Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992).
Əlisaab Orucov | |
---|---|
Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi | |
7 aprel 1992 – 2 iyul 1992 | |
Prezident | Yaqub Məmmədov (i. e.) Ayaz Mütəllibov İsa Qəmbər (i. e.) Əbülfəz Elçibəy |
Baş nazir | Feyruz Mustafayev (i. e.) Rəhim Hüseynov |
Sonrakı | Surət Hüseynov |
5 fevral 1991 – 7 aprel 1992 | |
Əvvəlki | vəzifə adı dəyişdirilib |
Sonrakı | İlyas İsmayılov |
15 yanvar 1985 – 5 fevral 1991 | |
Əvvəlki | Nəriman Yusifov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1946 (78 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.[1]
1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur.[2] 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.[1]
Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.[2]
Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.[3]
Əlisaab Orucov 1973-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[4] Azərbaycan SSR Ali Sovetinin XI (1985–1991) və XII (fevral–may 1991) çağırış deputatı seçilmişdir.