Dübəndi (geyim)

Dübəndi — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur.

Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hisəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı.

Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus geyimi və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq, çust, başmaq, məst və s. kimi ayaq geyimlərini ciddi sürətdə sıxışdırıb məişətdən çıxarmağa nail olmuş, ayaq geyimlərinə keyfiyyət dəyişiklikəri əmələ gəlmişdir. Yüngüllüyü, yumşaqlığı, ucuz başa gəlməsi və təsərrüfat işlərində davamlılığı qaloşın indi də kənd əhalisi içərisində üstünlüyünü qoruyub saxlayır. Bununla yanaşı, əhali fabrik istehsalı ola gidər ayaqqabı növlərinə də məişətdə geniş yer ayırır.