Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aşel mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir.
Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şiş Quzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur.
Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir.
Əmək alətləri başlıca olaraq felzit, kvars, çaxmaqdaşı, bazalt, əhəngdaşından,bəzən isə xalsedon və digər daş cinslərindən hazırlanmışdır. Daş məmulatı əmək alətləri, istehsal tullantıları və çay daşlarından ibarətdir. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.
Çapacaq və çapacaq tipli alətlər çay daşının hər iki tərəfindən qəlpələr qoparılmaqla hazırlanmış, tutacaq hissəsinin təbii qabığı saxlanmışdır. Çopper tipli alətlərin bir kənarı, yaxud ucu qəlpələr qoparılmaqla işlənmişdir. Bu tip alətlərlə yanaşı düz vurma səthi olan və təbii qabıqla örtülmüş qəlpələrdən hazırlanmış alətlər də vardır. Onlar ərsinlər, itiuclular, limastipli və s. alətlərdən ibarətdir. Aşkar olunan əmək alətləri qədim insanların yalnız çay daşlarından hazırlanmış çopper, coppinq və kobud çapacaqlarla kifayətlənmədiyini, qəlpələrdən əmək alətləri hazırlamağa başladığını göstərir. Azıx mağarasının Erkən Aşel mədəniyyətinə aid əmək alətləri qəlpələrin qoparılma texnikasına görə olduqca kobuddur və keçmiş SSRİ-də onların bənzərləri yoxdur. Altıncı təbəqədən aşkar edilmiş arxeoloji materiallar bir tərəfdən daha qədim Quruçay mədəniyyətinin, digər tərəfdən isə Orta Aşel mədəniyyətinin xüsusiyyətlərini daşımaqla Aşelə keçid mərhələsini əks etdirir.
Merka kərgədanı, Şotenzak bizonu, Zyusenbern atı, Мesopotomiya maralı, mağara kaftarı, nəhəng maral, cənub yarasalarının sümükləri aşkar olunmuşdur. Aşkar olunmuş qalıqlar bu dövrün Мindel buzlaşması dövrünə, bəlkə də daha əvvələ aid olduğunu deməyə imkan verir. Sümük qalıqlarının hamısı daşlaşmış vəziyyətdə aşkar olunmuşdur.
O dövrdə Azıx mağarasını əhatə edən bitki örtüyü də fərqli olmuşdur. Flora qalıqlarının tədqiqi Azıx sakinlərinin 60-dan artıq bitki növündən istifadə etdiyini göstərir. Başlıca ağac cinsləri çinar, küknar, qızılağac, palıd, tozağacı, göyrüş, cökə, vələs və digərlərindən ibarət olmuşdur. Heyvan və bitki qalıqlarının öyrənilməsi Azıx mağarasındakı altıncı təbəqənin Bakı dövrünə aid olduğunu deməyə əsas verir. Paleomaqnit ölçmələr isə bu təbəqənin Bryunes dövrünə, erkən Pleystocen, yaxud Tiraspol kompleksinin erkən inkişaf mərhələsinə aid olduğunu təsdiq edir. Bu isə təqribən 730 min il bundan əvvələ uyğun gəlir.
Мüxtəlif landşaftlarda yaşayan heyvanların qalıqlarının aşkar edilməsi Orta Aşel dövründə havaların istiləşdiyini göstərir. Orta Aşel Azərbaycanda Мindel-Ris buzlaşmaları arasındakı dövrə uyğundur. Bu təbəqədən 35 növ heyvana aid fauna qalıqları aşkar edilmişdir. Onlar arasında nəcib maral, cüyür, qaban, porsuq, at, eşşək, uzunbuynuz maral, sayqak və digər heyvanların qalıqları vardır.
Altıncı təbəqənin üzərini örtən beşinci Orta Aşel təbəqəsi litoloji tərkibinə, rənginə, qalınlığına və arxeoloji materialın tərkibinə görə Erkən Aşel təbəqəsindən fərqlənir. Bu təbəqədən daş məmulatı, qədim insanın çənə sümüyünün parçası, ocaq qalıqları, daş hörgü və s. aşkar olunmuşdur. Daş məmulatı Erkən Aşel təbəqəsinə nisbətən 5-6 dəfə azdır. Tədqiqatçılar daş alətlərin az tapılmasını Orta Aşeldə havaların istiləşməsi və rütubətli iqlim şəraiti ilə bağlayırlar. Erkən Aşel dövrü ilə müqayisədə bu dövrdə aşağı keyfiyyətli daş cinslərindən istifadə edilməmişdir. Əmək alətləri ilə bərabər qəlpələr, parçalanmış və bütöv təbii çay daşları da əldə edilmişdir. Beşinci təbəqənin alt qatlarından aşkar olunmuş əmək alətləri ümumi əlamətlərinə görə altıncı təbəqənin alətlərindən fərqlənmir, üst qatlardan aşkar olunmuş alətlər isə xeyli təkmildir. Bu fərqlər fauna qalıqlarında da özünü göstərir. Beşinci təbəqənin üst qatlarının fauna qalıqları Tiraspol kompleksindən fərqlənərək Sinqil kompleksi ilə oxşarlıq təşkil edir.
1968-ci ildə beşinci təbəqədən qədim insana aid alt çənə sümüyünün tapılması Aşel insanlarının fiziki quruluşu haqqında müəyyən fikir yürütməyə imkan vermişdir. Onunla birlikdə Orta Pleystocen dövrünə aid Aşel alətləri və xeyli miqdarda fauna qalıqları aşkar edilmişdir. Bu, keçmiş SSRİ ərazisində ən qədim paleoantropoloji tapıntı idi. Azıx adamının indiyədək dünyanın müxtəlif Paleolit düşərgələrindən tapılmış insan qalıqları ilə müqayisəli araşdırılması onun preneandertal tipinə aid olduğunu göstərir. Bu aşkar olunan fauna qalıqlarının geoloji dövrü və Aşel tipli daş alətlərin dövrü ilə tamamilə uyğundur. Azıxantropun çənə parçasına əsasən demək olar ki, Aşel mədəniyyətinin daşıyıcıları öz fiziki tipinə görə Fransanın cənubunda yaşayan preneandertallarla bənzər olmuşdur. Azıxantropun yaşadığı dövrdə Sinantrop və Heydelberq tipli insanlar yayılmışdır.
Erkən Aşel dövrü təbəqəsində diametri 30 x 20 sm olan ocaq qalıqlarının aşkar olunması Azıx sakinlərinin odla tanış olduğunu və ondan istifadə etdiyini göstərir. Ocaq birbaşa girişdə yox, qapıdan 20–25 m uzaqlıqda cənub divarı yaxınlığında qurulmuşdur. Ocaqların olduqca yaxşı saxlanması toplanan yanacaq materialı haqqında da müəyyən təsəvvür əldə etməyə imkan verir. Ocaqların biri, yuxarıda qeyd edildiyi kimi, altıncı təbəqədə, qalanları isə beşinci təbəqədə aşkar olunmuşdur. Beşinci təbəqənin ikinci layında yerləşən üçüncü ocağın sahəsi xüsusilə böyük olub 10 kv.m-dir. Vaxtilə mağarada olan bulağın ətrafında yerləşən ocaq bir neçə dəfə yerini dəyişdiyindən kül qalıqları böyük sahəyə yayılmışdır. Kül təbəqəsinin altından mağara ayısının alt və üst çənə sümüyü, digər heyvanlara aid sümüklərin qalıqları aşkar edilmişdir. Bu sümüklər odun təsirindən qızarmışdı. Dördüncü ocaq üçüncünün əks tərəfində, mağaranın şimal divarı yaxınlığında aşkar olunmuşdur. Burada həmçinin qədim evin təməlinin qalıqları aşkar edilmişdir. Beşinci ocağın dibi əhəngdaşı lövhələri, ətrafı isə qaya daşları ilə döşənmişdi. Onun sahəsi 50 x 50 sm olmuşdur.
Paleolit təbəqələrində, xüsusilə Aşeləqədərki və Erkən Aşel düşərgələrində ocaq izlərinə az rastlanmışdır. Aşel dövrünə aid abidələrdə ocaqlara indiyədək Çjoukoudyan, Terra-Amata, Lazar, Verteşeelleş və Azıxda rastlanmışdır. Tədqiqatçılar ocaqların meydana gəlməsini ovçuluq təsərrüfatı ilə bağlayırlar. Lakin araşdırmalar göstərir ki, ocaqlar yalnız yemək hazırlanması üçün deyil, mənzilin isidilməsi üçün də istifadə edilmişdir. Ocaqların müxtəlif səviyyələrdə, lakin müəyyən sahədə aşkar olunması göstərir ki, daşın emalı mağaranın girişində, yaşayış sahəsi isə bir qədər içəridə, ocaqların ətrafında olmuşdur. Azıx mağarasında yaşayış sahəsi kimi istifadə olunan hissə daş hörgü ilə mağaranın digər sahəsindən ayrılmışdır. Bu onu göstərir ki, Aşel insanları müəyyən dövrlərdə hava şəraiti ilə bağlı olaraq istini qoruyub saxlamağa ehtiyac hiss etmişlər. Daş hörgü müəyyən hissədə kəsilmiş və hörgünün davamı kimi maral buynuzları düzülmüşdür. Onlar bəzən bir-biri ilə üzbəüz yerləşdirilmişdir. Ehtimal ki, maral buynuzlarından ritual məqsədlə istifadə edilmişdir. Tədqiqatlara əsaslanaraq demək olar ki, Aşel dövründə insanlar süni tikintilərdən istifadə etməklə bərabər, süni od almağı da bacarmışlar.
1971-ci ildə aparılan araşdırmalar zamanı ikinci ocağın səviyyəsində gizlin guşə aşkar olunmuşdur. Buraya mağara ayısının kəllələri qoyulmuşdu. Ocaq üçün xüsusi yer seçilməsi, onun yaxınlığında bulağın olması, ayı kəllələri qoyulan gizlin guşənin mövcudluğu göstərir ki, bu ocaqlar Aşel adamlarının həyatında mühüm rol oynamış, ehtimal ki, müəyyən mənada sitayiş xarakteri daşımışdır. Мağaranın birinci zalı qədim insanlar üçün yalnız mənzil rolunu oynamamış, həmçinin müqəddəs və ritual yer olmuşdur. Odun əhəmiyyətini görən insan ona böyük önəm vermiş və sitayiş etmişdir. Azıx mağarasının Aşel təbəqəsindən aşkar olunan arxeoloji tapıntılar o dövrdə yaşayan insanların mənəvi dünyası haqqında da müəyyən fikir deməyə imkan verir. Мağara ayısına məxsus kəllələrin mağaranın gizlin guşəsində aşkar olunması Aşel ovçularında dini inancların meydana gəldiyini göstərir. Ayı kəlləsi üzərinə çəkilən cizgilər heyvana sitayişlə bağlı inancların meydana çıxdığını ehtimal etməyə imkan verir. Bir-birinin yanına qoyulmuş ayı kəlləsi Gürcüstanda, Cənubi Osetiyanın I Kudaro düşərgəsinin Orta Aşel təbəqəsində aşkar olunmuş və tədqiqatçılar tərəfindən dini təsəvvürlərin yaranması ilə izah edilmişdir. Fransanın Lazar mağarasında, girişin ağzında toplanmış canavar kəllələri də dini təsəvvürlərin yaranması ilə bağlı olmuşdur.[1]