Quruçay mədəniyyəti

Quruçay mədəniyyətiAzərbaycan ərazisində daş dövrünə aid arxeoloji mədəniyyətdir.

Quruçay mədəniyyəti
Yeri

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Qədim insanlar alət hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olurdular. Quruçay vadisi ibtidai insanların yaşaması üçün hər cür şəraitə malik olmuşdur. Ona görə də Azıx mağarasının 7–10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Mədəniyyətin ilkin mərhələsində alətlərin hazırlanması texnikası bəsit olduğu halda sonrakı mərhələlərdə təkmilləşmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksiilə yaxınlıq təşkil edir. Lakin əmək alətlərinin tipologiyasında fərqlər var. Aparılan kompleks tədqiqatlar Quruçay mədəniyyətinin Azərbaycanda 1.2 milyon il bundan əvvəl başlayıb, 700 min il bundan əvvələ qədər davam etdiyini göstərir. Quruçay mədəniyyəti keçmiş SSRİ ərazisindəən qədim arxeoloji mədəniyyət idi.

Azıx mağarası|Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi Qədim daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycanın Paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində başlanmışdır. 1953-cü ildə S. N. Zamyatin və М.М. Hüseynovun rəhbərliyi ilə təşkil edilən kəşfiyyat xarakterli tədqiqatlar zamanı Qazax rayonunun Daşsalahlı kəndində, Damcılı mağarasında Paleolit düşərgəsi aşkar olunmuşdur. Sonrakı illərdə aparılan araşdırmalar yeni abidələrin aşkar olunması ilə nəticələnmişdir.

Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə Aşel dövrü təbəqəsindən azıxantroqun alt çənə parçası, 1974-cü ildə isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti aşkar olunmuşdur.

Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarası Quruçay vadisində, Mil düzü ilə dağ silsiləsinin birləşdiyi ərazidə, olduqca əlverişli mövqedə yer almışdur. Soyuq və isti iqlimlərin qovşağında yerləşən bu ərazi Paleolit dövrü insanlarının ovladığı müxtəlif heyvanların buraya gəlməsinə imkan yaratmışdır. Onlar içərisində kərgədan, vəhşi atlar, ceyran, öküz və digər heyvan cinsləri olmuşdur.

Mağaranın iki girişi olmuşdur. Dörd zaldan ibarət olan mağaranın ümumi sahəsi 80000 kv. m-dir. Zalların tavanında olan müxtəlif həcmli dəliklər gün işığının mağaraya düşməsinə imkan yaratmışdır. Azıx mağarasında aparılan qazıntılar zamanı 14 m qalınlığında 10 mədəni təbəqə aşkar olunmuşdur. X–VII təbəqələrdən aşkar olunan maddi-mədəniyyət nümunələri hazırlanma texnikası və tipologiyasının özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyi üçün Quruçay mədəniyyəti adlandırılmışdır. Ən aşağıda yerləşən və mağaranın daş döşəməsini örtən onuncu təbəqə Quruçay hövzəsinin ilk sakinlərinin maddi mədəniyyəti ilə bağlıdır. Ehtimal ki, insanlar Quruçay vadisində mağarada məskunlaşmamışdan xeyli əvvəl yaşamışlar.

Azıx mağarasının ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay vadisində məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir. Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib öyrənilmişdir. Onlar protoçopper, protoçorrinq, limasşəkilli kobud alətlər, çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən həmçinin istehsal tullantıları və Quruçay dərəsindən xammal kimi gətirilən çay daşları da aşkar edilmişdir. Əmək alətlərinin hamısı qırmızı, qəhvəyi, sarı-boz rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmaqla işlənmiş, üzərlərində istifadə izləri saxlanmışdır. Qəlpələr əsasən daşların kənarlarından mərkəzə doğru vurulan zərbələrlə qoparılmışdır. Alətlərin bir qismində çay daşının təbii qabığı saxlanmışdır. Bəzi əmək alətləri pilləli retuşla işlənmişdir. Onuncu təbəqədən aşkar olunmuş əmək alətləri işlənmə texnikasına və tipoloji xüsusiyyətlərinə görə həmdövrdür. Ərsinlər, kəsici və özəkvari alətlər qəlpələr qoparılmaqla kobud hazırlanmışdır. Əmək alətlərinin işlənmə texnikasının kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki tərəfli işləmə texnikası, əmək alətlərinin ağız hissəsinin ikinci dəfə işlənməsi göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli əvvəl vadidə açıq düşərgələrdə məskunlaşmışlar. М.М. Hüseynovun fikrinə görə, bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il əvvəl meydana gəlmişdir. Hazırda Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl meydana gəldiyi ehtimal olunur. Onuncu təbəqənin üzərində yerləşən doqquzuncu təbəqə daha qalın və maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Bu təbəqədə əmək alətlərinin sayı əvvəlkindən beş dəfə artıqdır. Onlar protoçopper, protoçoppinq, özəkvari və kubvari alətlər, limasşəkilli alətlər, ərsinlər və qəlpələrdən ibarətdir. Bu təbəqədə ilk dəfə olaraq kubvari alətlər meydana çıxır. Protoçopperlər çay daşının bir ucu, yaxud uzununa bir kənarının qoparılması ilə hazırlanmışdır. Protoçoppinqlər başlıca olaraq çox da ağır olmayan yastı, oval daşlardan, çay daşlarının bir ucu, yaxud uzunsov kənarının hər iki tərəfdən qəlpələnməsi ilə, ərsinlər isə vurma səthi saxlanmış qəlpələrin bəzən bel, bəzən isə kənarlarının işlənməsi ilə düzəldilmişdir.

Mağaranın səkkizinci təbəqəsində aşkar olunan əmək alətləri tipoloji xüsusiyyətlərinə görə alt qatlardan aşkar olunan əmək alətləri ilə eynidir. Lakin bu təbəqə üçün protoçopper və protoçoppinq tipli ağır qiqantolitlərin meydana çıxması xarakterikdir. Bu təbəqədə primitiv çapacaqlara bənzəyən protoçoppinqlər də aşkar olunmuşdur.

Yeddinci təbəqə Quruçay mədəniyyətinin tamamlayıcı mərhələsini əks etdirir. Bu təbəqə litoloji xüsusiyyətlərinə görə aşağıdakı təbəqələrlə eyni olub, özündən yuxarıda yerləşən erkən Aşel mədəniyyətindən tamamilə fərqlənir. Bu təbəqədən aşkar edilmiş daş məmulatı protoçopper, protoçoppinq, özəkvari və kubvari əşyalar, ərsinlər, qəlpələr, istehsal tullantıları, çay daşlarından ibarətdir.

Əmək alətləri işlənmə texnikasının daha təkmil olunması ilə X–VIII təbəqənin alətlərindən fərqlənir. Bu fərqlər qəlpə qoparma texnikasında, xüsusilə qəlpələrin aydın seçilən vurma səthində, alətlərin kənarlarında saxlanmış qabarcıqlarda özünü göstərir. Çoppinqlərin hazırlanmasında Erkən Aşel dövrünün çoppinqləri və kobud çapacaqları üçün xarakterik olan əlamətlər izlənmişdir.

Azıx mağarasının X–VII təbəqəsindən aşkar olunmuş əmək alətləri tipoloji xüsusiyyətlərinə, hazırlanma texnikasına, qəlpə qoparma üsuluna və istifadə olunan xammalın tərkibinə görə genetik cəhətdən bir-biri ilə bağlı olub vahid bir mədəniyyətin məhsuludur. Bu mədəniyyət Azıx, Tağlar və Azərbaycanın cənubqərbindəki digər mədəniyyətlərin qaynağı olmuşdur. Ümumi qalınlığı 4,5 m olan bu təbəqə mağaranın ən qədim çöküntüləri olmaqla eyni təbii şəraitin məhsuludur.

Qədim insanların yaşadığı Paleolit düşərgələrinə dünyanın bir çox yerlərində rastlansa da, çoxtəbəqəli Azıx mağarası təbəqələrin ardıcıl yerləşməsinə görə nadir abidələrdən biridir. Azıx mağarasının yeganə bənzəri hələlik Olduvay abidəsidir. Elə buna görə də Azıx mağarasından aşkar edilmiş əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında М.М. Hüseynov Olduvaydan aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir.

Azıx mağarasının X–VII qatlarının fauna qalıqları olduqca pis saxlanmışdır. Onların bir çoxu çürüdüyündən hansı heyvanlara aid olduğunu təyin etmək mümkün olmamışdır. Aşkar olunan heyvan sümükləri maral, antilop, quş, gəmirici və yırtıcı heyvanların lülə sümüklərinin parçalarından, buynuz qırıqlarından ibarətdir. Lakin Quruçay mədəniyyətinin mövcud olduğu Abşeron dövrünün fauna qalıqları daha zəngin olmuşdur. Bu dövrdə Vulpes aff vulpes, Crocuta spelea, Spelearstos speleus, Ursus cf.arctos, Cervus mesopotamiea, Equus sussen bornansis, Equus hidruntinus, Dicerorhinus mercki, Bison schotensaci və digər heyvanlar yaşamışdır.

Azıx mağarasından aşkar olunmuş çay daşlarından hazırlanmış kobud daş alətlərin bənzərləri Olduvay (Tanzaniya), Koobi-Fora (Keniya), Melka Kontura (Efiopiya), Vallona (Fransa), Ubeydiyə (İsrail) və digər abidələrdən məlumdur.

Azıx mağarasının qədim sakinlərinin əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur.[1][2]

  1. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.[1] Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine
  2. Azərbaycan Tarixi (7 cilddə). Bakı: Elm, 1998, 1-ci cild.[2] Arxivləşdirilib 2022-09-21 at the Wayback Machine