Ağalar Xanlar oğlu Bayramov (16 yanvar 1954, Boyat, Ucar rayonu) — Azərbaycanlı aktyor, Respublikanın Əməkdar artisti (2002), "Qızıl qılınc" mükafatı laureatı (2003)
Ağalar Bayramov | |
---|---|
Doğum tarixi | 16 yanvar 1954 (70 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1984-indiyədək |
Təhsili | |
Mükafatları |
Ağalar Xanlar oğlu Bayramov 1954-cü ilin yanvar ayının 16-da Azərbaycan Respublikasının Ucar rayonun Boyat kəndində anadan olub. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961–1971-ci illərdə orta məktəbdə, 1971–1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb.[1]
1972–1974-cü illərdə Göyçayda işləyən Ağalar 1974-cü il mayın 31-də Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində hərbi xidmətə yollanıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıdan Ağaların nənəsi rəhmətə gedir və o artıq rayonda qala bilmir və 6 ay sonra Bakıya yollanır. Bakıda fəhləlik edib pul qazanan aktyor əvvəlcə sənədlərini Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsinə verir, lakin qəbul ola bilmir.
1977–1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnir.[1]
Aktyor 1980–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
Ailəlidir, bir qızı, bir oğlu var.[1]
1980-ci ildə ailə quran aktyor institutu bitirdikdən sonra 1985-ci ildə institutun "Aktyor sənəti" kafedrasında baş laborant, bir müddət sonra isə dekan müavini işləmişdir.[1] Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlamış, 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasında dosent kimi, aktyorlara "Səhnə danışığı fənnini tədris edir.
1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışmaqdadır.
2004-cü ildən DAK-ın qurultaylarında və keçirdiyi tədbirlərində fəal iştirak edib. Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən X (növbədənkənar) Birlik qurultayında Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri seçilib. DAK-dakı fəaliyyətinin başlıca məqsədi Azərbaycanın bütövlüyünə, Güney Azərbaycanın müstəmləkə buxovundan azad olmasına nail olmaqdan ibarətdir. Harada çıxış etməsindən asılı olmayaraq, gənc nəsilə Bütöv Azərbaycanın varlığını, keçdiyi keçmə-keçli yolları aşılamaqdan ibarətdir.
Bir neçə filmdə baş rola çəkilib: "Oyun", türkçülükdən bəhs edən "Tanrı işığı" və Məhəmməd Peyğəmbərə həsr olunmuş "Adın hikməti". Onun ssenarisi üzrə çəkilmiş və özünün iştirak etdiyi 11 ədəbi teatr televiziyanın qızıl fondunda qorunub saxlanmaqdadır. Bunlar Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qocanın əsərlərindən ibarət olmuşdur.
İlk dediyi şeir Rüstəm Behrudinin "Vətən" şeiri olub. Əsəsən Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən, Zəlimxan Yaqubun yaradıcılığına müraciət edir. Şair Əjdər Olu ictimaiyyətə öz qiraəti ilə tanıtmışdır.[2]
1990-cı ildən dövrü mətbuatda, Ağalar Bayramovun yaradıcılığı haqqında 100-dən çox məqalələr yazılmışdır. Bunlardan bəziləri bunlardır: Əlirza Xələfi: "Səsin üç rəngi", Məmməd Aslan: "Yurd həsrətinə od vuran bir səs", Ələmdar Quluzadə: "Səsin qüdrəti"