Abxaziya (Abxazca: Аҧсны Apsny, Gürcücə: აფხაზეთი Apkhazeti ya da Abkhazeti, Rusca: Абха́зия Abxaziya) Qara dənizin şərq sahilində, Cənubi Qafqazın şimal-qərbində yerləşən de-fakto müstəqil və qismən tanınan bir ölkədir. Şimal tərəfdən Rusiya, şərqdən Gürcüstan ilə əhatə olunmuş ölkə Rusiya, Nikaraqua, Venesuela və faktiki olaraq müstəqil olan Cənubi Osetiya və Dnestryanı tərəfindən tanınmışdır. Abxaziya Respublikası Hökumətinin idarə mərkəzi Suxumidir.
Pravoslav xristianlar və sünni müsəlmanlar Abxaziyanın dindar əhalisinin (bütün etnik qruplar daxil olmaqla) əksəriyyətini təşkil edir. Abxaziyada yaşayan ermənilərin əksəriyyəti Erməni Apostol Kilsəsinə mənsubdur. Ancaq əksər xristianlar və ya müsəlmanlar dini vəzifələrini yerinə yetirə bilmirlər. Yəhudilər, Yehovanın Şahidləri və yeni dinlərə inananlar çox azdır. Bu haqda rəsmi formada verilmiş heç bir fərman qüvvədə olmasa da, Yehovanın Şahidləri təşkilatı 1995-ci ildən qadağan edilib.
Gürcüstan konstitusiyalarına görə, Abxaziya Muxtar Respublikası və de-fakto olaraq müstəqil olan Abxaziya Respublikasında bütün dinlərə mənsub olan insanlar (eləcə də ateistlər) qanun qarşısında bərabər hüquqlara malikdirlər.
Abxaziya müharibəsindən bəri Gürcü Ortodoks Kilsəsi regionda fəaliyyət göstərə bilmir.
Abxaziyada uşaqlar təhsilə 6 yaşında başlayır və 17 yaşında məzun olurlar. Abxaziyada cəmi 1 universitet mövcuddur.
Futbol Sovet dövründə Abxaziyada ən populyar idman növü idi. Respublikanın rəsmi idman klubu olan Dinamo Suxumi daha çox Sovet futbolunun aşağı liqalarında oynayırdı. Ancaq Gürcüstan milli futbol komandası, Dinamo Tbilisi və digər Sovet futbol komandaları ilə oynayaraq bir çox istedadlı futbolçu yetişdirmişdir. Vitali Daraselia, Nikita (Mkrtych) Simonian, Avtandil Gogoberidze, Niyazbey Dzyapshipa, Giorgi Gavasheli, Temuri Ketsbaia və Akhrik Tsveibanın yerliləri Sovet İttifaqının ən önəmli futbolçularından idilər.
Abxaz idmançıları Rusiya vətəndaşları kimi beynəlxalq yarışlara qatılmış və Abxaziya əhalisinin əksəriyyəti kimi Rusiya vətəndaşlığını almışdırlar. Boksda (2005 Avropa çempionu David Arshba; 2006 Rusiya çempionatının qalibi Aslan Ahba) və sərbəst güləşdə (2006 American Airlines Sərbəst Güləş Turnirinin qalibi Denis Tsargush) böyük uğurlar əldə edilmişdir.