Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Əlvan Əliyev | |
---|---|
Gəncə şəhər Nizami rayon İcra hakimiyyətinin başçısı | |
26 noyabr 1992 – 30 noyabr 1993 | |
Əvvəlki | Saleh Əhmədov |
Sonrakı | Vilayət Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyul 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 3 mart 2014 (66 yaşında) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib.
1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.
Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb. 1989-cu ilin dekabr ayında Moskvadan olan göstərişə əsasən Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin Sabirabad rayonunda keçirilən regional müşavirəsində dərhal həbs olunması tələb olunan milli-azadlıq hərəkatının 100 nəfərdən ibarət ən fəal iştirakçısının adları qeyd olunmuş siyahıda Əlvan Kəbirlinin adı xüsusi olaraq vurğulanmışdı. Əlvan Kəbirlinin 1990-cı ilin qanlı yanvar hadisələrinin Gəncədə baş verməsinin qarşısının alınmasında, həmçinin Gəncənin tarixi adının bərpasında müstəsna rolu olmuşdur.
2000-ci il parlament seçkilərində Əlvan Əliyev Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 25-ci sırada olmuşdur.[1] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Əlvan Əliyev deputat seçilə bilməmişdir.[2][3]
1975-ci ildən qəzet və jurnallarda elmi, elmi-publisist və publisist yazılarla çıxış edib. 1988-ci ilin fevralından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil alıb. "Mərhəmət", "İnsan və qanun" və "Ruzigar" jurnallarının, "Gəncənin səsi", "Novosti Qyandji", "Gəncəbasar" və "Ruzigar" qəzetlərinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. "Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.