Ağabala Məmmədbağır oğlu Abdullayev (1910, Çərəli, Zəngəzur qəzası – 10 oktyabr 1976, Füzuli rayonu) — Azərbaycanlı xanəndə.
Ağabala Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Ağabala Məmmədbağır oğlu Abdullayev |
Doğum tarixi | 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 1976 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janr | muğam |
Musiqi aləti | qaval |
Ağabala Abdullayev 1910-cu ildə Çərəli kəndində anadan olmuşdur.[1] 12 yaşında olarkən o, Qaryagində kəndli gənclər məktəbinin birinci sinfinə daxil olur. Yaşının çoxluğu onu gecə kursuna keçməyə məcbur edir. О, atasının razılığı ilə çust tikən usta Rza kişinin yanında şagirdlik edir. Çox keçmir ki, özü usta olan A. Abdullayev ayrıca dükan açıb orada işləyir.
1927-ci ildə Bülbül, İsmayıl Eloğlu və Mürşüd Haşımlı Ağabala Abdullayevin səsini eşidib onun dükanına daxil olur. Onlar Ağabalanı kluba dəvət edib səsini yoxlayır və bəyənirlər. Bülbül gedəndə Ağabalanı o vaxt Qaryagində klub müdiri işləyən M. Haşımlıya tapşırır. Gündüzlər dükanda işləyib, axşamlar yaradıcılıq dərnəklərində iştirak edən A. Abdullayev xorda və tamaşalarda epizodik rollarda çıxış etməyə başlayır.
1928-ci ildə Qaryagində çəkməçi arteli açılır. A. Abdullayev həmin arteldə işləsə də, klubda tamaşalarda iştirak etməyə də davam edir. 1930-cu ildə qarmon çalan Topaşa Əhmədov öz pulu ilə Ağabalaya qaval alır və birinci dəfə onu Gecəgözlü kəndinə toya oxumağa aparır. О vaxtdan etibarən A. Abdullayev yaxın və uzaq kəndlərin toy şənliklərində iştirak etmişdir.
1933-cü ildə Qaryaginə qonaq gəlmiş Seyid Şuşinski burada ona təklif olunmuş klub müdiri vəzifəsini qəbul edib 1937-ci ilə qədər burada işləmişdir. Ağabala səhnə texnikasını C. Vəzirov və M. Haşımlıdan öyrənmişdisə, muğam ifaçılığının sirlərini Seyid Şuşinskidən öyrənmişdi.[2]
Böyük Vətən müharibəsi başlanan günü Ağabalanın üzv olduğu kollektiv Qafanda qastrol tamaşaları verirdi. Müharibə xəbərini eşitdikdə kollektiv Qaryaginə qayıtmağa məcbur olur. Kollektivin böyük bir hissəsi orduya səfərbərliyə alındı. Ağabala və dostu C. Cəfərov gənclərdən ibarət bir dəstə yaradaraq tez-tez çağırışçılar qarşısında konsertlər verirdilər. Teatrın rejissoru müharibəyə getdiyi üçün kollektivə Bakıdan Cəlil Bağdadbəyovu rejissor göndərirdilər. О, az müddət içərisində müharibəyə aid bir neçə tamaşa hazırladı. Ağabala həmin əsərlərdə rejissor köməkçisi olmuşdur. Onların hazırladıqları "Çətin dərə" əsəri tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Ağabala Abdullayev 10 oktyabr 1976-cı ildə vəfat etmişdir.[1]
Ağabala Qaryagin klubunda müxtəlif səhnə obrazları yaratmışdır. Bu obrazların içərisində "Əsli və Kərəm" operasında Kərəmin atası rolu xüsusilə diqqətəlayiqdir.
1933–1937-ci illərdə A. Abdullayev "Leyli və Məcnun"da Məcnunun atası, "Əsli və Kərəm"də Kərəmin atası, "Aşıq Qərib"də Qəribi, "Arşın mal alan"da Süleyman rollarını məharətlə ifa etmişdir. 1938-ci ildə Qaryagin "kolxoz-sovxoz" teatrı açıldıqdan sonra A. Abdullayev də bu teatrın tərkibində Bakıda, İmişlidə, Ağcabədidə, Cəbrayılda, Zəngilanda və s. rayonlarda tamaşalarda müvəffəqiyyətlə çıxış etmişdir.[3]
Mürşüd Haşımlı ordudan tərxis olunandan sonra operaları yeni variantda işləyib hazırlamışdır. Bu operalarda Ağabala bir-birindən maraqlı olan Məcnun, Qərib, Əsgər, Kərəm, Sərvər surətlərini yaratmışdır. 1953-cü il sentyabrın 27-də A. Abdullayev Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında böyük və rəngarəng konsert proqramı ilə çıxış etmişdir. Konsertdən sonra Səməd Vurğun və Süleyman Rüstəm filarmoniyanın müdirinin otağında Ağabalanı uğurlu çıxışına görə səmimi təbrik etmiş, Bakıda qalmağını məsləhət görmüşlər. Xanəndə Bakıda qalmağa razılıq verməmişdir.
1956-cı ildə Bakıda xəstaxanada yatarkən görkəmli musiqişünas Əhməd Bakıxanovla tanış olan xanəndə onun dəvəti ilə Radio Verilişləri İdarəsinə getmiş, "Rast", "Zabul" muğamlarını və "Şamama" mahnısını lentə yazdırmışdır. Lentə qulaq asan komissiya A. Abdullayevə birinci dərəcəli xanəndə adı vermişdir. Həmin vaxtdan etibarən artıq tanınıb məşhurlaşan xanəndə Azərbaycanın müxtəlif şəhər və rayonlarında, kəndlərində böyük konsert proqramı ilə çıxışlar etmişdir. 1963-cü il aprelin 17–18-də Bakıda, aprelin 19-da Sumqayıtda, aprelin 20-də isə Azərbaycan Dövlət Tibb İnstitutunda maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Tanınmış xanəndələrdən olan İslam Rzayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Mürşüd Məmmədov, T. Musayev, Y. Əliyev və başqalarının yetişməsində A. Abdullayevin böyük zəhməti olmuşdur.[1]
Ağabala Abdullayev ayrı-ayrı vaxtlarda "Rast", "Segah-Zabul" muğamlarını, "Arazbarı", "Qarabağ şikəstəsi" ritmik muğamlarını, "Şamama", "Güloğlan", "Qaçaq Nəbi" mahnılarını lentə yazdırmışdır.