Əflan Həsən oğlu İbrahimov (5 mart 1956, Nərimankənd, Mərəzə rayonu) — Müstəqil Xalq Partiyasının sədri, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini, Müasir Müsavat Partiyasının sabiq sədr müavini, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, siyasətçi.
Əflan İbrahimov | |
---|---|
Müstəqil Xalq Partiyasının sədri | |
20 dekabr 2013 – 18 aprel 2023 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Sədr | Hafiz Hacıyev |
1993 – 1994 | |
Əvvəlki | Nazim Xankişiyev |
Sonrakı | Rafiq Alışov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Əflan Həsən oğlu İbrahimov 5 mart 1956-cı ildə Nərimankənd kəndində doğulub.[1][2] O, 1973-cü ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbində, 1973–1977-ci illər Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsində təhsil alımışdır. 1977–1979-cu illərdə Sovet ordusunda xidmət etmişdir.[3]
Əflan İbrahimov 1981–1988-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində, 1988–1992-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin nəzdində olan idarələrdə usta-mexanik kimi çalışmışdır. O, 1992–1993-cü illərdə Milli Ordu sıralarında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabit-kapitandır.[3]
Əflan İbrahimov 1994–1996-cı illərdə Qobustan rayon Səhmdar-Kommersiya Əmanət Bankının müdiri işləmişdir. 2002–2005-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi olmuş və 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2008–2009-cu illərdə isə Loğman Tibb Məktəbində şöbə müdiri vəzifəsində işləmişdir.[3]
Ailəlidir, 4 övladı var.[3]
Əflan İbrahimov 1990-cı illərdə prezident Ayaz Mütəllibovun tərəfdarlarından olmuşdur.[4]
Əflan İbrahimov 1993–1994-cü illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Əflan İbrahimov bir müddət Müasir Müsavat Partiyasının üzvü və sədr müavini olmuş, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin seçki qərargahının sədri olmuşdur, lakin daha sonra partiyadan ixrac olunmuşdur.[5][6]
Əflan İbrahimov Eldar Namazovun rəhbəri olduğu "El" Hərəkatının üzvü, Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyevin müavini olmuşdur, lakin o, "EL" hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun "Milli Şura"nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə açıqlama vermiş və bu səbəbdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağrılraq dindirilmişdir. O, izahatında Demokratik Qüvvələrin Milli Şurasının xaricdən, Soros Fondundan maliyyələşdiyini və dövlət çevrilişi planladığını qeyd etmişdir.[7] Bu hadisənin ardınca Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Əflan İbrahimovun "onun adamı" olduğunu açıqlamış, İbrahimovun planlı şəkildə Milli Şuraya daxil edildiyini söyləmişdir,[8] Əflan İbrahimov isə bunu təkzib etmişdir.[6]
Bu səbəbdən o, 10 avqust 2013-cü il tarixində "El" Hərəkatından ixrac olunmuşdur.[9] Bunun ardınca Əflan İbrahimov əvvəlcə "El" Hərəkatı İctimai Birliyini təsis etmiş,[10] daha sonra isə, 20 dekabr 2013-cü il tarixində Azərbaycan El Hərəkatı Partiyasını təsis etmiş və partiyanın sədri seçilmişdir.[11] Partiya adı ilə bağlı mübahisələr yaranmışdır. Əflan İbrahimov partiyanın 5200 üzvü olduğunu və tezliklə dövlət qeydiyyatına alınacağını qeyd etmişdir.[12] Lakin, bu reallaşmadı. Yalnız 7 il sonra, 7 may 2020-ci il tarixində partiya adını dəyişərək Müstəqil Xalq Partiyası adı ilə dövlət qeydiyyatından keçmişdir.[13]
Əflan İbrahimov 2021-ci ildə Ləman Əliəşrəfqızının aparıcılıq etdiyi onlayn kanal olan LAF TV-də sabiq deputat, Müasir Müsavat Partiyasının sədr müavini Gülər Əhmədovanın Ramiz Mehdiyevin və onun xanımı Qalina Mehdiyevanın adamı olduğu, Əhmədovanın partiyaya gəlişinin səbəbini partiya sədri Hafiz Hacıyevi zəhərləmək olduğu haqda iddia səsləndirmişdir. Gülər Əhmədova isə iddiaları təkzib edərək Əflan İbrahimovu məhkəməyə vermişdir.[5] Məhkəmədə Əflan İbrahimov ürəyində yaranan problemlər səbəbindən iştirak etməmiş, yazılı surətdə Gülər Əhmədovadan üzr istəmiş və açıqlamalarının Müstəqil Xalq Partiyasının sədr müavini, Gülər Əhmədova olayının səbəbkarı, Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev tərəfindən planlandığını açıqlamışdır.[14][15]
"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 18 aprel 2023-cü il tarixində Əflan İbrahimovun sədrlik etdiyi Müstəqil Xalq Partiyası onun imzasıyla partiyanın ləğvi haqqında bəyanat yayımlamışdır.[16]