Alp Gəray (krımtat. Alp Geray)(bilinmir – ən tezi 1598, Konstantinopol, Osmanlı imperiyası) — Krım xanı I Dövlət Gərayın oğlu, Krım kalqayı.[1][2]
Alp Gəray | |
---|---|
1578 – aprel 1584 | |
Əvvəlki | Səadət Gəray |
Sonrakı | Səfa Gəray |
may 1584 – 1588 | |
Əvvəlki | Səfa Gəray |
Sonrakı | Fateh Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | ən tezi 1598 |
Vəfat yeri | |
Atası | I Dövlət Gəray |
Ailəsi | Gəraylar |
Doğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının səltənətində böyük qardaşları kalqay Mehmed Gəray və Adil Gərayla birlikdə Moskva knyazlığı və Lehistan üzərinə tərtiblənən səfərlərdə iştirak etdi. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və digər qardaşı Adil Gəray kalqay elan olundu. Ancaq Adil Gəray 1578-ci ildə Mollahəsənli döyüşündə Səfəvilərə əsir düşdü və Qəzvində adının qarışdığı eşq skandalı səbəbilə ertəsi il qətlə yetirildi.
Adil Gərayın əsir düşməsinin ardından kalqay ünvanı ənənələrə görə Alp Gəraya verilməli idi. Ancaq II Mehmed Gəray ənənəyə zidd olaraq böyük oğlu Səadət Gərayı kalqay elan etdi və bununla da, səltənətin qardaşdan qardaşa deyil, atadan oğula keçməsini leqallaşdırmaq niyyətində idi. Ancaq bu təyinat yerli əyanlar arasında ixtilafa səbəb oldu. Bir çox tatar əsilzadəsi Alp Gərayın ətrafında toplanaraq xana etiraz etdilər. Nəticədə bir neçə ay sonra II Mehmed Gəray qardaşı Alp Gərayı kalqay elan etməyə məcbur oldu. Böyük oğlu Səadət Gəraya isə, Krım tarixində ilk dəfə olaraq taxtın ikinci varisi kimi nurəddin ünvanı verildi. Kalqay elan edilməsinə baxmayaraq bu hadisə iki qardaş arasındakı münasibətləri zədələdi.
1581-ci ildə II Mehmed Gəray Səfəvilərlə davam edən müharibəyə göndəriləcək tatar birliklərinin başına qardaşı kalqay Alp Gərayı təyin etmək istəsə də, kalqay buna etiraz etdi. Kiçik qardaşı Səlamət Gərayla birlikdə iqamətgahı olan Ağməsciddən qaçan Alp Gəray noqaylara sığındı. Ancaq burada yetərli dəstək toplaya bilmədilər və xanı Osmanlı sultanı III Murada şikayət etmək üçün İstanbula yollandılar. Ancaq yolda ikən Zaporojye kazakları tərəfindən əsir alındılar və 1582-ci ilin baharında Stefan Batorinin vasitəçiliyi ilə azadlığa buraxılaraq İstanbula göndərildilər. II Mehmed Gəraydan edam olunmayacaqlarıyla bağlı yarlıq alındıqdan sonra hər iki qardaş Krıma geri göndərildi.
Ancaq Krım xanı II Mehmed Gərayla Sultan Murad arasındakı gərginlik, Krım tatarlarının Səfəvilərlə davam edən müharibədən boyun qaçırmasıyla daha da şiddətləndi. Nəticədə sədrəzəm Özdəmiroğlu Osman Paşa idarəsindəki piyada ordu və kaptan-ı dərya Qılınc Əli Paşa idarəsindəki donanma Krım xanını cəzalandırmaq məqsədilə istiqaməti dəyişərək Kəfəyə yola düşdülər. Bundan xəbər tutan kalqay Alp Gəray qardaşları Səlamət və Şaqay Mübarək Gərayla birlikdə Osmanlı ordugahına sığındılar. O əsnada İstanbulda girov tutulan İslam Gəray isə Sultan Murad tərəfindən yeni Krım xanı elan edildi və yeniçəri birlikləriylə Bağçasaraya göndərildi. Osmanlı sultanının fərmanını görən digər yerli əyanlar da onun tərəfinə keçdilər. taxtını itirən II Mehmed Gəray ailəsi və xidmətçiləriylə birlikdə Kubana sığınsa da, Alp Gərayın rəhbərlik etdiyi tatar birlikləri onu ələ keçirdi və sabiq xan boğularaq edam olundu.
Mükafat olaraq Alp Gərayın kalqay ünvanı saxlanıldı. Ancaq öldürülən xanın böyük oğlu Səadət Gəray ailəsiylə birlikdə paytaxt Bağçasaraydan qaçdı və bir müddət sonra güclü bir süvari birliyi ilə geri döndü. Alp Gəray tərəfindən müdafiə olunan Bağçasaray şəhərini ələ keçirən Səadət Gəray özünü xan elan etdi (aprel 1584). Qaçaraq xilas olan Alp Gəray və II İslam Gəray İstanbuldan göndərilən dəstək qüvvələrlə geri döndülər və Bağçasarayda hakimiyyəti ələ aldılar. Noqaylara sığınan Səadət Gəray və böyük oğlu Qumuq Gəray çox keçmədən Həştərxan yaxınlığında qətlə yetirildi. Beləliklə, Alp Gəray ikinci dəfə kalqay ünvanı qazandı.
1587-ci ilin yayında Alp Gəray qardaşı Səlamət Gərayla birlikdə Moskva knyazlığının cənub torpaqlarına hücum etdilər. İdarəsindəki 40 min nəfərlik orduyla Krapivna qalasını ələ keçirən Alp Gəray qalanı yandırdı. Ertəsi il qardaşı II İslam Gərayın vəfatı ilə taxta bu dəfə də digər qardaşı II Qazi Gəray çıxdı. Kalqay ünvanı əlindən alınan Alp Gəray dərhal İstanbula qaçdı və ölümünədək burada yaşadı.