Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyov (1887, Şuşa – 21 aprel 1951, Bakı) — Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biri, teatr aktyoru, rejissoru və təşkilatçısı, tərcüməçi, Azərbaycan SSR əməkdar artisti (1943).
Cəlil Bağdadbəyov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru, teatr rejissoru, tərcüməçi, sənətşünas, etnoqraf |
Fəaliyyət illəri | 1907–1948 |
Teatr | |
Mükafatları |
Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olmuşdur. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə almış, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxumuşdur. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışmışdır.[1] O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil almış, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirmişdir. Cəlil Bağdadbəyov peşəkar teatr təhsili almış, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olmuş, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəmişdir. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənmişdi.[2]
Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunmuşdur.[3] Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlamışdır.[4]
Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur. Müharibədən sonrakı illərdə o, quruluşçu rejissor kimi müxtəlif teatrlarda öz fəaliyyətini davam etdirmiş, Bakıda Konsert Birliyinin, Cəfər Cabbarlı adına Teatrın direktoru vəzifələrində çalışmış, Teatr İnstitutunda "Müxtəlif dövrlərdə xalqların incəsənət tarixi" mövzusunda mühazirələr oxumuşdur.[2]
Cəlil Bağdadbəyov 21 aprel 1951-ci ildə, 64 yaşında Bakı şəhərində vəfat etmişdir.[1]
Azərbaycan SSR xalq yazıçısı İlyas Əfəndiyevin dayısıdır.[5]
Cəlil Bağdadbəyov 1907-ci ildə "Nicat" cəmiyyətinin teatr truppasına aktyor götürülmüş, burada, həmçinin "Səfa" teatr truppalarında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə aktyorluq fəaliyyəti göstərmişdir.[3]
C. Bağdadbəyov rejissorluq fəaliyyətinə 1920-ci ildə Bibiheybət və Balaxanı teatr klublarında başlamışdır. O, eyni zamanda Ağdaş, Lənkəran, Nuxa və Şuşada fəaliyyət göstərən teatrlarda rejissor kimi çalışmışdır.[4] 1920-ci ildə Milli Dram Teatrının truppasına götürülən aktyor 1922-ci ilin sentyabrından 1924-cü ilin axırlarına qədər Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da işləmişdir.[3]
O, 1929-cu ildə Aşqabadda musiqi texnikumunda dram kurslarına rəhbərlik etmiş, türkmən dram truppasını yaratmış, Aşqabad teatrı üçün "Aulda radio" pyesini yazmışdır.[4] Tacik dilində təbliğat xarakterli "Tacik qızı", "Komsomol və nişan" dramlarını qələmə almışdır.[1]
1938–1948-ci illərdə Şamaxı, Şuşa, Salyan, Ağdaş, Zaqatala, Qaryagin, Ağdam, Şamxor, Naxçıvan, Ordubad şəhərlərinin dram dərnəklərinə və dövlət teatrlarına yaradıcılıq fəaliyyəti göstərmişdir. O, oralarda həm aktyor, həm də rejissor kimi çıxış etmiş, tamaşalar hazırlamış, rollar oynamışdır.[3]
Cəlil Bağdadbəyov bir sıra pyeslərin müəllifi olmuşdur. Onun "Buxaranın əmiri", "Parlayan ulduzlar" və başqa pyesləri Düşənbə, Səmərqənd, Daşkənd, Kokand, Aşqabad və digər şəhərlərdəki teatrlarda səhnəyə qoyulmuşdur. "Xanlar" pyesi üzərində işləyən Cəlil bəy bu pyes əsasında film çəkməyi planlaşdırsa da, bu, Böyük Vətən müharibəsinin başlaması səbəbilə baş tutmamışdır.[4]
Cəlil Bağdadbəyov etnoqraf kimi də fəaliyyət göstərmişdir. Onun "Nişan", "Paltarbiçmə", "Toy", "Duvaqqapma", "Kənd toyları" kimi yazılarında Azərbaycan xalqının adət-ənənələrindən bəhs olunur. Cəlil Bağdadbəyov eyni zamanda Azərbaycan muğamlarının tarixini də ilk dəfə yazan şəxsdir. O, Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl bəy, Mir Möhsün Nəvvab, Bağban Əkbər, Məcid Behbudov və başqaları haqqında ilk yazılı məlumatların müəllifidir.[2]