Bahadır Qasım bəy oğlu Vəlibəyov (12 yanvar 1894, Çəmənli, Şuşa qəzası – 12 fevral 1940, Moskva) — Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR baş prokuroru, Stalin repressiyalarının qurbanı.
Bahadır Vəlibəyov | |
---|---|
17 sentyabr 1936 – iyul 1937 | |
Əvvəlki | Əbdülhəmid Yaqubov |
Sonrakı | Ağahüseyn Əlihüseynov |
1922 – 1926 | |
Sonrakı | Böyükağa Talıblı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1940 (46 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | inqilabçı |
Bahadır Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Bahadır bəy özünün bəy nəslindən olmasına baxmayaraq kəndlilərə və aşağı təbəqədən olan insanlara xüsusi rəğbət bəsləmişdir. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuş və burada da inqilabi fəaliyyətə başlamışdır. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan sosial-demokrat partiyasının 3-cü dumasının tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu.
1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov. İKP) sıralarında olmuş, Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləmişdir. Bahadır bəy Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşmuş, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə, və Qarabağda partiya işi aparmışdır.
1920–37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı, Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur.
21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur. B. Vəlibəyovun həbs olunmasına səbəb Azərbaycan XDİK DTN-nin 4-cü şöbəsinin arayışı idi. Arayıda göstərilmişdir ki, Vəlibəyovun Azərbaycanın milli əksinqilabi təşkilata aid olması bu təşkilatın fəal iştirakçısı Böyükağa Talıblının izahatı ilə təsdiq edilmişdir. Bahadır Vəlibəyov istintaq müddətində 4 dəfə dindirilmiş, 3 nəfərlə üzləşdirilmişdir.(Talıblı, Səfərov, Bünyadzadə), 8 dekabr 1938-ci ildə istintaq başa çatması elan olunarkən o, yenədə təkidlə bildirmişdir ki, özünü günahkar hesab etmir. Belə olan halda Vəlibəyovun işi 25 dekabr 1938-ci ildə sona çatmış, Atakişiyev və Markaryan tərəfindən imzalanmış ittihamla və Azərbaycan SSR prakrorunun müavini Seliverstovun qərarı ilə SSRİ XDİK-nın nəzdindəki xüsusi müşavirəyə göndərilmişdir. 21 iyun 1939-cu ildə SSRİ XDİK xüsusi müşavirəsi Vəlibəyovun işinə baxıb qərara almışdır: "B. Vəlibəyovun işi müzakirədən çıxarılsın və əlavə istintaqa verilsin. Məhbus Vəlibəyov SSRİ XDİK istintaq hissəsinin sərəncamına göndərilsin".
16 fevral 1940-cı ildə SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının qapalı iclasında Vəlibəyov ən ağır cəzaya-ölüm hökmünə məhkum edilmiş və hökm dərhal icra edilmişdir.
Bahadır Vəlibəyovun həyat yoldaşı Xədicə Əhmədcan qızı Vəlibəyova 1904-cü ildə Həştərxan şəhərində anadan olmuşdu. Xədicə xanımın digər bacısı Arifə xanım Azərbaycan sovet partiya və dövlət xadimi Qəzənfər Musabəyovun həyat yoldaşı idi.
Bahadır Vəlibəyov həbs edilərək güllələndikdən sonra Xədicə Vəlibəyov da SSRİ XDİK Xüsusi Müşavirəsinin 11 iyun 1940-cı il qərarına əsasən sosial-təhlükəli ünsür kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan o, Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 7 yanvar 1956-cı il qərarına əsasən bəraət almış oldu.
Qardaşı İldırım bəy Vəlibəyov 1873-cü ildə Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Sovet hökuməti qurulmamışdan əvvəl ticarətlə məşğul olub. Sovet hökuməti qurulduqdan sonra bir sıra vəzifələrdə işləmişdir. 1933-cü il 17 avqustda onu vəzifəsindən sui-istifadə ittihamı ilə Şuşa şəhərində həbs edirlər və əmlakı müsadirə olunmaqla 5 il azadlıqdan məhrum edirlər. Cəzasını çəkib qayıtdıqdan sonra 16 may 1940-cı ildə onu yenidən, əks-inqilabi fəaliyyətdə ittiham edərək 7 il azadlıqdan məhrum edirlər. Onun böyük oğlu Böyük Vətən müharbəsində uzun döyüş yolu keçmiş, podpolkovnik Gəray Vəlibəyov Moskvada Frunze adına Hərbi Akademiyanı bitirməyi münasibətilə müdavimlərlə keçirilən görüşdə iştirak edən, Stalindən atası İldırim bəyi azad etməsini xahiş edir. Stalin bu xahişə biganə qalmır və İldırım bəyi vaxtından əvvəl azad edilməsi üçün yerindəcə göstəriş verir. 1957-ci ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə hər iki həbslə əlaqədar bəraət alıb. 1964-cü ildə Ağdamda ölmüşdür.