qədər (orta çəkisi 20 ton) olan 214 bloka ayrıldı və həmin bloklar əvvəlki yerindən 65 metr yuxarıda və çaydan 200 metr uzaqlıqda, dəmir-betondan quraşdırılmış süni qayanın üzərində yenidən əvvəlki görkəminə gətirildi. Bundan əlavə Əbu Simbəldə olan daha 23 qədim Misir məbədi və məqbərəsi də həmin üsulla təhlükəsiz yerlərə köçürüldü. Bununla da qədim dünyanın insan əli ilə yaradılmış tarixi memarlıq abidələri xilas edilmiş oldu. Köçürmə 1968-ci ildə tamamlanmışdır. O dövrün hesablamalarına görə bu layihə 40 milyon ABŞ dollarına başa gəlmişdi.

YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 88
ing.rus.fr.
  1. 1 2 Otto E. Abu Simbel (alm.). // BAND I: A - Ernte / Hrsg.: W. Helck, E. Otto Wiesbaden: Harrassowitz Verlag, 1975. Vol. I. 672 s. ISBN 978-3-447-01670-4