Abstrakt ekspressionizm

Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında II Dünya Müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hərəkatı.[1] Abstrakt ekspressionizm termini amerikan rəssamlığına ilk dəfə 1946-cı ildə rəsm tənqidçisi Robert Kotes (1897-1973) tərəfindən aid edilmiş, lakin ilk olaraq 1919-cu ildə "Der Sturm" jurnalında alman ekspressionizmini ifadə etmək üçün işlədilmişdir. ABŞ-də bu termini ilk dəfə 1929-cu ildə Alfred Barr Vasili Kandinskinin əsərlərini təsvir etmək üçün istifadə etmişdir.[2]

Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbi və ya hərəkatıdır. Bu hərəkatda ekspressiv rəngləmə metodu rəsm çəkməklə eyni mənanı daşıyır. Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir.

Cekson Pollok, №5, 1948., lifli ağac plitə üzərində yağlı boya, 244 × 122 sm., şəxsi kolleksiya

Bu hərəkatın ilkin fazası olan abstrakt sürrealizm (abstract surrealism) 1940-cı illərdə Andre Bretonun ideyaları əsasında yaranmışdır. Onun əsas tərəfdarları amerikan rəssamları Hans Hofman, Arşil Qorki, Adolf Qotlib və başqaları idilər. 1950-ci illərdə Cekson Pollok, Mark RotkoVillem de Kuninqin bu hərəkatın başına keçməsilə o geniş miqyas qazandı. Minimalist rəssam Aqnes Martin də özünü abstrakt ekspressionist adlandırırdı.

Abstrakt ekspressionizmin formalarından biri taşizmdir. Hər iki cərəyanın ideologiyası və yaradıcılıq metodu demək olar ki, eyni olsa da, özünü taşist və abstrakt ekspressionist hesab edən rəssamların şəxsi tərkibi tam eyni deyil. Rus rəssamları arasında isə ən məşhur abstrakt ekspressionist 1950-1980-ci illərdə yaradan Yevgeni Mixnov-Voytenko hesab edilir.

  1. Editors of Phaidon Press. The 20th-Century art book (Reprinted.). London: Phaidon Press. 2001. ISBN 0714835420. ([[:Category:|link]])[[Category:]]
  2. Hess, Barbara; "Abstract Expressionism", 2005

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]