Yapıncı

Yapıncı

Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə "həllac" (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var.

Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirirlərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı. Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər. Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi. Basma əməliyyatı başa çatandan sonra qəlibin saçaqları daranıb düzəldillərək nizamlanır və səliqəyə salınırdı. Qəlibin astar üzündən bayıra çıxan tüklərin ucu qayçı ilə qırxılıb hamar hala salınır, yaxud ütülüb mucullanırdı. Bütün bu əməliyyatlar başa çatandan sonra saçaqlı qəlibin kənar qanadlarını öz üzərinə qatlayıb çiyindən bitişdirir və yaxa yarığının ətrafına tumac, yaxud parçadan köbə tikilirdi. Yapıncını boğazın altında bağlamaq üçün köbənin hər iki ucu qaytanla tamamlanırdı. Yapıncı qəlibi basılıb hazır olandan sonra, adətən, qara rəngə boyanırdı. Hətta onun qəlibi qara rəngli yundan basılmış olsa belə, yenə də onu qara rəngaba salırdılar. Boyaqdan əvvəl yapıncı qəlibi suda yuyulub təmizlənirdi. Nadir halda əsilzadə varlı şəxslər sifarişlə ağ rəngli yapıncı basdırırdılar. Belə halda yapıncının qəlibi seçmə, xalis ağ yundan basılırdı.

Qədim dövrlərdən bəlli olan yapıncıya əvvəllər "kəpənək" də deyilirdi. Muğan bölgəsində yapıncının geyilmə tərzi nəzərə alınaraq o, "bürünmə" adlanırdı. Yapıncının qola geyilən növü Naxçıvan və Dərələyəzdə "xıllıx" adlanırdı.

Yapıncı tikişli və tikişsiz növlərə də ayrılır. Tikişsiz yapıncılar daha qiymətli hesab edilirdi. Ağ rəngli, saçaqlı və tikişsiz yapıncılardan əsasən yüksək zümrə istifadə edirdi. Saçaqsız, həmçinin tikişli yapıncılar elatlar, çobanlar, yoxsul əhali arasında geniş yayılmış və bu geyim növü "çoban yapıncısı" adlanmışdır. Başı yağmur və soyuqdan qorumaq məqsədilə çox zaman yapıncının arxasına yenə də keçədən hazırlanmış başlıq (külah) tikirdilər.

  • ASE, V cild, Bakı, 1981, səh. 68