Anabolik maddələr

Anabolik maddələrorqanizmdə zülal sintezini stimullaşdıran preparatlar. Anabolik maddələr quruluşuna görə kişi cinsiyyət hormonlarına yaxın olan androgen xassəli steroidlərə (klostebol, metandiyenon, metandriol, nandrolon) və nisbətən zəif anabolik təsirli qeyri-steroidlərə (orot turşusu, inozin, karnozin, mildronat, kreatin-fosfat, etaden, metilurasil, pentoksil) bölünür. Anabolik maddələr orqanizmdə azotu, kaliumu,kükürdü, fosforu saxlamaqla azot mübadiləsinə müsbət təsir göstərir, sidik cövhərinin böyrəklərlə xaric olmasını azaldır və kalsiumun sümüklərdə saxlanılmasını təmin edir. Onlar, həmçinin, iştahanı artırır, əzələ kütləsini çoxaldır, sümüklərin minerallaşmasını, dəriselikli qişa zədələnmələrinin epiteli ilə örtülməsini sürətləndirir. Anabolik maddələr kaxeksiya, artan əzələ distrofiyası zamanı, ağır cərrahi əməliyyatlardan, yanıqlardan, sınıqlardan sonrakı bərpa dövründə, sağalmayan yaralarda, osteoporozda, sümük iliyi qanyaranması çox zəiflədikdə, bəzi endokrin xəstəliklərdə istifadə olunur. Prostatsüd vəzilərinin xərçəngi, prostatit, kəskin hepatit, qara ciyər sirrozu zamanı, hamiləlik və əmizdirmə dövründə Anabolik maddələr əks göstərilir. İdmanda Anabolik maddələr klassik dopinq hesab olunur və istifadəsi qadağandır. 

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 462. ISBN 978-9952-441-02-4.