Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib.
Ağ-göy-ağ bayraq | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 2:3[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb.[2][3] Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur.
Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur.[4] Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı.[5] Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür.[6]
İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib.[7]
Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar. Bayraq qısa müddətdə mitinqlərdə, yürüşlərdə, nümayişlər və digər etiraz hərəkətlərində, bununla bağlı rəsmlərdə və plakatlarda geniş istifadə olunub. Bu bayraqdan Tiflis[8], Kipr[9], Nyu-York[3], Krakov[10], Vyana[11], London[12], Hollandiya[13], Praqa[14], Toronto[15], Berlin[16], Barselona[17], Düsseldorf[18], Helsinki[19], Oslo[20] və Yekaterinburq[21] və digər yerlərdə baş tutmuş Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı olan mitinqlərdə də istifadə olunub.
Bəzi fəalların fikrincə, bu bayraqda Rusiya bayrağından fərqli olaraq qırmızı zolağın olmaması etirazın simvoludur. Çünki bu bayraq müharibə kultu, hərbi ekspansiyanı rədd edir, Rusiya tarixində avtokratiyaya, militarizmə, zorakılığa və qana yer olmayan yeni bir səhifə açır. Fəalların fikrincə, bayrağın dizaynını edənlər Şimali Rusiyanın mərkəzi olan və Rusiya tarixində əsl demokratiya adına yeganə iddiaçı olan Velikiy Novqorod dövlətinin simvollarından ilhamlanıblar. Bundan başqa bu bayraq Belorusdakı ağ-qırmızı-ağ bayrağı ilə də oxşarlıq təşkil edir.[22] Ağ-qırmızı-ağ bayraq da Belarusdakı siyasi müxalifətin simvoludur. Rənglər bəzi fəallara görə, sülhü, saflığı, tədbirliliyi (ağ), həmçinin həqiqəti və ədaləti (göy rəngi) simvolizə edir.[23][24]
Martın 5-də Vilnüsdə Azad Rusiya Forumunun[25] təşkil etdiyi müharibə əleyhinə konfransda rusların müharibə əleyhinə simvollarının yaradılmasının zəruriliyi müzakirə edilib.[26]. Martın 12-də Vilnüsdə təşkilatçılar ağ-göy-ağ bayrağa həsr olunmuş aksiya keçirərək, onun azad Rusiyanın dövlət rəmzinə çevriləcəyinə ümid bəslədiklərini qeyd ediblər.[27]
2022-ci il martın 6-da Moskva sakini Anna Dubkova avtomobilinə ağ-göy-ağ bayraq vurduğuna görə polis əməkdaşı tərəfindən saxlanılıb. Həbsdən sonra tərtib edilən protokolda qeyd olunur ki, bayrağın rəngləri “müxalifət qüvvələri arasında yayılmış müharibə əleyhinə etirazların simvolunu ifadə edir”. Anna Dubkova Presnenski Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 19.3-cü maddəsinə əsasən 15 sutka müddətinə həbs edilib.[28][29]