Cərrahiyyə (cərrahlıq) — tibbdə xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elmində mövcud xəstəliklərin əməliyyat yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi.
Bəzi dilçilər[1] "cərrah" sözünün ərəb dilindən gəldiyini və ərəbcə "cırma, yırtma, kəsmə" anlamına gəldiyini yazır. Ancaq "cır- / yar- / yırt-" kökü bütün türk dillərində də mövcuddur.[2]
Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V. İ. Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25–30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922–1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B. Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B. Finkelşteyn) birinci assistent azərbaycanlı M. Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir. Aparılan əməliyyatlar əsasən xroniki və kəskin kor bağırsağına və yırtıqlara görə olmuşdur. Mədə və öd yollarında icra edilən əməliyyatlar isə palliativ xarakter daşımışdır.
1930-cu ildə müstəqil Tibb İnstitutu və Bakı kliniki xəstəxanaların cərrahiyyə şöbələrinin yaradılması, onların cərrahiyyə kafedralarından kliniki bazalar kimi istifadə olunması bu sahənin inkişafına təkan verdi. Həmin dövrdə M. Mirqasımov və M. Topçubaşov artıq tibb elmləri doktorları idilər. İstər M. Mirqasımov, istərsə də M. Topçubaşov Azərbaycanda cərrahiyyənin inkişaf tarixində böyük xidmətləri olan alim-cərrahlardırlar.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və nevrologiya kafedralarının müdiri, akademik M. Cavadzadənin, ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri akademik B. Ağayevin, Moskva Stomatoloji İnstitutunun Travmatologiya kafedrasının müdiri professor A. İmaməliyevin cərrahiyyədə ilk praktik fəaliyyətə başlamaları da institutun qeyd olunan Hospital cərrahiyyə kafedrasında olmuşdur.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranır və onun ilk prezidenti professor Mirəsədulla Mirqasımov seçilir. M. Topçubaşov isə akademiyanın 16 həqiqi üzvündən biri olur. Azərbaycan Tibb İnstitutunun 2 professor-cərrahının respublika Elmlər Akademiyasına prezident və həqiqi üzv seçilmələri o dövrdə tibbin, habelə cərrahiyyənin yüksək səviyyədə olmasının göstəricisi idi.
1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı.[3]
Cərrahiyyənin 12 əsas istiqaməti var:
Tibb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |