Ağakərim İsrafilbəyli (azərb. Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli; d. 4 dekabr 1948, Şamaxı rayonu, Kiçik Qaladərəsi kəndi) — xanəndə.
Ağakərim İsrafilbəyli | |
---|---|
Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı rayonu, Kiçik Qaladərəsi kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Ağa İsrafil İsrafilbəyli |
Anası | Nəsibə İsrafilbəyli |
Milliyyəti | azərbaycanlı |
Tanınır | xanəndə |
Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Muğamın sirlərini Şamaxı şəhərindəki Xaqani mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan öyrənmişdir. 200-ə qədər təsnifin, 60-70 mahnının müəllifidir. Həmçinin, münacatla başlanıb qəzəllərlə tamamlanan divanı var. Bir sıra müsabiqələrin qalibidir. Bir çox Avropa ölkələrində Azərbaycan muğamını təqdim etmişdir.[1]
Ağakərim Nafiz Şirvani 4 dekabr 1948-ci ildə Şamaxı rayonunun Kiçik Qaladərəsi kəndində anadan olmuşdur. Ağakərim Nafizin atası Ağa İsrafil bəy Əli bəy oğlu və anası Nəsibə xanım Bəybala bəy qızıdır. Orta məktəbi Şamaxıda 5 saylı məktəbin axşam sinfində oxumuşdur. Xanəndə Tacikistanın Düşənbə şəhərində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini davam etdirməmişdir. Ağakərim Nafiz Şirvani din tarixini, tarixi, əfsanə, rəvayət və dastanları, klassik və xalq ədəbiyyatını, folkloru dərindən mənimsəmişdir.
Ağakərim Nafiz Şirvani Şamaxı şəhərindəki Xaqani adına mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan muğamı öyrənmişdir. O, müxtəlif musiqi festivallarının diplomlarını almışdır. Belə ki, 1989-cu ildə Ağdamda keçirilən "Xarı bülbül" muğam müsabiqəsinin qalibi olmuşdur.[2] Həmçinin Ağakərim Nafiz Şirvani haqqında "Azərbaycantelefilm" 1997-ci ildə "Naməlum səs" adlı film çəkmişdir. 2018-ci ildə AzTV mədəniyyət kanalında "Yurd Yeri" proqramında haqqında geniş veriliş verilmişdir.
Ağakərim Nafiz təkcə muğam ifaçısı deyildir. O, həm də 200-ə qədər təsnifin, 60-dan çox mahnının müəllifidir.
Ağakərim Nafiz gənc yaşlarından şeir yazmağa başlamış və əsasən əruz vəznində qəzəllər, təxmislər, rübailər yazmışdır. Gənc yaşlarında ustad şair Məhəmməd Biriyadan klassik şeir üslubunu mənimsəmişdir. Şeirlərini Nafiz təxəllüsü ilə qələmə almışdır.
Ağakərim Nafiz klassik Azərbaycan-Türk və Şərq divan ədəbiyyatı ənənələrinə XXI əsrdə davam etdirərək şeirlər yazır. O, XV-XIX əsrin dil üslubunu öz şeirlərində qoruyub saxlayır.
2017-ci ildə Ağakərim Nafiz Şirvaninin 630 səhifəlik "Divan"ı çapdan çıxmışdır.
Onun divanına aşağıdakılar daxil edilmişdir: Münacat, Əsma’-ül-hüsna (Allahın gözəl adları), Rəsuli-Əkrəmə (s.v.s.) (Peyğəmbərə), Həzrət Əliyə, Saqinamə (3), ustadı Ağalara, Mürəbbe (2), müxəmməs (4), müsəddəs, məsnəvi (4), müstəzad, İbrətnamə, Bahariyyə, Təxmis (55), Qəzəl (427), Rübai (11) və tərcümələr (15). Beləliklə, onun ümümilikdə bu divana müxtəlif növlü 500-dən çox şeiri daxil olmuşdur.
Ağakərim Nafizin üç saqinaməsi divana daxil edilmişdir. "Gətir" rədifi ilə yazılmış birinci saqinaməsində Cami-Cəmşidi, Şahi-Mərdanı, Məryəm, Məsih (İsa), Süleyman, Nuh, Yusif, Züleyxa, İskəndər, Dara, həzrəti-Loğman, Mürtəza kimi tarixi şəxsiyyətlərdən bəhs olunur.
"Olsun" rədifli ikinci saqinaməsində xanəndə və xanəndəlik sənətinin vacib olan əlamətlərindən, daha sonra "Rast", "Şur", "Nəva", "Çahargah","Firuzi-Həsaf", "Hümayun", "Şüştər", "Mahur", "Dadi-Bidad", "Əraq", "Segah", "Sarəng" kimi muğam və muğam şöbələrindən bəhs olunur.
Üçüncü saqinamə Şirvan xanəndələrinin vəsfinə həsr edilib. Ağakərim Nafiz həmin saqinamədə XIX əsrdən günümüzə kimi yaşayıb yaradan Şirvan xanəndələrinin-Mirzə Məhəmməd Həsən, Mirzə Güllərdən başlayaraq özü daxil olmaqla, 34 Şirvan muğam sənətkarının adını çəkir və onlara öz münasibətini bildirir. O, həmçinin xanəndə Mirzə Məhəmməd Həsənin bəzi mahnılarını bərpa edib, şeirlərinə nəzirə yazıb. Mirzə Məhəmməd Həsən haqqında "Ustadi-ə'zəm Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani" kitabı yazıb və çap etdirib.
Bu divana onun 428 qəzəli daxil edilmişdir. Qəzəllərin dili klassik Azərbaycan qəzəl janrındadır.
Ağakərim Nafizin divanında Məhəmməd Füzuli (2), Nişat Şirvani, Ne’mətullah Kişvəri, Məlikli Molla Əli Şirvani, Seyid Əzim Şirvani - Seyyid (3), Əmir Əlişir Nəvai, Molla Ağa Bixud, Mirzə Məhəmməd Həsən, Cahanşah Həqiqi, Baqi əfəndi (2), Namiq Kamal, Molla Qədir Naci (2), Nabi əfəndi (2), Kamil Sərbəndi, Nicati Rumi, Sultan Həmid, Vəsli Rumi, Mir Naşidi Rumi, Qaramanlı Nizami Rumi, Mirzə Qulamhüseyn Yurdçulu, İzzət Rumi, Səfi təxəllüslü Sultan Şeyx Səfiəddin Ərdəbili, Fəqir Ordubadi, Yəhyəvi Ərdəbili, Məhəmməd Biriya, Əhməd Cəfərzadə (3) və laədri qəzəllərinə ümumilikdə 35 nəzirə yazmışdır.
Ağakərim Nafizin divanına daxil edilmiş 53 təxmisi vardır. Bu təxmislər Hafiz Şirazi (2), Mövlana Lutfi, İmadəddin Nəsimi (2), Cahanşah Həqiqi, Əmir Əlişir Nəvai (2), Nemətullah Kişvəri (6), Məhəmməd Füzuli (2), Abdullah Üsuli, Mühibbi təxəllüslü Sultan Süleyman Qanuni (4), Baqi (8), Bəsiri, Nabi (5), Vəsli Rumi, Nişat Şirvani (2), Molla Qədir Naci (5), Ünsi, Mir Naşidi Rumi, Seyid Əbülqasim Nəbati, Seyid Əzim Şirvani – Seyyid (3), Mirzə Məhəmməd Həsən Fələkzadə, Mirzə Ələkbər Sabir (2), Məhəmməd Hadi kimi ustadların qəzəllərinə yazılmışdır.
Ağakərim Nafiz saqinamələrində və eləcə də bir sıra başqa qəzəllərində muğam və muğam şöbələrinin adını çəkmişdir: "Rast" (7), "Sarəng" (10), "Nəva" (20), "Şur" (16), "Dəşti", "Qətar" (6), "Segah" (4), "Şüştər" (3), "Dilkeş" (3) "Mahur" (3), "Zəminxara" (2) "Pəncgah"(2), "Əraq" və s.[3]