Əkbər Babayev (tam adı: Əkbər Ağarza oğlu Babayev; 1924, Gəncə – 12 sentyabr 1979 və ya 1979[1], Moskva) — Nazim Hikmət irsinin araşdırmaçısı və türkoloq-alim.[2][3]
Əkbər Babayev | |
---|---|
Əkbər Ağarza oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri |
Filologiya Tərcüməçilik |
İş yeri | SSRİ Elmlər Akademiyası |
Əkbər Ağarza oğlu Babayev 1924-cü ilin iyul ayının 10-da Gəncənin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur.
Əkbər Ağarza oğlu Babayev ağır xəstəlikdən sonra 1979-cü il sentyabrın 12-də Moskva şəhərində vəfat etmişdir.
Atası Ağarza Babayev məktəbdə müəllim kimi çalışmışdır. Atası Ağarza Axund Molla Ələkbər oğlu 1947-ci ildə Stalin hökumətinin qəzəbinə tuş gələrək “pantürkist” olmaqda ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Bakıda “6-cı kalon” deyilən cəzaçəkmə məntəqəsində çəkib. Ağarza Babayev yalnız 1953-cü ildə Stalinin vəfatından sonra bəraət ala bilib.[4]
Ailədə 4 uşaq olmuşdurlar.
Əkbər Babayev 5 yaşında oxuyub-yaza bilmişdir. Təhsilə marağının olmasında evlərində tez-tez qonaq olan Əhməd Cavadın, Səməd Vurğunun xüsusi rolu olmuşdur.
15 yaşında orta məktəbi bitirmişdir. Həmin dövrün qanunlarına görə yaşı az olduğu üçün instituta sənəd verə bilmir. Bu səbəbdən də atası onun yaşını sənədlərdə bir il artıq qeyd etdirir. Əkbər əvvəlcə institutun hüquq fakultəsinə daxil olur. Lakin, çox keçmir ki, oradan uzaqlaşır. Ədəbiyyat və incəsənətə dərin marağının olmasına görə ADU-nun filologiya fakultəsinə daxil olur.
Ə.Babayev 1941-ci ildə müharibə başlandıqda, hərbi-tərcüməçilik məktəbini bitirib cəbhəyə göndərilir. 1942-ci ilin əvvəllərində Xarkov ətrafında gedən döyüşlərdə yaralanır. Sağaldıqdan sonra Bakıya qayıdır və təhsilini davam etdirir. Eyni zamanda Azərbaycan Radio Verilişləri Komitəsində çalışır, dərin məzmunlu publisistik yazıları ilə dinləyicilərin rəğbətini qazanır.[4]
1945-1946-cı illərdə Əkbər Babayev Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk şöbəsi" nəznindəki aspiranturaya daxil olur. Eyni zamanda Moskva Radio Verilişləri Komitəsində çalışır və bir çox türk yazıçılarının əsərlərini rus dilinə tərcümə edir. Atasının həbs olunması Əkbərin təhsilinə də öz təsirini göstərməyə bilməzdi. Onun aspiranturada təhsil almasına maneələr yaranır. Qardaşı Ziya Babayev həmin vaxtlar bərk qorxu və həyəcan içində olduqlarını, hər dəqiqə gəlib onları və analarını da aparacaqlarını gözlədiklərini danışır:
Hər qapı döyüləndə anamın ürəyi qopurdu. Deyirdi indi gəlib məni də aparacaqlar, uşaqlar yetim qalacaq. |
Görkəmli şair Nazim Hikmətlə tanışlıqdan sonra həyat sanki Əkbər Babayevin üzünə gülür. Tanınmış türk şairinin Moskvaya gəlişi onun aspiranturaya bərpa olunmasına böyük köməklik edir.
Məhz, böyük türk şairinə olan hədsiz sevgisi sonralar, 1951-ci ildə Əkbər Babayevi Nazim Hikmətin yaradıcılığı mövzusunda "Nazim Hikmət-Sülh uğrunda mübarizdir" namizədlik dissertasiyasını müdafiə etməyə sövq edir və görkəmli alimlərin təklifi ilə bu sahədə tədqiqatlarını davam etdirir.[4]
Ömrünün son illərində Moskvanın müxtəlif nəşriyyatlarında Əkbər Babayevin 8 kitabı çap olunub. Bunların sırasında Nazim Hikmətin yaradıcılıq yolunu işıqlandıran monoqrafiya xüsusi diqqətə layiqdir. Həmin əsər həmçinin Türkiyədə, Polşada, Rumıniyada, Yuqoslaviyada, İraqda da nəşr olunub və Nazim Hikmət haqqında ən dəyərli, etibarlı bir tədqiqat əsəri kimi yüksək qiymətləndirilir.
Əkbər Babayev Nazim Hikmətin 8 cildlik əsərləri toplusunun Bolqarıstan nəşrinə bilavasitə rəhbərlik edib. Türkiyə ilə ədəbi və mədəni əlaqələrin genişlənməsində də Babayev faydalı xidmət göstərib. Şərqşünaslıq İnstitutunda apardığı elmi işlə yanaşı Əkbər Babayev istedadlı tərcüməçi kimi də fəaliyyət göstərirdi. Nazim Hikmətin, Əziz Nesinin və başqa türk yazıçılarının ən gözəl əsərlərini rus dilinə tərcümə edir, başqa tərcüməçilərə dəyərli məsləhətlər verir və bir sıra tərcümə əsərlərini redaktə edirdi. O, Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsi, Moskva nəşriyyatlarında çap edilib geniş yayılması sahəsində də xeyli əmək sərf edib. Ziyalımız "Azərbaycan poeziyası antologiyası" adlı kitabını Moskvada rus dilində xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə çap etdirib.
Türkoloq ömrünün sonunadək keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda çalışır.[4]